b-sadiqov

Bəxtiyar müəllim, niyə təkzib vermirsiz?

b-sadiqovÖzünüzə qarşı bir məhkəmə qərarına dözə bilmirsiz, başqalarına qarşı minlərlə haqsız qərarlara niyə susursuz?

Deputat Bəxtiyar Sadıqovun rəhbərlik etdiyi “Azərbaycan” qəzeti hər dəfə imkan düşəndə “Azadlıq”a daş atmağa çalışır. Hər dəfə bizi Azərbaycandakı inkişafı, hüququn aliliyini, xalqın xoşbəxtliyini görməməkdə ittiham edirlər. Yazırlar ki, “Azadlıq” qəzeti hər şeyi qara rəngdə görür, uğurlara sevinmir.

Ötən gün isə təsadüfən “Azərbaycan” qəzetində bir yazıya gözümüz sataşdı. Məqalədə “Azərbaycan” qəzetinə qarşı ədalətsiz məhkəmə qərarından söhbət açılır və bunun dövlətin imicinə xələ gətirdiyi bildirilir: “Nə qədər bir-birinə zidd qərarlar çıxarmaq olar?  Indi adamlar qarğış edərkən ”görüm işiniz məhkəmlərə düşsün” deyirlər. Siz hakimlər iclas zalına daxil olanda hamı ayağa qalxır. Bu sizin şəxsiyyətinizə yox, təmsil etdiyiniz dövlətə, onun adından çıxardığınız hökmlərə, qanunlara olan ehtiramdır. O ki, qaldı Binəqədi Rayon Məhkəməsinin hakimi Ş. Məhərrəmovanın səhvini “Azərbaycan” qəzeti vasitəsilə düzəltmək istəyinə, rəsmi dövlət qəzeti olaraq bizim buna nə vaxtımız var, nə də həvəsimiz” – deyə məqalədə yazılır.

Bəli, bu sətirlər “Azərbaycan” qəzetində yazılıb və Binəqədi Rayon Məhkəməsinin qərarına üsyandır. Yox, məhkəmə “Azərbaycan” qəzetini cərimələməyib, heç töhmət də verməyib. Sadəcə olaraq iki şou-biznes nümayəndəsi arasında qalmaqal olub, bu qalmaqalda tərəflərdən biri təhqir edilib və məhkəmə uduzan tərəfin “Azərbaycan” qəzetində üzrxahlıqla təkzib verməsi qərarı çıxarıb. Bəli, “Azərbaycan” qəzeti də təkzibin məhz bu qəzetdə getməsinə etiraz edir və qərarı icra etməyəcəyini bildirir.

Bir daha təkrar edirik ki, məhkəmə qərarında “Azərbaycan” qəzetinə qarşı hər hansı cərimə, təzyiq, töhmət nəzərdə tutulmayıb. Bütün etirazlar üzrxahlıq təkzibinin “Azərbaycan” qəzetində çap edilməsiylə bağlıdır.

Belə məqamda, yazmaya bilmirsən. Ay Bəxtiyar müəllim, bir məhkəmə qərarına dözə bilmirsən, bəs bu qədər ədalətsiz məhkəmə qərarlarına niyə haqq qazandırırsan? Bugünə qədər yüzlərlə ictimai-siyasi fəalı şərləyərək həbs ediblər, bugünə qədər onlarla hüquq müdafiəçisi şərlənərək cərimə edilib, bugünə qədər yüzlərlə sahibkar qanunsuz ödənişlərə, vergi cərimələrinə məruz qalıb. “Nardaran işi” məhkəməsində insanlara necə işgəncə verildiyi, nə qədər qeyri-insani proseslərin baş verədiyi üzə çıxdı. Bəxtiyar müəllim, niyə bu Allahsızlığa da etiraz etmirsiz. Devalvasiyadan sonra minlərlə vətəndaşın əmənəti dəyər itirdi, dollarla krediti olanlara güzəşt edilmədi, niyə bu ədalətsizliyə səsiniz çıxmadı. Bugünə qədər onlarla deputatın saxta mandat alması Avropa Məhkəməsi tərəfindən sübuta yetirilib, niyə haqqı tapdananı müdafiə etməmisiz? Məhkəmənin bir təkzib qərarına dözə bilmirsiz, bəs minlərlə insanın təhqir edilməsinə necə dözürsüz?

