Vətəndaşın cibinə girməyin, cibinizə yığdığınızı çıxarın
Avqustun 1-i və 2-də respublika yollarında keçirilən reydlər nəticəsində 21029 nəfər sürücü inzibati məsuliyyətə cəlb olunub. Bəli, 2 gündə 21000-dən artıq sürücü cərimələnib. Hökumət böhranla mübarizədə gücləndirilmiş iş rejiminə keçib. Suyun, işığın, çörəyin, ətin qiyməti qalxdı və bu proses davam edir.
Amma boşalmış büdcəni doldurmaq üçün cərimələrin sayını da artırmaq lazımdır. Göründüyü kimi, böhranlı hökumətin böhrandan çıxmaq üçün heç bir palanı, proqramı yoxdur. Bütün fəaliyyət vətəndaşın cibinə girib, boşluqları doldurmaqdı. Reallıq hissini o qədər itiriblər ki, vətəndaşın qəpik-quruşu ilə vəziyyəti düzəltmək eşqinə düşüblər. Bu illər ərzində ciblərinə yığdıqları milyardları bərk-bərk saxlayıb vətəndaşın cibindəki dəmir pullara meyl ediblər.
Amma 2 gündə 21000 vətəndaşı cərimələməyin başqa hikmətləri də var. 21000 sürücünü cərimələmək üçün 2 gün bəs edir, amma 2 korrupsioner məmuru cərimələmək üçün 23 il bəs eləmir. Hər dəfə ölkədəki neqativlər ortaya çıxanda “biz yeni müstəqillik qazanmışıq, zamana ehtiyacımız var” deyirlər. Amma vətəndaşın cibinə hücum məsələsi gündəmə gələndə zamana meydan oxuyurlar.
Əgər büdcəni doldurmaqda maraqlısızsa, 21000 sürücünü yox, 21 şirkəti olan məmuru cərimələyin. Onsuz da o şirkətlər haram pulla, xalqın haqqının oğurlanmasıyla alınıb. 21000 sürücünün cibinə göz dikmək əvəzinə, Vergilər Nazirliyinin 150 milyonluq binasının tikintisini dayandırın. 21000 sürücünün manatına möhtacsızsa, “Formula-1″ yarışına 100 milyon manat xərcləmək zərurəti hardan yaranıb?
Niyə bu fantastik rəqəm məhz indi, böhranın dərinləşdiyi dövrdə üzə çıxdı? Bəlkə, vətəndaşlar dərddən içir, əsəbdən sürət həddini artırır?
Onsuz da bu ölkənin vətəndaşı 23 ildir cərimə ödəyir. Bəli, 9 milyon vətəndaş yarıtmazlığın, acgözlüyün, talançılığın cəriməsini ödəyir. Üstəlik, xarici borcumuz 25 milyarda çatıb ki, bunun da cəriməsini gələcək nəsillər ödəyəcək. 2.5 milyon vətəndaş məmur banklarına yüksək faizlərlə kredit ödəyir.
Sürət həddini aşdığına görə sürücüləri cərimələyirsiz, bəs korrupsiyaya sürət vermiş məmurlar niyə cərimələnmir? Içkili halda avtomobil sürdüyünə görə 11000-dən çox sürücü cərimələnib, bəs xalqın qanını içən məmurlar niyə cərimələnmir? Sürücüləri cərimələmək üçün göstərilən canfəşanlıq, yarıtmaz məmurlara qarşı niyə tətbiq olunmur?
Ölkəni böhrandan çıxarmaq üçün cərimə yarışına yox, normal hökumət yarışına girmək lazımdır.
Etiraf olunur ki, gurultulu vədlər, sərəncamlar, fərmanlar cəmiyyəti çaşdırmaq üçün imiş. Birinci devalvasiyadan sonra həyata keçirilən “islahat”lar vətəndaşı tərksilah etməkdən ibarət imiş. Hökumətimiz cərimə iqtisadiyyatı yaradır. Bu da bunların qeyri-neft sektorunun inkişafına töhfəsi. Uzun illər neftdən asılı olmuşuq, indi də cərimədən asılı olacağıq.
İlham