Yunanıstanın Tiprası var, Azərbaycanın kimi var?

xaliq-bahadirXaliq Bahadır

xanbahadir@mail.ru

Yunanıstanın gənc lideri Tipras xalqını dəyərləndirmə, dövlətini sosiallaşdırma yönünda önəmli addımlar atdı. “Mənim xalqımın pulu mənim xalqımın cibində qalmalıdır”, deyə, o, bütün liman, avtomobil yolu, körpü işlərini gəlmələrdən geri aldı. Təhsil, Sağlamlıq sistemlərini pulsuz etdi. Pensiya yaşını qadınlar üçün 42-yə, kişilər üçün 52-yə endirdi. Öyrəncilərin yol, yemək pulunu dövlətin üzərinə qoydu. Deputatların maşınlarını satdı, qorumalarını götürdü. Dövlət adına bütün yüksək yaşayış, keçinəcək ayırmalarını yasaqladı. Tipras özü atasının evində yaşayır.

Tipras ateistdir. Kimlərsə onu allahslz saya bilər, ancaq allahsızlıq bu deyil, allahsızlıq dədə-bala Əliyevlər dönəmində Azərbaycanda baş verənlərdir. Tipras hakimiyətini qoruyub saxlamaq üçün nə lütlənib Məkkədə poz verir, nə də xalqını soyub-yağmalama yoluyla, yenə hakimiyətini qoruyub saxlamaq üçün, Vatikana milyardlar ötürür. Hələ bu harasıdı: Tipras hakimiyətini qoruyub saxlamaq üçün AŞ PA-ya, Avropa Birliyinə, Vaşinqtona oğurluq pullar da (milyonlar, milyardlarla) ötürmür. Tipras xalqını soyub-yağmalamaqla yesir gününə qoymur, tərsinə, Avropa Birliyindən milyonlar, milyardlarla yardımlar alaraq xalqını dirçəltməyə, yüksəltməyə çalışır. Elə buna görə də…

Hə, elə buna görə də nefti, qazı Azərbaycandan alan Yunanıstanda minimum əmək ödüncü 759 dollar, doğal resurslar baxımından dünyanın ən varlı ölkələrindən olan Azərbaycanda… 68 dollardır. Baxın, tutuşdurun, görün Əliyevlər Azərbaycanı, Azərbaycan xalqını necə alçaldırlar, indiki alçaldıcı referendum-seçki qərarı ilə bu xalqı necə aşağılayırlar! Heç nəyi olmayan, AzTV-lərin həyasızcasına yalanlarına görə yoxsulluqdan “batıb gedən” qonşu ermənilərdə minimum əmək ödüncü 115 dollardır. Görün oğru, soyğunçu Əliyevlər bu ölkəni, bu xalqı nə günə qoydular! Gerçəkdə batıb gedən ermənilər deyil, bizik – xalq olaraq bizim arxa dayağımız yoxdur, ancaq ermənilərin fars Iranı, Rusiya, ən başlıcası, Əliyevlər kimi arxa-dayağı var!

Qarabağa yiyələnmək uğrunda minlərlə azərbaycanlının qanını tökmüş, Xocalı qırğınını törətmiş Sərkisyan bu gün “Canımı verərəm, Qarabağı vermərəm” deyir. Azərbaycan prezidenti adını daşıyan Ilham Əliyev Qarabağın biryolluq itirilməsi üçün qabaqca ordunu qırğına verir, sonra Putinin qarşısında Qarabağı UNUTMAQ öhdəliyi götürür. Sözsüz, Putin də ona borclu qalmayacaq: indiyədək bütün seçkilərdə etdiyi kimi, qarşıdan gələn referendumda, seçkidə hansı yolla olur olsun Ilham Əliyevin uduşuna çalışacaq. Bu ölkədə baş verənlər – referendum, seçki öncəsi ardıcıl qiymət artımları – Rusiya başda olmaqla, I.Əliyevin bir sıra antiAzərbaycan güclərinə bel bağlamasının, arxayın olmasının görsənişidir. Əliyevlərin nə etmələrindən, necə etmələrindən, hansı dünya güclərinə bel bağlamalarından asılı olmayaraq, bilməliyik: bu ölkə bu gün onu yeyib-dağıdanların, çeynəyib-tüpürənlərin, yaxın-uzaq güclərə satanların deyil, bizimdir, biz bir xalq olaraq tərpənsək, birləşsək, qalxınsaq, yenən biz, yenilən bu ölkəni illərdən bəri qarğa-quzğun kimi tökülüşüb yeyənlər olacaq!

Rumıniya Avropanın yoxsul ölkələrindəndir (Orada minimum əmək haqqı 260 dollardır). Bu ölkənin Sovetlərin əlilə ayrılmış bir parçası olan Moldovadan hər il Rumıniyaya 10 min (on min!) gənc gətirilib pulsuz oxudulur. Əliyev rejimi fars basqısından qaçıb bizə sığınanlara yağıcasına yanaşır, oxuyanlarını soyur. Orta aylıq əmək ödüncü 310 dollar olduğu Azərbaycanda (“batıb gedən” “Ermənistan”da orta aylıq əmək ödüncü 386 dollardır) oxuma pulu 6-7 min manat olmaqla universitetlər ayrıca soyğunçuluq obyektinə çevrilib. Bu, IŞĞALÇI rejim yoluyla eləcə xalqı soymaq deyil, xalqın qanını içməkdir. Bir belə resursla təhsil sistemi pullu, sağlamlıq sistemi pullu, üstəlik, ölkə dotasiyada. Bu biri yandan da monarxiya referendumu…