Hökumətin qısır qayğısı

rio-2016Bayrağı qaldıranla, bayrağı qoruyan arasında ayrı-seçkilik

Bu ölkədə balans tamamilə pozulub. Ölkə ziddiyyətlər, ədalətsizliklər, riyakarlıqlar yuvasına çevrilib. Məntiq, qanunauyğunluq tamam itib. Və bütün bu uyğunsuzluqlar, qarmaqarışıq mənəzərə hökumətin ölkəyə verdiyi “töhfə”dir.

Uzun illərdi hökumət idmana qayğıdan danışır və ölkəyə medal gətirənlərə yüksək mükafatlar verilir. Əlbəttə, idmana qayğı lazımdır, idmançıya stimul lazımdır, qalibi qiymətləndirmək gərəkdir. Amma insanı heyrətə salan budur ki, bu ölkədə olimpiya çempionuna 400 min manat mükafat verilir, amma müharibə veteranı, Qarabağ qazisi, şəhid ailəsi cüzi müavinətə möhtac qoyulub. Həmin idmançını yetişdirən müəllim 150-200 manatın ümidinə qalıb, elmi işçi 220 manat maaş alır, əlaçı tələbə 100 manat təqaüd alır və s. Niyə yalnız bayrağı qaldıranlar mükafatlandırlır? Bayrağı qoruyan şəhid ailəsi cüzi müavinət ala bilmək üçün niyə 4 ay sürünməlidir? Qarabağ qazisi niyə aclıq səbəbindən özünü yandırmalıdır?

Rusiya qızıl medal mükafatçısına 61 min, Ukrayna 137 min dollar verirsə, Azərbaycan hansı qüdrətinə arxalanıb 250 min dollar verir? Əgər belə pulumuz varsa, 20 ildir niyə 13500 şəhid ailəsinin 11000 manat sığorta pulu verilmir? Niyə 17000 tələbənin təhsil haqqına görə Universitetdən kənarlaşdırılmasına göz yumulur?

Qayğının bu qədər qısır olmasının səbəbi nədir? Müəllimdən, həkimdən, təqaüdçüdən, şəhid ailəsindən, elmi işçidən əsirgənən pul, qızıl medalçıya, Olimpiya çempionuna niyə həvəslə verilir?

Ən ağlabatan cavab budur ki, hökumət birbaşa öz uğuru kimi təqdim ediləcək, təbliğ olunacaq işə pul yatırmaqda maraqlıdır. Yəni hansısa təqüdçünün yüksək təqaüd alması  sabitləşəcək və bunu hamı normal qəbul edəcək. Şəhid ailəsi yüksək müavinət alacaq və hamı “belə də olmalıdır” qənaətində olacaq. Müəllim yüksək maaş alacaq və bu heç kimi təəccübləndirməyəcək. Amma çempiona hər dəfə mükafat təqdim ediləndə bunu “prezidentin uğurlu siyasəti” kimi təqdim edirlər. Həm də göstərirlər ki, bizim ölkədə qızıl medalçıya başqa ölkələrdən daha çox mükafat verilir. Yəni bu mükafatlandırmada məqsəd bayrağa sevgidən doğmur, şəxsi təbliğatın gücləndirilməsinə xidmət edir. Həm də təcrübə göstərir ki, çempionlar qısa müddətdən sonra hüquq mühafizə orqanlarına keçir və hökumətin əsgərinə çevrilir. Və bundan sonra uğurlar seriyasına son qoyulur.

Istənilən halda ikinci qrup əlilə 40 manat verib, ikinci yeri tutan idmançıya 100 min vermək ədalətsizlikdir. Bayrağı qaldıran idmançıya 250 min dollar verilirsə, bayrağ uğrunda şəhid olanların ailələri də eyni qayğıyla əhatə olunmalıdır.

Bir halda ki, çempionların mükafatlandırılmasında başqa ölkələri qabaqlamaq fikirindəsiz, o zaman digər sahələrdə də bu yarışı davam etdirin. Ən əsası isə pul varsa, niyə vətəndaşlar arasında ayrı-seçkilik edilməlidir? Yaxşı oxuyan şagird də, əla qiymətlər alan tələbə də, sanballı əsər yazan elmi işçi də yüksək səviyyədə qiymətləndirilsin.

Bu müqayisələr də göstərir ki, hökumətin səxavəti də, qayğısı da qeyri-səmim və qısırdı.

Akif