Azərbaycan kapital axınına görə MDB-də üçüncü oldu
Samir Əliyev: «Kapital axınına səbəb iqtisadiyyatın getdikcə kiçilməsi, ölkədə sahibkarlıq üçün əlverişli mühitin olmamasıdır»
Azərbaycan 2015-ci il yekunlarına əsasən postsovet məkanında yer alan ölkələrin qarşılıqlı kapital ixracına görə, Rusiya və Qazaxıstandan sonra 2,1 mlrd. ABŞ dolları ilə 3-cü sırada yer alıb. Bu barədə “Kommersant” qəzeti Avrasiya Inkişaf Bankının Inteqrasiya araşdırmaları Mərkəzinin tədqiqatlarına istinadən məlumat yayıb.
Tədqiqatda bildirilir ki, Azərbaycanın kapital qoyuluşunda əsas ölkələr Gürcüstanÿ(88%) və Ukraynaÿ(8,4%) yer alıb. Azərbaycanın Gürcüstanda əsas kapital qoyuluşu nəqliyyat infrastrukturuna edilib. MDB ölkələri arasında qarşılıqlı kapital ixracına görə, ilk sırada yer alan Rusiya 2015-ci ilin yekunlarına əsasən 33,52 mlrd. dollar, Qazaxıstan isə 4,9 mlrd. dollar investisiya qoyub.
Sənəddə həmçinin qeyd olunub ki, MDB ölkələri ilə Gürcüstan arasında qarşılıqlı birbaşa investisiyaların həcmi 2015-ci ilin yekununda 2014-cü ilin yekunu ilə müqayisədə 2,2 mlrd. dollar və ya 4,9% azalaraq 42,3 mlrd. dollar təşkil edib. Xatırladaq ki, bu göstərici Rusiya Mərkəzi Bankının investisiyalar üzrə göstəricisindən fərqli olaraq ofşor hesablardan kapital axınını da özündə əks etdirir. Inteqrasiya araşdırmaları Mərkəzinin hesabatına görə, qarşılıqlı investisiyaların pik həddi 2012-ci ilə təsadüf edib və 57,2 mlrd. ABŞ dolları təşkil edib. Rusiyanın məcmu investisiyalarda payı 2012-ci ildəki 82,6%-dən 2015-ci ildə 80%-ə geriləyib.
Rusiyanın kapital qoyuluşunda isəÿilk sırada 8,3 mlrd. dollarla Belarus, ikinci mövqedə ÿisə ÿ7,1 mlrd. dollarla Qazaxıstan yer alıb. Rusiya 2015-ci ildə Ermənistana 3 mlrd. dollar, Qırğızıstana 0,8 mlrd. dollar sərmayə yatırıb. Rusiyanın Ukraynaya investisiyaları 2014-cü ildə 49%, 2015-ci ildə isə illik müqayisədə 5,4% azalaraq 8,2 mlrd. dollara geriləyib.
Investisiya qoyuluşunda 42,6%-lə Avrasiya Iqtisadi Ittifaqı ölkələri arasında yanacaq-energetika sahəsi ilk sırada yer alıb, əlvan metallurgiya isə 12%-lə ikinci olub. Onları 8,8%-lə nəqliyyat , 6,5%-lə aqrarÿsənaye sektoru izləyir (Report).
Azərbaycanın daxilində investisiya mühitinin olmaması bu cür vəziyyət yaradıb. Məhz bu səbəbdən ölkəni kapital tərk edir.
Iqtisadçı Samir Əliyev bildirdi ki, diqqət yetirilərsə, məlum olur ki, ilk üçlüyü neft ölkələri təşkil edir. Rusiyaya sanksiyalar tətbiq ediləndən sonra bu ölkədən iri miqdarda kapital axını baş verdiyini deyən S.Əliyev vurğuladı ki, həm xarici şirkətlər Rusiyanı tərk etdi, həm də daxili sahibkarlar kapiatallarını ölkədən çıxarmağa başladılar: “Azərbaycan üçün də 2015-ci il gərgin oldu. 2014-cü ilin sonlarından başlayaraq Azərbaycandan kapital axını artmağa başladı. Burada hökumətin əsas səhvi sahibkarları sıxmaq idi. Hökumət büdcə, vergi öhdəliklərini yerinə yetirmək üçün sahibkarları 2015-ci ildə sıxmağa başladı. Həmin dövrdə bəzi şirkətlər Azərbaycanı tərk etdi, bir sıra sahibkarlar işlərini dayandırdılar. Siyasi baxımdan da Avropa, Qərb şirkətlərinə qarşı neqativ münasibət var idi. Eyni zamanda Beynəlxalq Banka borcu olan sahibkarlara qarşı addımlar atmağa başladılar. Bütün bunlar sahibkarlıq mühitinə neqativ təsir göstərdi və həmin dönəmdə güclü kapital axını başladı. Kapital axını manatın devalvasiyaya uğramasında əsas amillərdən birinə çevrildi. Təbii ki, neftin düşməsi manatın dəyər itirməsinə səbəb idi. Amma kapital axını da manatı təzyiq altında saxlayırdı. Nəticədə Mərkəzi Bankın 15 milyardlıq valyuta ehtiyatı 4 milyarda qədər düşdü”.
Qısa müddət ərzində MB-nin 10 milyarddan çox dollar satdığını vurğulayan S.Əliyev bildirdi ki, həmin vəsaitin az bir hissəsi yastıq altına, yerdə qalan hissəsi isə ölkədən kənara çıxdı. S.Əliyevin sözlərinə görə, hazırda Azərbaycanın tədiyyə balansına baxılarsa, kapital axını 2015-ci il ilə müqayisədə azalıb, amma yenə də qalmaqdadır: “Amma kapital axını üçün fundamental səbəblər formalaşıb. Bu səbəblərdən biri budur ki, Azərbaycanda iqtisadiyyat getdikcə kiçilir, ölkədə sahibkarlıq üçün əlverişli mühit yoxdur. Yenə də inhisar hökm sürür, qeyri-rəqabət mühit mövcuddur. Bütün bunlar kapital axınını sürətləndirən səbəblərdir”.
Xəyal