Bizdə həmişə darbedir…

sahveled_cobanogluŞahvələd Çobanoğlu

Elə bu referendum da bir darbedir…

Türkiyədə hakimiyyət çevrilişinə cəhdin (darbenin) necə böyük faciə kimi qəbul edilməsini və təqdim olunmasını gördükcə, təsəvvürə gətirdikcə, adam özümüzü yenidən düşünməyə başlayır. Bizdə hər seçkidə çevriliş – darbe olur. Xalqın iradəsi tapdanır, polis gücü ilə hakimiyyət qəsb olunur.

Darbe – çevriliş hakimiyyətin qanunsuz, yəni xalqın iradəsi və səsi olmadan mənimsənilməsi deyilmi? Bizdə də belə olur. Az qala 25 ildir hakimiyyət bu yolla bir ailədə saxlanılır. Elə hərbi çevrilişlə gəlib, seçki zorakılığı ilə qalmaqdadırlar. Darbenin buynuzumu olur?

Bizdə Məzahir Pənahov TV-dən hakimiyyətə əl qoyulduğunu elan edir – darbeçilərin TRT-dən oxutdurduğu mətnin əvəzində. Hətta bağlanmış ANS (daimi darbeçi) meydanın “quduzlardan” təmizlənməsində və danışanların susdurulmasında iştirak edib. Darbeçi TV-lər, qəzetlər, saytlar, agentliklər, QHT-lər, hüquq müdafiəçiləri, partiyalar, ziyalılar birləşib hakimiyyətin qəsbinə yardım edirlər. Necə deyərlər, aslanlar kimi!

Ərdoğan da iştirak edir bizim darbelərdə, birinci təbrik edən həmişə o olur… Düzdür, türk qardaşlarımız bəzən gecikə bilərlər, çünki qonşu Rusiya təmsilçiləri seçkidən öncə də bizə hakimiyyət elan edə bilir, qalibi adlandıra bilirlər.

Beynəlxalq hüquqa və Azərbaycan Konstitusiyasına görə, hakimiyyət xalqa məxsusdur və onun iradəsi və səsi ilə formalaşdırılır. Hakimiyyətin bütün qolları bir nəfərin iradəsi, siyahısı ilə, Məzahir Pənahova verilmiş göstərişlə  yaradılırsa, xalqın bu prosesdə iştirakı polis və güc strukturları ilə, məhkəmə və digər formal hüquq qurumları ilə, repressiya və qadağalarla əngəllənirsə, bunun adı darbedən başqa nə ola bilər ki?!

Lazım bildiklərində Konstitusiya darbesi keçirilir, bir nəfərin daimi darbe etmək haqqı ana qanuna salınır. Elə indi də referenduma hazırlaşırlar, yenidən darbe edib qanunları daha sərfəli eləmək istəyirlər. Amma qanunlar sərfəli oldu-olmadı, həmişə saxta seçki ilə hakimiyyət mənimsənilir və böyük faciə seçkidən-seçkiyə davam edir.

***

1993-dən bu yana hakimiyyəti ələ alan bir rejim indiyəcən özünü siyasi qüvvəyə də çevirə bilmədi. Ələ düşmüş normal fürsətləri belə istifadə edə bilmədilər. Azərbaycanın neft ehtiyatları böyük pullar gətirdi və istənilən qüvvə bununla ölkəni irəli aparıb xalqın məhəbbətini qazana bilərdi. Bunlar isə daim başqalarını sıradan çıxarıb, qanunsuz yolla hakimiyyəti mənimsəmək xəttini seçdilər.

Əvvəllərdə diqqətə çatdırdığımız bir tarixi əhvalat yenidən yada düşür. Bir Şərq tarixçəsidir, amma Qərbin də ağıllı adamları bu müdrikliyi ibrət kimi öymüşlər. Əhvalata görə, bir gün Baburun nəvəsi Sultan Əkbər Şah qumun üzərində bir xətt çəkir və vəzirlərinə deyir ki, bu xətti kiçildin, amma ona toxunmadan. Bir dəqiqə keçir, vəzir Birbal dərin çaşqınlığı və həllolunmaz görünən təzadlı vəziyyəti aradan qaldırır. Həmin xəttin yanına ondan daha uzun bir xətt çəkir.

Bunun mənası odur ki, özgəsini doğramaqla, kiçiltməklə, özünü böyüdə bilməzsən. Bu yalan təsəllidir. Özün böyü, başqasına toxunmadan.

Bizim hakimiyyətdəkilər tərsini, pisini etdilər. Başqalarını əzib, özlərini yerləşdirdilər. Xalqı əzib hakimiyyəti mənimsədilər. Indi yenə də Konstitusiyanı doğrayırlar!