Bir daha Azərbaycanın gələcəkdəki yerinə dair

elnuras-kitabteqdimElnur As

elnurastanbeyli@gmail.com

Bu günlərdə facebook sosial şəbəkəsindəki səhifələrin birində “Kimi ölkə başçısı görmək istəyirsiniz” adlı sorğuya rastladım, cavablara göz atınca bir-biri ilə məzmun etibarilə xeyli yaxın olan rəylərə rastladım, açığı, əməlli-başlı dilxor oldum. Söhbət o rəylərdən gedirdi ki, sırf dini kimliklə yazılmışdı, bəzilərində ən kəskin tonla, üslubla Azərbaycanda şəriət idarəçiliyinin qurulması arzulanır, hətta yeni ölkə başçısının xalqın yox, Allahın seçimi (!) ilə müəyyənləşməsi təmənna edilirdi.

Azərbaycanın türk və müsəlman coğrafiyasındakı digər xalqlarla müqayisədə ən böyük qazanclarından biri dünyəvilikdir. Mirzə Fətəli Axundzadədən başlayan, Zərdabilərlə, Haqverdiyevlərlə, Üzeyir bəylərlə, Ömər Faiqlərlə, Sabirlər, Mirzə Cəlillər, Nərimanovlar, Rəsulzadələrlə davam edən aydınlanma hərəkatı Azərbaycanın üzünü modern, çağdaş dünyaya tutmalı olduğu gerçəyini anlatmaqdadır. Məhz bu bizi istər ötən yüzildə, istərsə də indi yeni bir Əfqanıstan, yeni bir Iran olmaqdan qoruyur. Düzdür, ölkədə basqıçı, repressiv bir siyasi rejim var və o bizim hüquqlarımızı, azadlıqlarımızı ən azı digər türk-müsəlman ölkələrindəki şəriət rejimləri kimi təhdid edir. Amma buna rəğmən toplumumuzda irticaya qarşı müqavimət, dirəniş ruhu qalmaqdadır, tərəqqipərvər bəşəriyyətin bir parçası olmaq ümidlərimiz hələ də sağdır. Əminəm ki, şəriət rejimində biz həmin ruhu, həmin ümidləri daha böyük ölçüdə itirər, basqıya daha tez təslim olardıq.

Qardaşlar, yoldaşlar, sirdaşlar, qəlbidaşlar! Gözümüzün önündə Türkiyənin bugünkü halı durur. Türkiyənin nümunəsində dini dövlət, siyasət işlərinə bulaşdırmağın, insanların inancını hakimiyyət ehtiraslarına alət etməyin hansı acı fəsadlara yol açdığı aşkardır. Bir zamanlarkı Fətullah Gülən-Ərdoğan ittifaqının maraqlar qapışmasına çevrilməsi ilə Atatürkün layiq (dünyəvi) Cümhuriyyətinin hansı təhlükələrlə baş-başa qaldığını hər birimiz görürük.

Və elə bu örnəyin özü yetərlidir ki, Azərbaycanın gələcək siyasi kimliyinə dini hisslərlə, duyğularla qərar verməkdən əl çəkək.

Ya da dinin hakimiyyətlə, dövlət işləri ilə iç-içə olduğu digər müsəlman ölkələrinin durumuna baxın. Orada talandan, qandan, göz yaşından, səfalətdən, cəhalətdən, terrordan başqa nə görürsünüz? Şəriət idarəçiliyinin hökm sürdüyü hansı müsəlman ölkəsini göstərə bilərsiniz ki, orada insan hüquq və azadlıqları işləyir? Dövlətin şəriət qanunları ilə idarə edildiyi elə bir müsəlman ölkəsi varmı ki, orada ədalət, sosial bərabərlik hökm sürsün, insanlar ən təbii haqlarını tələb etdiklərinə görə ən ağır formada cəzalandırılmasın?

Ya da dinlə, kilsə ilə bağlarını 400-500 il öncədən qoparmağa çalışan və bunu bacaran Avropa ölkələrinin vəziyyətinə baxın. Oradakı rifah, hüzur, hüquq və azadlıqların miqyası sizə heç nə demirmi? Bu bir daha onu təsdiqləmirmi ki, hər kəsin inancı onun şəxsi, intim məsələsidir? Və bu bir daha onun isbatı deyilmi ki, istənilən dini inancı dövlət işlərinə daşımaq, dini hissləri hakimiyyət maraqları naminə sömürmək, istismar etmək, bədbəxtlikdən, faciələrdən başqa heç nə vəd etmir.

Bir də heç vaxt unudulmamalıdır ki, istənilən kimliyin – dini, etnik, siyasi və s! – yeganə qarantı dünyəvi dövlətdir. Modern hüquqa dayanan, demokratik, çağdaş, özgürlükçü idarəetmədir. Yalnız müasir hüquqi-demokratik dövlət anlayışı hər kəsin və hər kəsimin can və mal güvənliyi ilə bərabər onun milli, dini, ideoloji hisslərinin qarantı ola bilər.

Biz Azərbaycanı yaxın-uzaq gələcəkdə indiki siyasi irticasız təsəvvür edərkən, o demək deyil ki, bu gözəlim məmləkəti başqa anti-demokratik, çağdışı meyllərə təslim etməyi göz önünə ala bilərik.

Azərbaycanın gələcəyini modern hüquqdan, bəşəri dəyərlərdən, ali ideallardan, dünyəvilikdən, çağdaşlıqdan, azad, gəlişmiş dünyanın bir parçası olmaqdan kənarda təsəvvür etmək ona ən azı indiki rejim qədər pislik etməkdir!