Böyrək çatışmazlığı xəstəliyinə tutulmuş bir yaxın dostum vardı. Son günlərini, hələ də köhnə avadanlıqlarla işləyən şəraitsiz xəstəxanada keçirdi. Hər gün yanına gedirdim. Yüksək peşəkarlığına heç kimin şübhə etmədiyi həkimin mənə o zaman bir qədər qəribə gələn davranışını müşahidə etmişdim: həkim xəstəsi ilə ünsiyyətdən qaçmağa, xüsusilə ona dikilən ümid dolu baxışlardan yayınmağa çalışırdı. Onun bu hərəkəti etinasızlıq kimi görünmüşdü mənə…
Nardaran hadisələri ilə bağlı məhkəmənin hazırlıq iclasına qədər Zakirin anasını görməmişdim, cəmi bir dəfə telefonla danışmışdıq. İclasdan əvvəl mənə yaxınlaşıb “Zakirin anasıyam” deyib boynuma sarıldı. “Sənə qurban olum”u dəfələrlə təkrarlayıb əzizlədi məni. Başqa heç nə soruşmadı. Elə hey durmadan baxışlarını gözümə dikdi. Əslində ürək parçalayan o baxışlardan mənim cavab verə bilmədiyim (vermək istəmədiyim) saysız suallar tökülürdü…
O qadının hələ də gözlərimdə ilişib qalmış baxışlarını təsvir etməkdə acizəm. Sanki nəyisə soruşub cavabında yeganə ümid yerini itirməkdən qorxduğu sezilən Ananın gözləri hər gün, hər an məni izləməkdədir: yol gedirəm – o gözləri görürəm, kitab oxuyuram, yazı yazıram – o gözləri görürəm, yatıram – o gözləri görürəm…
Ana bütün varlığı ilə oğlunun günahsız olduğuna inanır. Nə olsun ki, ona qarşı iyirmi iki maddə ilə ittiham irəli sürülüb. Özü də bu maddələrin üçündə ən ağır cəza – ömürlük azadlıqdan məhrumetmə nəzərdə tutulub.
Ana inanır ki, bir gün bu iclaslar bitəcək, oğlunu elə məhkəmə zalındanca azadlığına qovuşduracaqlar. Ana sonsuz, bitib-tükənməyən ümidlə sonluğu – ədalətin təntənə gününü gözləyir və nigaran baxışlarında açıq-aşkar hiss olunan həsrətin mütləq tezliklə bitəcəyinin təsdiqini tapmaq üçün gözlərini ondan qaçırmaq istədiyim gözlərimdən ayırmamağa çalışır.
Və müdafiəçi kimi bütün səylərimə (səylərimizə) rəğmən, bu gözlənti məni öncədən bəlli sonluğun əzab verən pıçıltıları ilə aman bilmədən təqib etməkdədir.
Mən dostumu müalicə etməyə çalışan çarəsiz həkimi indi daha yaxşı anlayıram…