“Nardaran işi” və ya Azərbaycan xalqına yönələn suallar

zumrud-yagmur-yeniZümrüd Yağmur

yagmurzumrud@gmail.com

Bu yazı bəlkə də gecikib, “Nardaran işi” deyilən məhkəmə-məzhəkənin başladığı  ilk gün yazılmalı idi. Açığını deyim, yazmaq istədim də, alınmadı, hətta iki-üç dəfə yazıb pozdum, çünki nə yazdımsa, sönük gəldi.

O dar, dəmir barmaqlıqlar arasından yaxınlarına əl yelləyən insanların təbəssümündəki inadkarlıqda dara çəkilən həsrətin, acının və ədalətsizliyin təqdimat mərasimindən yazacağım köşə məni təmin etmədi, nəsə əskik gəldi…

Anaların göz yaşındakı məsumluq, “balama yardım edin” deyib hələ də adi məzhəkədən başqa bir şey olmayan  bu məhkəmədən ədalət gözləyən qadınların “bəlkələrə” sığınmış ümidinin bir necə müddətdən sonra oxunacaq hökmdə qopacaq qiyamətinin İsrafilin surundakı naləsini hələ deyəsən kimsə duymurdu. Çünki ordakı qadınlar ancaq hələ öz ürəyinin və həsrətinin acısına qulaq verirdi. Gücüsə ancaq göz yaşına çatırdı.

Yoldaşı, qardaşı, oğlu həbs olunmuş qadınların ürəyindəki kədər gözlərində BÖYÜK dərdin, həsrətin simfoniyasını ifa edirmişcəsinə hər an çəkilməyə hazır ahın, nalənin kiminsə vicdanına xitab edəcəyini də düşünmürdüm doğrusu…

Dəmir barmaqlıqlar arasındakı insanlar ifadə verməyə başlayandasa, yaşananların mənzərəsi tam olaraq ortaya çıxdı. Əslində, veriləcək bir ifadə, etiraf ediləcək cinayət də yoxdur. Əvəzində bol-bol verilən işgəncələrin, edilən təhdidlərin və Böyük Şərin insan görkəmli yaratıqlarının törətdiyi cinayətlərin yazdığı dramın səhnələri vardı.

Keçən gün o dəmir barmaqlıqlar arasında Azərbaycan adlı bir ölkənin hüququnun bir daha dara çəkilməsinin, haqqın atəşə verilməsinin növbəti “toplantısı” və ya insanların arzuları, ümidləri, övladlarının dlindəki “ata” kəliməsinin dondurulmasının təməlatma mərasimi keçirildi.

Oturduğu hündür kürsüdə belə kiçik görünən hakim güya hüquqi prosedurlara əməl edir, vəsatətlərə baxır, mahiyyətdəsə, son illərin ən böyük məzhəkəsində hansı rolu üstləndiyini özü hamıdan yaxşı anlayırdı.

Nə hakimlər, nə də dövlət ittihamçıları… Onlar bir gün hökm oxuyacaqlarsa da, hökm oxuyanlar deyillər mahiyyətdə… Onlar  gözlənilən hökmün məzhəkəsidə ən zəif halqalardı və “Nardaran işi”ndə hakimlik, dövlət ittihamçısı roluna təhkim ediləndə mahiyyətdə iqtidar onların Böyük qiyamətə qədər  “kiçik qiyaməti” ni qoparıb, vicdanlarını atəşdə sovurub, ruhlarını satın alıb, bəlkə də xəbərləri yox…

Bu üzdə də onlara xitab etmək niyyətində deyiləm. Heç o dəmir barmaqlıqlar arasındakı insanlara işgəncə verənlərə də deyəcək sözüm yoxdur. Çünki Tanrı qatında heç bir dəyəri olmayanların susmuş vicdanına xitab etmək niyyəti bir işə yaramaz.

Mən Azərbaycan xalqının, hansı ki, Nardaran hadisələri olanda hakimiyyətin yalanlarına inanıb indi işgəncə görüb əzab çəkən insanların səmimiyyətinə şübhə edənlərin, hakimiyyətin yalanına uyub onların haqqını yeyənlərin, dini rejim yaratmaq istədiklərini zənn etdiklərindən onlara qəzəb püskürənlərin vicdanına xitab etmək istəyirəm.

İllərdir susan, qorxusuna təzim edən, Tanrını unudub başında iqtidar olanların gücünə tapınan xalqım, hər şeyə rəğmən sənin vicdana xitab etməkdən özümü saxlaya bilmədim.

Düşünün və açıq buraxılan  sualların cavabını verməyə çalışın.

Bu insanlar irəli sürülən ittihamlarda təqsirlidirlərsə, doğrudan da, ölkədə dini rejim qurmaq, dövlət çevrilişi etmək istəyiblərsə,  İranın agentidirlərsə, niyə saxta ittihamlarla, döyülərək alınan ifadələrlər, yalançı şahidlərlərlə, sübut olunmayan faktlarla müttəhimlər kürsüsünə oturdulublar?

