Elə başa belə daraq

elnuras-kitabteqdimElnur As

elnurastanbeyli@gmail.com

Bu yaxınlarda Hesablama Palatası “dövlət büdcəsindən 2013-2015-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.M. Abdullayev adına Fizika Institutuna ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş audit”in nəticələrini açıqlamışdı, məlum olmuşdu ki, ortada əməlli-başlı korrupsiya, yeyinti var. Təsəvvür edirsinizmi, ölkədə “elm məbədi” hesab olunan bir yerdə belə, talançılıq baş alıb gedir! Bu, yaptokratiyanın ölkəni hansı dəhşətli vəziyyətə saldığının görsənişidir. Bir ölkədə ki, hətta elm müəssisəsi, alim də yeyinti ilə, çalıb-çapmaqla məşğuldur, daha bundan qorxunc, faciəvi nə ola bilər!

Yadımdadır, hardasa dörd il əvvəl mən elə həmin o Fizika Institutunda 3,5 milyon manatlıq qrantın plagiat işə xərcləndiyi barədə yazmışdım, buna görə də xeyli zəhləmi tökmüşdülər, gah məhkəmə ilə hədələyib, gah şirin dilə tutub məqalədəki tutarlı faktları təkzib etməyimi istəyirdilər, heç biri alınmadıqda isə götürüb haqqımda sicilləmə bir yazı hazırlamışdılar, yazı ünvanıma təyinatsız, tutarsız, mücərrəd ittihamlarla dolu idi, əks-arqumentləri isə havadan asılı qalmışdı, sadəcə, gülüş doğururdu. Indi həmin institutda korrupsiya izləri barədə Hesablama Palatası adlı rəsmi qurumun audit hesabatı mənə qətiyyən təəccüblü gəlmədi, sadəcə, bu ölkədə elmin də total oğurluğun bir parçasına çevrilməsi adamın qəlbini ağrıdır, vicdanını sızladır. Hərçənd AMEA-nın elmlə bağının qalıb-qalmadığının özü də mübahisə mövzusudur, bir yerdə ki, oturub mələyin uçma sürətini hesablasınlar, hansısa ərəb müftisinin yerin fırlanmadığına dair çərənləməsinə dəstək versinlər, alimi hakimiyyətin xoşuna gəlməyən əsərinə görə işdən qovsunlar, orada talandan, yeyintidən başqa nə ola bilər axı!

Ümumiyyətlə isə bizdə artıq korrupsiyanın özü elm sahəsinə çevrilib, öyrənilməli xeyli dərin qatlara malikdir, xüsusi tədqiqatlara-filan ehtiyac duyur. Inanmırsınızsa, buyurun: yenə təzəlikcə mətbuatdan oxuduq ki, Əli Bayramov ad-soyadlı kəlbəcərli məcburi köçkün doğulduğu rayonun icra başçısı Aqil Məmmədovdan şikayətçidir, şikayətinin də məzmunu nə olsa yaxşıdır! Icra başçısı onun 150 min manatını mənimsəyibmiş! Təəccüblüdürmü? Əsla. Bizdə məmur elə “mənimsəyən” deməkdir. Yaxşı, bəs məcburi köçkün qardaş bu qədər pulu icra başçısına niyə veribmiş? Dediyinə görə, həmin pula Aqil Məmmədov onun oğlunu işə düzəldəcəkmiş!

Yuxarıda da yazdıq, bir daha təkrarlayaq: Azərbaycanda vəzifəsinin böyük-kiçik olmasından asılı olmayaraq, məmurun işi – hansı yolla olur olsun pul qapazlamaq, mənimsəməkdir. Bu öz yerində. Indi məcburi köçkün qardaş desin görək, o niyə 150 min manata oğlunu işə düzəldir? Bu qədər pulu verməkdə məqsədi nədir? Deyək ki, oğlu işə düzələydi, ən yaxşı halda nə qədər maaş alacaqdı? 500, 600, 700 manat? Olsun lap 1000-1500 manat! Bu qədər maaş üçün 150 min manatından niyə keçirsən ki? Deməli, məqsəd heç də maaşlı iş deyil, azərbaycanlıların adını “çax-çux” qoyduqları mənimsəmə, yeyintidir. Yəni sənin oğlun da o işə düzəlsəydi bir başqa formada “Aqil Məmmədov” olacaqdı, düzdü? Ta onda nədən, niyə narazısan ki?!

Oxşar örnəklərlə tez-tez rastlaşırıq. Hansısa məmurun qapısında süründürülməkdən, rüşvət verməkdən bezdiyini deyən adam bir də görürsən, gün gəlir, özü, övladı işə düzəlmək üçün ətək-ətək pul tökür. Hansı ki, o pulu maaşla geri qaytarmaq üçün bu məmləkətdə bir yox e, lap on insan ömrü də azdır. Deməli, məqsəd nə iş, nə maaş deyil, rüşvətdir, “çax-çux”dur, dürlü-dürlü yollarla qaz vurub qazan doldurmaqdır. Onda daha sizin dünənəcən acgözlüyündən, cibgirliyindən, rüşvətxorluğundan gileyləndiyiniz, tənə yağdırdığınız, lənət oxuduğunuz məmurdan, çinovnikdən hansı fərqiniz qalır? Belə çıxır, sizin narazılığınız heç də rüşvətdən deyil, sadəcə və sadəcə, o rüşvəti sizin yox, başqasının almasındandır!

Elə isə bundan sonra biz yapçılardan niyə umub küsək ki? Inciməyin, amma elə başa belə daraq doğrudan da müstəhaqdır.