Onsuz da səfalət içində yaşayan vətəndaşı işığın, suyun, çörəyin, ətin, məktəbli formasının qiymətini qaldırmaqla sınağa çəkmək ədalətlidirimi? 2.5 milyon vətəndaşı yüksək faizlərlə yükləmək hansı insanlığa sığır? Vətəndaşa 68 dollar əməkhaqqı verilməsinə, 13500 şəhid ailəsinin sığorta pulunu ala bilməməsinə, 17000 tələbənin yüksək təhsil haqqını ödəyə bilməməməsi üçün təhsilini yarımçıq qoymasına niyə susursuz?

Milyonlarla vətəndaşa qarşı tətbiq edilən ədalətsizliyin yanında “Azərbaycan” qəzetinə qarşı çıxarılmış məhkəmə qərarı mükafata bənzəyir. Bir çırtmaya dözə bilmirsiz, biz isə illərdi şillə-təpiyə dözürük.

Bəxtiyar, müəllim sizin deputat həmkarınız “Azadlıq” qəzetinin 70000 manatını mənimsəyib, “Azadlıq” qəzeti iki ədalətsiz məhkəmə hökmünə görə 60000 min manat cərimələnib.  Bizim üzləşdiyimiz ədalətsizliyin müqayisədə, sizə qarşı çıxarılan qərar ədalətin təntənəsidir.

Bir halda ki, hakimin çıxardığı hökmün dövlətin adı ilə bağlı olduğun bilirsiz, bəs niyə uzun illərdi dövlətin adını sifarişli hökmlərlə ləkələnməsinə etiraz etmirsiz?

Amma “Azərbaycan” qəzeti də etiraf etdi ki, Azərbaycan məhkəmələri ədalətsizlik yuvasına çevrilib, insanlar bir-birinə məhkəmə qarğışı edirlər. Biz də illərdi bunu yazırıq. Bir ölkədə ki, ədalətli, müstəqil məhkəmə sistemi yoxdursa, o ölkədə heç nə yoxdur. “Azərbaycan” qəzeti onsuz da səhifələrini mənasız yazılarla doldurur, bir təkziblə heç nə itirməz. “Azadlıq” qəzetinin isə əməkdaşı şərlənərək həbs edilib, qəzetin yayımına hər yerdə əngəl yaradılır, əməkdaşlar aylarla maaş ala bilmir.

Ən əsası isə 9 milyon vətəndaşın neft pullarından gələn payı oğurlanıb. Bütün bunları “inkişaf”, “uğur” kimi qiymətləndirən, şərlənib həbs edilənləri “cinayətkar” kimi təqdim edən “Azərbaycan” qəzeti, indi ədalətdən dəm vurur. Başqalarına biz yeridiləndə susanlar, özlərinə iynə ucu toxunanda “ədalət carçısı” olurlar.

Əsəbləşməyin Bəxtiyar müəllim, Azərbaycan reallığında ən ədalətli məhkəmə qərarı sizin qəzetiniz haqqında çıxarılıb. Biz məhkəmələrə etiraz edəndə adımızı “ermənipərəst” qoyursuz, amma özünüz məhkəmə qərarının icrasından imtina edirsiz.

Birdə ki, “Azərbaycan” qəzetinin təkzib verməli olduğu məqamlar çoxdur və bununla bağlı heç bir məhkəmə qərarı yoxdur. Ona görə də israr etməyin, şou-biznes təkzibini verin.

Akif