Türkiyənin Azərbaycandan anti-Gülən gözləntisi

erdoğan-aliyev-mainBakı Ankaranın əməliyyatlarına dəstək verəcəkmi?

“Gülən əməliyyatı” çərçivəsində nəzarət altına alınan “Petkim”in keçmiş baş direktoru Sadettin Korkutun vəzifədən alınmadan öncə şirkətin məlumat əməliyyat sistemini birbaşa olaraq özünə bağladığı ortaya çıxıb. Bu şəkildə məlumatların “Gülən camaat”ına ötürüldüyü iddia edilir.

Qeyd edək ki, Sadettin Korkut bu əməliyyatı əlaqəli baş direktorun köməkçisindən alaraq, vəzifədən getməmişdən bir iki gün əvvəl özünə bağladığı məlum olub. “Petkim”də keçirilən ikinci əməliyyatda haqqında nəzarətə alma qərarı verilən 31 nəfərin daha 4-ü Istanbul, Manisa və Aliağada tutulub. Beləliklə, haqqında nəzarət altına alma qərarı verilən 31 nəfərin 23 nəfəri həbs edilib. Əməliyyat zamanı xeyli sənədlər götürülüb və məlum olub ki, “Petkim”dən iş alan bəzi köməkçi şirkətlər özlərinə məxsus komputer və sənədləri aradan çıxarıblar. Bu şirkətlərin kimliyinin aydınlaşdırılması istiqamətində də əməliyyat davam edir.

Bu arada Azərbaycanda hakimiyyətin nəzarətində olan bəzi media orqanlarında Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin Türkiyədə keçirdiyi görüşlərdə “Petkim”lə bağlı məsələlərin müzakirə olunmadığı barədə iddialar yer alıb. Qeyd edək ki, Rövnəq Abdullayev Türkiyə səfərində bu ölkənin prezidenti Rəcəb Tayyip Ərdoğanla enerji və təbii sərvətlər naziri Berat Albayrakla görüşüb. SOCAR-ın yaydığı məlumatda bildirilirdi ki, Berat Albayrakla görüşdə “Petkim”lə bağlı məsələ də müzakirə olunub.

Hakimiyyətin nəzarətində olan media orqanlarının iddialarına rəğmən Rövnəq Abdullayevlə Ərdoğanın görüşündə də bu məsələnin müzakirə olunduğu ehtimal edilir. Hər halda Türkiyədə “Gülən əməliyyatı” çərçivəsində iki dəfə “SOCAR Türkiyə”də əməliyyat keçirilib. Bundan başqa Türkiyə mətbuatı SOCAR-ın Gülənlə əlaqələrinə dair materiallar yayır. Bu proses indi də davam edir. Bu halda Abdullayev-Ərdoğan görüşündə bu məsələnin diqqətdən kənarda saxlanılması inandırıcı görünmür.

Türkiyə hüquq-mühafizə orqanlarının Azərbaycanda birgə əməliyyat keçirmək istədiyi barədə məlumatların da ardı-arası kəsilmir. Qeyd edək ki, rəsmi Ankara Gülənə qarşı mübarizədə Azərbaycana da ciddi önəm verir. Bunu Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun da yerli mətbuata açıqlamalarında bildirib. Digər tərəfdən təsadüfi deyil ki, Ərdoğan avqustun 7-də Istanbulda keçirilməsi planlaşdırılan mitinqdə Azərbaycanın da bayrağının dalğalanmasını istəyib.

Türkiyə prezidenti iş adamları ilə görüşündə bildirib: “Tədbirə bütün partiyalar qatıla bilər, yəni siyasi təşkilatlar arasında ayrı-seçkilik olmayacaq. Mən milli birliyimizin göstəricisi olması üçün mesajlarımızı birlikdə verməyimizi istədim. Eyni zamanda, demokratiya və şəhidlər mitinqi olduğundan aksiyaya Türkiyə bayrağından başqa bir bayraq gətirilməməsini istədim. Yəni tədbirdə bayrağımızdan kənar partiya, həmkarlar təşkilatları və s. heç bir bayrağın olmasını istəmirik. Ancaq Şimali Kipr Türk Respublikası və Azərbaycan bayrağı dalğalana bilər”.

Azərğaycanın Türkiyənin “Gülən əməliyyatı”na dəstək verib-verməyəcəyi isə bəlli deyil.