Mərkəzi Bank manatı xilas edə biləcəkmi?

samir-eliyev-iqtisadciEkspertlərə görə, uçot dərəcəsinin qaldırılması manatın məzənnəsinə təsir etməyəcək, bu, inflyasiyanı cilovlamağa xidmət edir

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 8-dən uçot dərəcəsinin 2,5 faiz bəndi artırılması barədə qərar qəbul edib.

Bu barədə AMB-nin açıqlamasında bildirilir:ÿ”Mərkəzi Bank öz mandatına uyğun olaraq ölkədə makroiqtisadi sabitliyin təmin olunmasına yönəldilmiş pul siyasətini davam etdirir. Bu ilin ötən dövründə Mərkəzi Bank elan etdiyi çevik məzənnə rejimini tətbiq etmiş və bu rejim milli valyutanın məzənnəsinin makroiqtisadi fundamentallar əsasında formalaşmasına şərait yaratmışdır. Milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq üçün Mərkəzi Bank pul siyasəti alətlərinin parametrlərinə, o sıradan faiz dəhlizinə zəruri korreksiyalar etmişdir. Pul kütləsinin nəzərdə tutulan artım templərinə nail olmaq üçün Mərkəzi Bank likvidliyin sterilizasiyası əməliyyatlarını aktivləşdirmiş, iyun ayından başlayaraq milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə depozit əməliyyatlarına başlamışdır”.

Bu il və ortamüddətli dövr üçün makroiqtisadi sabitlik üzrə hədəfləri, makroiqtisadi proqnozları, inflyasiya gözləntilərini, tədiyə balansı üzrə meyilləri, habelə maliyyə bazarındakı konyunkturu nəzərə alaraq AMB pul siyasəti alətlərinin kəmiyyət parametrlərini yenidən nəzərdən keçirib. AMB-nin ÿIdarə Heyəti 2016-cı ilÿ avqustun 8-dən likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı və yuxarı hədlərini dəyişməz saxlamaqla uçot dərəcəsini 9,5% səviyyəsinə qaldırmaq barədə qərar qəbul edib.

“Uçot dərəcəsinin qaldırılması pul bazarında real faiz dərəcələrinin milli valyutada yığımları stimullaşdıran səviyyədə formalaşmasına təsir etmək və beləliklə də manata olan inamın artmasına şərait yaratmaq məqsədlərini daşıyır. Bu tədbir eləcə də Mərkəzi Bankın sterilizasiya əməliyyatlarının cəlbediciliyinin artırılmasına da imkan yaradacaq”,- deyə qurumun açıqlamasında qeyd olunub.

Bu addımın bir səbəbi də manatın məzənnəsinin dollara nisbətdə möhkəmləndirilməsidir. Bəs, bu addım xeyir gətirəcəkmi?

Iqtisadçı Samir Əliyevin fikrincə, hələ bir müddət əvvəl Mərkəzi Bankın uçot dərəcəsini 7.5-ə qaldıran zaman ekspertlər bildirmişdi ki, proses bununla bitməyəcək. Bu baxımdan uçot dərəcəsinin bundan sonra da qaldırılmasını istisna etməyən S.Əliyev vurğuladı ki, istisna deyil ki, növbəti addım 10 faizə qaldırılsın: “Bu addımın atılmasının səbəbi yüksək inflyasiyadır. Rəsmi göstəricilər bu dərəcənin 10 faizdən çox olduğunu deyir. Amma qeyri-rəsmi göstəricilər bu rəqəmin daha yüksək olduğunu deməyə əsas verir. Ölkədə inflyasiya mövcuddur. Bunun qarşısını almağın yollarından biri Mərkəzi Bankın pul kütləsinin həcmini məhdudlaşdırmasıdırsa, digəri uçot dərəcələrinin qaldırılmasıdır. Uçot dərəcələrinin qaldırılması kreditləşdirməni də muhdudlaşdırır. Uoçt dərəcəsinin qaldırılması kreditləşməni çətinləşdirsə də, inflyasiyanın qarşısını alır”.

Manatın ucuzlaşmasının səbəbinin heç də uçot dərəcəsi ilə bağlı olmadığını deyən ekspert bildirdi ki, manatın ucuzlaşmasının səbəbi dollara tələbatın yüksək olmasıdır. S.Əliyevin sözlərinə görə, manatın ucuzlaşmasının səbəbi ölkəyə gələn valyutanın ölkədən çıxan valyutadan az olmasıdır: “Dollara olan tələbat artıb. Bu baxımdan uçot dərəcəsinin qaldırılması manatın məzənnəsinə təsir etməyəcək. Bu daha çox inflyasiyanı cilovlamağa xidmət edir”.

Xəyal