Rza Zərrab ABŞ-ın ən bahalı vəkillərini tutub

rza-zerrabNyu-York Tayms qəzeti ABŞ-ın rəsmiləri tərəfindən həbs edilən Türkiyə biznesmeni Reza Zərrabla bağlı məqalə dərc edib. Reza Zerrab İrana sanksiyaları yarmaq üçün kömək etməkdə ittiham olunur.

Türkiyədən olan varlı qızıl ticarətçisi Reza Zərrab mart ayında həbs edildikdən sonra güclü hüquqi müdafiəyə ehtiyacı var idi. O, bunun üçün Nyu-Yorkun ən tanınmış vəkili Benjamin Brafmanı tutdu.

Zərrab bununla da kifayətlənmədi.

Sadəcə 4 ayda o, özünün müdafiəsi üçün 5 hüquq firmasını işə cəlb etdi. Vəkillərin sayını 15-ə çatdırdı – onların bir çoxu öz sahələrində ən güclülərdir. Məhkəmə sənədləri göstərir ki, başqa bir hüquq bürosundan 16-cı vəkil də tezliklə işə qoşulacaq.

Bu komandaya ABŞ-ın keçmiş baş prokuroru Pol Klement və baş prokurorun keçmiş köməkçisi Viet Din də daxildir. Onların hər ikisi apellyasiya mütəxəssisləridir.

Burada həmçinin Ağ Evin keçmiş vəkil köməkçisi Uilyam Börk də var. O, beynəlxalq nüfuza malik bu cür işlər üzrə ekspert hesab olunur. Onun müştəriləri arasında beynəlxalq futbolun idarəetmə orqanı hesab edilən FİFA da var. Hal-hazırda bu təşkilatın adı böyük korrupsiya skandalında hallanır.

Digər vəkillər cənab Börk, Kristin Çanq və Edvard Okaleqan isə Manhettonda yerləşən ABŞ prokurorluq ofisinin keçmiş prokurorlarıdır. Bu, həmin ofisdir ki, Reza Zərrabı ABŞ-ın tətbiq etdiyi sanksiyaları dəlmək üçün İrana kömək etməkdə ittiham edir.

Çəkilən böyük xərclərə baxmayaraq, 32 yaşlı Reza Zərrabın ev dustaqlığına buraxılması üçün qaldırılan vəsatət qəbul edilməmişdi. O, məhkəməyə qədər zaminə buraxılması üçün 50 milyon dollarından keçməyə hazır idi.

Zərrabın hüquqi xərclərinin miqdarı bilinmir. Ancaq məlumdur ki, iş məhkəməyə getsə, onun xərci 10 milyonlarla ölçüləcək.

Əslində, Zərrabın yanaşması digər şəxslərin kriminal müdafiə işlərindən fərqlənmir: İmkan çatdığı qədər ən yaxşı hüquqi müdafiəni qur. Ancaq müxtəlif firmalardan çoxlu sayda ölkənin ən nüfuzlu vəkillərini işə cəlb etmək nadir görülən strategiyadır.

Reza Zərrabın vəkillərindən biri, cənab Din işi aparan prokuror Prit Bharara ilə uzunmüddətli dostluq əlaqələrinə malikdir. Cənab Din cənab Bhararanı Harvard Universitetində oxuduqları ilk gündən etibarən özünün ən yaxşı dostu hesab edib. Ancaq bu dostluğun işə heç bir aidiyyatı yoxdur, – hüquq etikası eksperti Stefen Cillers deyir.

“Cənab Dinin motivasiyası Zərrab üçün ən yaxşı nəticəyə nail olmaqdır”, professor Cillers deyib. “Bu, onun reputasiyasını artırır və bu, həmçinin onun professional öhdəliyidir”. Bharara isə ictimai mənafeyə xidmət edir, onun vəzifəsi məsələnin həll yolunu axtarmaqdır. “Bu işdə onun dostluğa söykənən heç bir öhdəliyi yoxdur”, Cillers əlavə edib.

Zərrabın ABŞ-da az tanınmasına baxmayaraq, onun işi Türkiyədə yaxından izlənilir. 2013-cü ildə Recep Tayyip Erdoğanla əlaqələri olan birnesmenlərin geniş çaplı araşdırılması çərçivəsində Reza Zərrab türk rəsmilər tərəfindən saxlanılmışdı.

Zərrab mart ayında arvadı və qızı ilə Disneylendə səyahət üçün Floridaya gəlişi zamanı həbs edilib.

Hökumət deyir ki, Zərrab və onun şərikləri İranın sanksiyalardan yayınaraq, milyonlarla dollar pul köçürmələrini həyata keçirməsinə yardım edib. O, bunu Türkiyənin və başqa ölkələrin qlobal şirkətlər şəbəkəsindən istifadə etməklə bacarıb.

Zərrabın vəkili Brafman ittihama cavab olaraq bildirib ki, onun müştərisi bəzi maliyyə əməliyyatlarını aparmaq üçün qeyri ABŞ banklarından istifadə edib. Ancaq “fakt odur ki, bu xarici banklardan birinin, bəzi əməliyyatların FED vasitəsilə həyata keçirilməsinə səbəb olması Rezanın günahı deyil, onun heç vaxt bu cür niyyəti olmayıb”.

Vəkil deyib ki, onun müştərisinin işinin “presedenti yoxdur və ABŞ hökumətinin öz ərazisindən kənarda yurisdiksiyasını həyata keçirmək istəyi çox qüsurlu cəhddir”.

İlkin İsmayıllı