Yoxsulların kökünü kəsməklə yoxsulluğu azlatmaq siyasəti
Azərbaycan həkimin biganə qaldığı xəstəyə bənzəyir. Xəstə çabalayır, qışqırır, kömək istəyir, həkim isə özünü karlığa, korluğa vurur. Indiki halda “həkim” rolunda Azərbaycan hakimiyyəti çıxış edir. Hakimiyyət borc içində çırpınan, ədalətsizliyin qurbanına çevrilən, haqqı tapdanan vətəndaşın harayına səs vermir. Əksinə, vətəndaşın başından itələyir, nəfəs yolunu tutur, dizini yerə qoyur. Uzun illərdi bu proses davam edir, vətəndaşın taleyi Allahın ümidinə qalıb.
Xatırlayırsızsa, ölkə başçısı Ilham Əliyev “Azərbaycanda bir nəfər də yoxsul qalmayacaq” vədi vermişdi. Hər dəfə müşavirələrdə yoxsulluğun səviyyəsinin azaldığını söyləyir, bunu rəqəmlərlə sübut etməyə çalışır.
Ölkənin indiki mənzərəsinə baxanda Əliyevin vədinə əməl etdiyini görmək olar. Həqiqətən də yoxsulluğun səviyyəsi azalır. Amma hökumətimiz analoqsuz olduğu üçün, yoxsulluqla mübarizələri də analoqsuzdu. Yəni hökumət yoxsulları varlandırmaqla yox, yoxsulların kökünü kəsməklə problemi həll edir.
Yoxsullar, kredit borcundan cana doymuşlar intihara üz tutur. Hər gün kiminsə özünü asdığının, körpüdən atdığının, zəhər içdiyinin, damarını kəsdiyinin, özünü yandırdığının şahidi oluruq. Digər tərəfdən, insanlar sürətlə ölkəni tərk edirlər. Mühacirətə getmək üçün dəridən-qabıqdan çıxırlar. Bu gün minlərlə ailə mühacirət etməyin, ölkədən qaçmağın yolların axtarır. Deməli, yoxsulların bir qismi ölkədən qaçmaqla, digər qismi intihar etməklə yoxsulluğun səviyyəsini azaldır. Yəni hökumət yoxsulları ölümə və ölkədən qaçmağa məcbur etməklə, yoxsulluğun səviyyəsini aşağı salır.
Nəzərə alsaq ki, ölkədə milyonlarla vətəndaş borc içindədir, iş yerləri qapadılır, qiymətlər artır, əminliklə demək olar, yoxsulluğun səviyyəsi daha sürətlə azalcaq. Yəni intihar edənlər və ölkədən qaçanlar çoxalacaq.
Hökumətimizin anti-böhran əməliyyatının, islahat proqramının fəlsəfəsi bundan ibarətdir. Vətəndaşın yükünü azaltmaqla yox, vətəndaşı yükləyib öldürməklə yoxsulluğu azlatmaq siyasəti yürüdülür.
Və bütün bunlardan sonra xalqdan təşəkkür gözləyirlər. Əslində, təəccüblü heç nə yoxdur. Dövlət və xalq sevgisindən yoxsul olan bir rejim, yoxsulluq problemini bu formada həll etməlidir.
Samir