Səsin tezliyi

yalcin3Yalçın İmanov

Mən adamlara əsasən səsindən inanıram. Bilmirəm, belə bir şey sizin də başınıza gəlib ya yox, hərdən həyatda heç vaxt üzünü görmədiyin kimləsə ilk dəfə telefonda danışırsan, dəstəyin obaşından gələn səsin amplitudası xəyalında dərhal həmin adamın ümumi xarakter cizgilərini formalaşdırır. Sonradan küçədə-bacada üz-üzə gəlib, kəlmə kəsəndə çaş-baş qalırsan: bu, nə mistik təsadüfdür? Səs ki xarakteri əməlli-başlı ələ verib. Söz yox ki, bu qaydadan istisnalar da olur. Amma kim deyir ki, istisnalar qaydanı inkar etmək üçündür?

…“Nardaran işi”ndə təqsirləndirilən şəxslər ifadələr verirlər. Məqam gəlib ağlagəlməz işgəncə vakxanaliyalarına çatanda, sifətlər qəflətən gərginləşir, üz əzələləri dartılır, səsin xarakteri dəyişir, aritmik səs Bakı Ağır Cinayətlər Məhkəməsinin sınıq-salxaq məhkəmə zallarının onsuz da pis olan akustikasında divarlara dəyib parçalanır.

…Adamın danışa-danışa öz səsini eşitməsi, səsin ritmini hiss eləməsi qəribə bir şeydi. İlk əvvəl səsdəki həyacan adamı heyrətləndirir, sonra bu həyacan yerini təəccübə verir, daha sonra düşüncə meditasiyası – doğrudanmı, bu danışan mənəm, əgər bu mənəmsə, bəs səsim niyə belə çıxır? Özü özünü üçüncü bir şəxs kimi acgöz bir müşahidə.

…“Bandotdel”də Kərim (Nardaran məhbsularına işgəncə verən şəxslərin içində adı ən çox hallanan soyadı pünhan şəxs) deyirdi ki, mən burda lalları danışdırmışam. O ki qala sən olasan” – məhbuslardan biri belə deyir və simasındakı ani duruxmadan hiss olunur ki, səsindəki təşviş özünü də təəccübləndirib.

…İndi bir anlıq, əllərinizlə üzünüzü qapayıb, gözlərinizi yumun və bütün xəyal gücünüzü işə salın: Dövlətin (dövlətinmi?) şəri qarşısında qürurla, amma nəticəsi bəlli məhkəmənin sonluğundan yüngül bir intizarla dayanan çəlimsiz bir gənc. Və bu gəncin tutrək boğaz tellərindən az qala zorla çıxan azca qəhərli səs. Və bu səsin pritçası – səsin yüksəkliyi qəflətən kəskin dəyişir, səsin tarazlığı pozulur, olanların təkrar real yaşanmasından, ya güclü dərk olunmasından, ya nədən, Allah bilir, nitqin məhsuldarlığı itir, səsin tembri zəifləyir, səsdəki özünəinam və tarazlıq əriyib yoxa çıxır və…“möhtərəm hakim, kaş Allahın möcüzəsi olaydı, olanları sizə göstərə biləydik…”.

…Bax, bu titrək səs Azərbaycan tezliyidir!