Putin və Ruhani Bakıda nələri müzakirə edəcək?

eliyev-ruhani-putinSülhəddin Əkbər: «Müzakirə olunacaq məsələləri araşdırarkən əsasən regionda, dünyada gedən prosesləri nəzərə almaq lazımdır»

Azərbaycan prezidenti Ilham Əliyevin dəvəti ilə Rusiya prezidenti Vladimir Putin avqustun 8-də Bakıya səfər edəcək. Bakıda Rusiya lideri Putin Azərbaycanın dövlət başçısı Ilham Əliyev və Iran prezidenti Həsən Ruhani ilə üçtərəfli görüşdə iştirak edəcək. Onlar beynəlxalq və regional siyasətdə aktual məsələlər, həmçinin xüsusən energetika və nəqliyyat sferasında praktik əməkdaşlıq barədə müzakirələr aparacaqlar.

Bundan əlavə, Vladimir Putinin Azərbaycan və Iran liderləri ilə ikitərəfli görüşləri də planlaşdırılıb.

Bu görüş kifayət qədər maraqlı məqama təsadüf edir.

Ən başlıca onu vurğulamaq yerinə düşər ki, Ermənistandakı hazırkı vəziyyət və Sarkisyanın verdiyi bəyanat danışınqlar prosesini dalana dirəyib. Iran da Qarabağ problemində öz maraqları olan dövlətlərdən biridir. Rusiyadan fərqli olaraq münaqişə tərəflərinə ciddi təsir imkanı olmayan Tehran bununla belə güclü və nüfuzu olan regional dövlətdir.

Iranın özü ilə bağlı bir sıra məqamları da nəzərə almaq lazımdır. Iran Avropaya nəql etməyi planlaşdırdığı qazını Ermənistan ərazisindən keçirmək qərarına gəlib. Artıq boru kəmərinin çəkilməsinə dair ilkin razılıq əldə olunub. Amma rentabellik baxımından Azərbaycan ərazisindən keçə biləcək kəmər iqtisadi baxımdan Irana daha sərf edərdi. Amma Iran ticarət tərəfdaşı kimi Ermənistanı seçib.

Türkiyə və Ermənistandakı gərginlik də Bakıda keçiriləcək görüşün müzakirə predmetini maraqlı edir.

Bundan başqa Türkiyə ilə Rusiyanın münasibətlərinin normallaşması “Cənub axını” layihəsini yenidən gündəmə gətirib. Bu isə Azərbaycanın layihələri TAP və TANAPA ciddi rəqibin yenidən aktuallaşdığı anlamına gəlir.

Bakıda bir araya gələn Iran, Rusiya və Azərbaycan prezidentlərinin görüşünd müzakirə mövzusu nə ola bilər?

sulheddin-ekber

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin fikrincə, müzakirə olunacaq məsələləri araşdırarkən əsasən regionda, dünyada gedən prosesləri nəzərə almaq lazımdır. Çünki iki tərəfli, üç tərəfli görüşlərdə yalnız ölkələr arası məsələlərin müzakirə olunmadığını deyən S.Əkbər vurğuladı ki, qloballaşma getdikcə sürətlənir, qarşılıqlı təsir, əlaqə artır: “Bəzən belə düşünülür ki, okeanın o tayında baş verən hadisənin bizə aidiyyatı yoxdur. Amma belə deyil. Hər şey əlaqəlidir. Azərbaycanın yerləşdiyi region geosiyasi maraqların toqquşduğu xəttdə yerləşir. Azərbaycan eyni zamanda yaşıl xətt üzərində yerləşir. Bu xətt Mərakeşdən başlayaraq, Hindistanda bitir. Bu Islam xəti üzərində müharibələr, çaxnaşmalar geniş yayılıb. Azərbaycan bir tərəfdən postsovet məkanında, digər tərəfdən isə Islam dünyasında baş verən hadisələrdən təsirlənir. Bu baxımdan heç şübhəsiz prezidentlərin görüşü zamanı bu məsələlərə bir baxış olacaqdır. Qonşu regionda gedən proseslərlə yanaşı, Cənubi Qafqaz və Xəzərdəki proseslər də müzakirə olunacaq”.

S.Əkbər bildirdi ki, eyni zamanda nəqliyyat, ticarət və energetika məsələləri də müzakirəyə çıxarılacaq mövzular olacaq. Ona görə Putin və Ruhaninin Bakıya səfərinə önəm verməyi düzgün sayan S.Əkbər hesab edir ki, bu səfərdən sonra baş verəcək görüşlərə də diqqət yönəltməyə dəyər. S.Əkbərin sözlərinə görə, daha sonra Putinin Ərdoğanla görüşü gözlənilir: “Ona görə bu səfərdə Azərbaycanla bağlı məsələlər də müzakirə olunacaq. Ermənistan Azərbaycan münaqişəsi və onun ətrafındakı proseslər də müzakirə predmeti olmalıdır”.

Türkiyə və Rusiyanın son yaxınlaşmasında bir ortaq nöqtənin Qara dənizlə bağlı olduğunu düşünən S.Əkbər vurğuladı ki, nə Türkiyə, nə də Rusiya NATO-nun Qara dənizə gəlməsində maraqlı deyil. S.Əkbərin sözlərinə görə, həm Rusiya, həm Iran Azərbaycanla bağlı layihələrini Bakıya qəbul etdirməyə çalışacaqlar.

Xəyal