Rüfət Səfərov: “Bu iş göstərişlə tikilmiş torbadı” FOTO

Rüfət Səfərov (sağda)«Əgər mən rüşvətxor idimsə, Zakir Qaralov mənə niyə təşəkkür elan edirdi?!»

Ölkədə insan haqlarının pozulmasına, prokurorluqdakı qanunsuzluqlara etiraz olaraq ötən ilin dekabrında Zərdab rayon prokurorluğunun müstəntiqi vəzifəsindən istefa vermiş Rüfət Səfərovun işi üzrə məhkəmə istintaqı başlayıb. Bu işə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır.

Dünən keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib. Ittihama əsasən, Rüfət Səfərov müstəntiq işlədiyi zaman Zərdab rayonu, Əlibəyli kənd bələdiyyəsinin sədri Elçin Xəlilovdan 1000 manat, rayonun Elektrik Şəbəkəsinin məsul işçisi Ələmdar Abbasovdan 700 manat, Zərdabın Baytarlıq Idarəsinin əməkdaşı Mənsur Pənahovdan 500 manat, Mədəniyyət və Turizm şöbəsinin rəhbəri Eldəniz Abdullayevdən 3000 manat rüşvət almaqda təqsirləndirilir. Ittihama görə, rüşvət adları çəkilən şəxslər barəsində şikayətlərin bağlanması, cinayət işi başlanmasının rədd edilməsi məqsədilə alınıb.

Yaxşı ki, məni dövlət çevrilişində ittiham eləməyiblər…”

Bundan sonra Rüfət Səfərov ifadə verərək özünü təqsirli bilməyib və ona qarşı irəli sürülmüş ittihamın qondarma olduğunu bildirib: “Bu, ittiham aktı yox, torba aktıdı. Bütün bunlarda Baş prokuror Zakir Qaralovun birbaşa rolu var. Göstəriş verilib ki, torba hazırlansın, amma pis hazırlayıblar torba aktını. Zakir Qaralov şəxsən peşə fəaliyyətimə görə mənə fəxri təşəkkür elan eləyib. Əgər mən rüşvətxor idimsə, Baş prokuror mənə niyə təşəkkür edirdi?! Rüşvətxor deyiləmsə, niyə həbs eləyirlər? Görünür, rüşvət ala bilmirəm, ona görə

Yaxşı ki, məni dövlət çevrilişində, qanunsuz silahlı birləşmə yaratmaqda ittiham eləməyiblər. Hamıya məlumdur ki, bütün bunlar mənim qanunsuzluqlara etiraz etməyim, etiraz olaraq, bəyanat verib prokurorluqdan istefa verməyimlə bağlıdır”.

Bu yerdə hakim müdaxilə edərək bildirib ki, o, istefa verməyib, Baş prokurorun qərarı ilə vəzifəsindən uzaqlaşdırılıb. Rüfət Səfərov bu barədə deyilənlərlə razılaşmayıb. Bildirib ki, məhz onun istefa bəyanatından sonra Bakıdan Zərdab prokurorluğuna yoxlama göndərilib, onun vəzifədən çıxarılması barədə əmr imzalanıb və nəhayət, barəsində cinayət işi başlanıb. Rüfət Səfərov qeyd edib ki, ona rüşvət verdiyi iddia olunan adamlarla heç bir kənar münasibəti olmayıb: “Bu adamların bəzilərindən şikayət daxil olub, bir qismi ilə bağlı cinayət işi başlanıb. Qanuna uyğun şəkildə bildiriş göndərib çağırmışam, gəlməyəndə telefonla əlaqə saxlamışam”.

Bu adamla çörək kəsmişəm, başa düşürəm ki, onu məcbur eləyiblər”

Rüfət Səfərovun ifadəsindən sonra şahidlər dindirilib. Şahidlərin arasında keçmiş müstəntiqə rüşvət verdiyi iddia olunanlardan Elçin Xəlilov, Ələmdar Abbasov da olub.

Elçin Xəlilov ifadəsində deyib ki, pulu kağıza bükülü şəkildə aparıb Rüfət Səfərovun kabinetində stolun üstünə qoyub. Həmin vaxt Rüfət Səfərov kabinetində olmayıb.

Dindirilən şəxslərin istintaqdakı ifadələrilə məhkəmədə dedikləri arasında o qədər kəskin ziddiyyətlər olub ki, hətta hakim də bununla əlaqədar onlara irad bildirib.

Deyirsən ki, aparıb stolunun üstünə qoydum, özü yox idi. Bəs səni qapıdan kim buraxmışdı ki, sən özü olmadığı halda, kabinetə gedib girəsən?”, – deyə hakim Elçin Xəlilova irad tutub.

Keçmiş müstəntiqə rüşvət verdiyini iddia edən şəxslərdən Eldəniz Abdullayev isə məhkəməyə teleqram göndərərək, müalicə altında olduğunu göstərib. Məhkəmədə o da məlum olub ki, bu adam Rüfət Səfərovla üzləşməyə də gəlməyib.

Zərdab rayon prokurorunun köməkçisi Seyidəzim Ağayev də məhkəməyə teleqram göndərərək, gələ bilmədiyini göstərib. Rüfət Səfərov da onun gəlişinə ehtiyac olmadığını bildirib: “Bu adamla çörək kəsmişik. Başa düşürəm ki, məcbur qalıb. Bura gəlməyini istəmirəm…”

Rüşvət verənlər niyə cəzalandırılmır?

Rüfət Səfərov onun rüşvət alması barədə iddiaların tamamilə uydurma olduğunu, kimsədən pul almadığını vurğulayıb.

Dünənki məhkəmə iclasında Rüfət Səfərovun vəkili Bəhruz Bayramov vəsatət qaldıraraq, rüşvət verdiyi iddia olunan şəxslərin də cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəmənin xüsusi qərar çıxarmasını istəyib. Müdafiəçi vəsatətini belə əsaslandırıb ki, Azərbaycan qanunvericiliyinə görə, rüşvət vermə də cinayət əməli sayılır.

Vəsatət təmin olunmayıb.

Bəhruz Bayramov həmçinin rüşvət verdiyi iddia olunan şəxslərlə bağlı prokurorluqdakı işlərin aqibəti barədə sorğu ilə məlumat alınması üçün məhkəməyə müraciət edib. Bu vəsatət təmin olunub.

Məhkəmə 7 sentyabra qədər təxirə salınıb.

***

Xatırladaq ki, Rüfət Səfərov ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq, ötən il dekabrın 20-də Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verdiyi açıqlayıb. Bundan dərhal sonra Zərdab Rayon Prokurorluğunda yoxlama, onun yaşadığı kirayə mənzildə isə axtarış aparılıb, mənzildən onun kompüteri, telefonu götürülüb.

Yanvarın 15-də isə Rüfət Səfərova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülərək, həbs olunub. Bir həftə sonra – yanvarın 22-də isə Binəqədi Rayon Məhkəməsi keçmiş müstəntiq barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatəti təmin edib.

Keçmiş müstəntiq ona qarşı ittihamların uydurma olduğunu, siyasi baxışlarına, hökumətin ünvanına tənqidi fikirlərinə görə cəzalandırıldığını bildirir.

Qeyd edək ki, Rüfət Səfərov hakim YAP-dan keçmiş deputat, eləcə də Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğludur.

DSC00488

Aytən