Təqsiri olan birini döyərək günahkar çıxarmaq hansı məntiqə sığır? Əgər  günahı vardısa, əlinizdə irəli sürdüyünüz  ittihamları sübur edəçək dəlillər mövcuddursa,   niyə işgəncələr verib ailələri ilə təhdiid edib onlardan istədiyiniz və sizə sərf edən ifadələri almısınız? Bütün bunlara nə gərək vardı? Elə dediyiniz sübutlar varsa, qoyun ortaya və saxta ilə deyil, gerçək faktlarla ittiham edin.

Əgər onlar İran agentidirlərsə,  hardadır onlara  adı çəkilən dövlətdən gələn pullar? Necə olur, İran dövlətinin agentinin bir vəkil tutmağa pulu olmasın!?

Orda ittiham olunan 18 nəfərdən 14- nün vəkili yoxdur.

Necə olur, İranın ageti olanların ailələri maddi çəhətdən bu qədər pərişan vəziyyətdədir? Onlarla ünsiyyətdə olduqda  ilk andan hiss edirsən bunu.

“Niyə vəkil tutmamısınız?” sualına verilən cavabdan bəllidir bu…

Necə olur, agent olanın  agenti olduğu  qüvvə ilə bağlantısını üzə çıxaran bir dəlil  təqdim olunmayıb məhkəməyə?

Əgər o insanlar dini rejim qurmaq istəyirdilərsə, niyə Taleh Bağırzadənin  adından saxta kitabça yazmısınız? Hanı bu adamın dini rejim qurmaq haqqındakı ideyaların  tezis  və əsasnaməsi?

Niyə yoxdur məhkəmə materialları arasında?

Adını terrorçu qoyub buna uyğun çox sayda maddə irəli sürüb ittiham etdiyiniz bu insanların bir əməlini, terroçuluq niyyətlərini əks etdirən niyə bir sənəd-sübut yoxdur ortada?

Orda ittiham olunan insanların bir çoxu heç bir- birini tanımır və ilk dəfə o dəmir barmaqlıqlar arasında görüşüb tanış olublar.

Bir çoxu da “Müəslman birliyi” hərəkatının  üzvü  də deyil. Əməliyyat keçirilən gün oraya verilən İmam ehsanında iştirak etmək üçün gəliblər.

Və ən nəhayət,  26 noyabrdan əvvəl, MTN və polis bölməsinə çağırılan Tale Bağırzadə agent idisə və dövlət çevrilişi etmək istəyirdisə, bu haqda məlumat vardısa, niyə elə ordaca həbs olunmadı?

Niyə o Nardarana getdikdən sonra  Sabunçu rayon polis idarəsindən ona xəbər göndərilib ki,  onunla kimsənin işi yoxdur, elə qalsın Nardaranda?

Bəlkə ona görə ki, hakimiyyət bir güllə ilə iki quş vurmaq niyyətində olub?

Bəlkə ona görə ki, Nardaranda belə bir əməliyyat qurub ölüm  faktı yaradıb Tale Bağırzadəni bir dəfəlik susdurmaq və Nardaran kəndinin əzmini qırmaq istəyirdilər?

Niyə onların olduğu iddia edilən silahların üstündə  əl izlərinin olmasının ekspertiza rəyini məhkəməyə təqdim etməyiblər?

Axı ifadə verən hər kəs bunu tələb edir, “o silahların üstündə əl izlərimizin ekspertiza rəyini verin”deyir?!

Niyə bu tələbi eşitməzlikdən gəlirsiniz?

Niyə orda öldürülən polislərin şəxsi işi və öldürülərkən üzərlərdə olan paltarlar məhkəməyə təqdim olunan materiallar  arasında yoxdur?

Ən gülməlisi, həbs olunarkən əynində çins şalvar olan Aqil ismayılov adlı bir gəncin ən sadə sualına niyə cavab verə bilmirsiniz? Dar çins şalvarın çibinə necə qumbara yerləşə bilər axı…

Bu və digər suallar… Bu sulları özünüzə verin ey mənim hər şeyə rəğmən susub başını salamat saxlayacağını düşünən xalqım?

Başınız salamat sağlayarkən, heç olmasa bir dəfə də ruhunuzu sağlam saxlaya bilmək  haqqında düşünün … Hər gün əllərinizi yuyursunuz, ömründə bir dəfə, heç olmasa bir dəfə də ruhunuz təmizləmək, yükədiyiniz günahlardan paklandırmaq  barəsində düşünün. ..

Və bu suallara cavab verməyə çalışın.

Elə edin ki, verəcəyiniz cavablar illər sonra tarixi araşdırmalarda  veriləcək cavablardan fərqlənməsin… Fərqlənsə,  biz xalq kimi yenə də  bu günlərin sınağından üzü qara çıxmış olacağıq.