“Məni pişiyim xilas elədi, özü öldü…”

yanan-binaBinəqədidəki yanğına görə təqsirləndirilən universitet müəllimi ittihamı qəbul etmir

Ağacavad Məmmədov: «Bu, respublikamıza qarşı xəyanətdi. Bunların hamısı düşünülmüş qaydada həyata keçirilib»

“Bu, respublikamıza qarşı xəyanətdi. Bunların hamısı düşünülmüş qaydada həyata keçirilib. Burada yanğınsöndürənlər də yalan danışdılar”. Bunu ötən il mayın 19-da Binəqədidə 16 mərtəbəli yaşayış binasında baş vermiş dəhşətli yanğına görə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılan Ağacavad Məmmədov ifadəsində deyib.

Bina üzlənərkən də yanğın olmuşdu…

Dünən bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda əvvəlcə dörd nəfər zərərçəkmiş dindirilib.

Bina sakini Elvira Manafova ifadəsində bildirib ki, yanğın zamanı evdə olub, özü də yatırmış: “Məni pişiyim xilas elədi, amma özü evdə qalıb öldü. Pişik məni oyatdı. Oyanandan sonra dəhlizdə yanıq iyi hiss elədim. Fikirləşdim ki, yəqin, qazın üstündə nə isə qalıb, yanır. Baxdım ki, bina yanır. Sonra huşumu itirmişəm. Qonşuların dediyinə görə, məni blokdan tapıb xəstəxanaya aparıblar”.

Elvira Manafova deyir ki, bina 2012-ci ildə üzlənərkən də yanğın olmuşdu: “Fəhlələr qaynaq işi apararkən üzlüklərin üstünə qığılcım düşmüşdü, ondan alışmışdı. Şəxsən mən özüm üzlük parçalarından birinin yana-yana yuxarıdan aşağı düşdüyünü gördüm. Ondan sonra şikayətlər oldu, təxminən bir il iş dayandı. Bu materialla üzlənmənin davam etməsinə sonra niyə yenidən icazə verdilər, bilmirəm”.

Yanğın zamanı tüstüdən zəhərlənmiş Fövqəladə Hallar Nazirliyinin xilasedicisi Ruslan Əliyev də zərərçəkmiş qismində dindirilib. O bildirib ki, 7-ci mərtəbədə bir qadın və uşaq qalmışdı, onları xilas edərkən özündə olan oksigen maskasını onlara verib. Nəticədə özü tüstüdən zəhərlənib.

Birinin şlanqı yox idi, birinin pilləkənləri…

Bina sakini Anar Abdullayev isə ifadəsində bildirib ki, hadisə zamanı ən operativ işləyən Təcili Tibbi Yardım olub: “Ən birinci onlar gəldilər. Mən yanğını görüb aşağı düşmüşdüm, hələ yanğınsöndürənlər gəlməmişdi. Aşağıdak dəfələrlə yanğınsöndürənlərə zəng elədik. Bir xeyli sonra gəldilər. Gələnlərin də birinin maşında şlanqı çatışmırdı, birinin yuxarı mərtəbələrə çıxmaq üçün pilləkənləri yox idi. Vertolyotdan suyu binaya tökməkdən, həyətdə bizim başımıza tökürdülər”.

Başqa bir zərərçəkmiş Orxan Sayilov da yanğınsöndürənlərin vaxtında müdaxilə etməməsindən gileylənib.

Sabiq məmur üçün məhkəməyə həkim çağırıldı

Məhkəmənin gedişində təqsirləndirilən şəxslərdən 2012-2013-cü illərdə Binəqədi rayon Icra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzovun vəziyyəti pisləşib və məhkəməyə təcili tibbi yardım çağrılıb. Ona tibbi yardım göstərildikdən sonra proses davam edib.

Ardınca məlum olub ki, zərərçəkmiş qismində tanınanlardan 88 nəfəri artıq dindirilib, qalıb 27 nəfər. Məhkəmədən onlara çağırış vərəqi göndərilməsinə, telefonla əlaqə saxlanılmasına baxmayaraq, iştiraklarını təmin etmək mümkün olmayıb. Məhkəmə prosesinə sədrlik edən hakim Əfqan Hacıyev bildirib ki, onların məhkəməyə gətirilib dindirilməsi üçün qanun çərçivəsində bütün addımlar atılacaq. Hakimin sözlərinə görə, bu adamlardan hansınınsa ölkə xaricində olduğunu müəyyənləşdirmək üçün Dövlət Sərhəd Xidmətinə də sorğu göndərilib.

Məhkəmə prosesin uzadılmasının qarşısını almaq üçün həmin zərərçəkmişlər gələnə qədər təqsirləndirilən şəxslərin dindirilməsi barədə qərar qəbul edib. Hərçənd, vəkillərin bir qismi bunun əleyhinə olub.

Lakin təqsirləndirilən şəxslərin çoxu hazırda ifadə verməyə hazır olmadıqlarını bildiriblər. Ancaq Ağacavad Məmmədov ifadə verməyə razılaşıb.

“Qurana and içirəm ki, mən onların heç üzünü görməmişəm”

Ağacavad Məmmədov ittiham aktında Dərnəgül Boru Zavodunun polimlərin kimyəvi, fiziki-mexaniki xassələrinin təyini laboratoriyasının rəhbəri kimi göstərilsə də, ifadəsində bildirib ki, əsas iş yeri Bakı Dövlət Universiteti olub: “Mən müəlliməm. Sadəcə, müqavilə əsasında zavodun laboratoriyasının məsləhətçisi olmuşam”.

A.Məmmədov ittihamı qəbul etmir: “Yazıblar ki, guya, mən bu adamlarla əlbir olmuşam. Qurana and içirəm ki, mən onların heç üzünü görməmişəm. Onların heç biri ilə əlaqəm olmayıb”.

Ittihama əsasən, A.Məmmədov yanan binaya vurulan üzlüklərin materialı ilə bağlı mütəxəssis rəyi verib, bu barədə protokolu imzalayıb. A.Məmmədov bunu inkar etməyib.

“Onu yoxlamaq üç gün vaxt ləbə eləyirdi. Nə lazımdısa, elədim, yoxladım. Yəni gerçəkdən sınaq yoxlaması aparılıb. Materialı yandırdım, məlum oldu ki, özü-özünü söndürən materialdır. Yəni çətin yanan material hesab olunur. Yoxlamanın nəticəsi olaraq, 2010-2011-ci illərdə iki sınaq protokoluna imza atmışam”, – deyə A.Məmmədov vəkillərin suallarını cavablandırarkən bildirib.

Avqustun 11-də keçiriləcək növbəti məhkəmə iclasında A.Məmmədov prokurorun suallarını cavablandıracaq. Həmçinin digər təqsirləndirilən şəxslər də dindiriləcək.

Xatırladaq ki, 15 nəfərin ölümüylə nəticələnmiş yanğına görə məhkəmə qarşısına 8 nəfər çıxarılıb – “Global Construction” və “Global Stone” şirkətlərinin təsisçisi Miryusif Mahmudov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, “Global Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, 2012-2013-cü illərdə Binəqədi rayon Icra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, Icra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal Istismar Sahəsinin rəisi olmuş Nizami Orucov, “Dərnəgül Boru” zavodunun polimlərin kimyəvi, fiziki-mexaniki xassələrin təyini laboratoriyasının rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov. Onlara qarşı CM-nin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələrilə ittiham irəli sürülüb.

Aytən Məmmədova