Tibbi ekspertiza Elnur Seyidovun ağır xəstəlikdən əziyyət çəkməsi barədə rəy versə də, həbsdən azad edilmədi
Fəxrəddin Mehdiyev: «Elnur Seyidov ağır xəstə olmaqla yanaşı, həm də günahsız həbsdə saxlanılır»
Əli Kərimlinin qaynı, “Texnikabank”ın Yasamal filialının müdir müavini olmuş Elnur Seyidovun səhhətindəki kəskin problemlərlə əlaqədar cəzanın çəkilməmiş hissəsindən azad edilməsinə dair ərizəsinə baxılıb. Bununla əlaqədar məhkəmə dünən Elnur Seyidovun saxlanıldığı 13 saylı cəzaçəkmə müəssisəsində keçirilib. Ərizəyə Qaradağ Rayon Məhkəməsinin hakimi Rəşad Mustafayevin sədrliyilə baxılıb.
Bu barədə “Azadlıq”a məlumat verən vəkil Fəxrəddin Mehdiyev bildirib ki, dağınıq skleroz xəstəliyindən əziyyət çəkən Elnur Seyidovun vəziyyətinin kəskinləşməsilə əlaqədar onun cəzadan azad edilməsi üçün hələ keçən ilin oktyabrında məhkəməyə müraciət olunmuşdu. Məhkəmə də tibbi ekspertiza təyin etmişdi. Dünən ekspertizanın rəyi açıqlanıb. Rəydə göstərilib ki, Elnur Seyidov həqiqətən bu xəstəlikdən əziyyət çəkir, amma cəzanı çəkə bilər, çünki həbsdə də müalicəsi davam edir.
Hakim Rəşad Mustafayev bu rəyi əlində əsas tutub, ərizəni təmin etməyib.
Məhkəmənin qərarının ədalətsiz və qanunsuz olduğunu deyən Fəxrəddin Mehdiyev bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək: “Əvvəla, Elnur Seyidovun bu xəstəliklə həbsdə qala biləcəyinə dair rəy ədalətsizdir, doğru deyil. Çünki ağır formalı dağınıq skleroz riskli xəstəliklər qrupuna aiddir. Onun müalicəsi bahalı və çətindir. Yəni həbsxana şəraitində bu xəstəliyin müalicəsi mümkün deyil. Qanunda da göstərilib ki, bu xəstəliyin daşıyıcılarının həbsdə saxlanması məqsədəuyğun deyil”.
Vəkil qeyd edir ki, Elnur Seyidov xəstə olmaqla yanaşı, həm də günahsız olduğu halda, həbsdə saxlanılır: “Texnikabank” işi üzrə 25 nəfər məsuliyyətə cəlb olunub ki, onlardan yalnız Elnur Seyidov həbsdə qalıb. Ittihamda dəstənin başçısı kimi təqdim olunan Etibar Əliyev hələ birinci instansiya məhkəməsində prosesin gedişində azadlığa buraxılmışdı. Mən demirəm ki, bu adamlar niyə azadlığa buraxılıb. Azadlıq onların haqqıdır, çünki “Texnikabank” işi üzrə cinayət işi tamamilə əsassız idi. “Texnikabank” məhz bu əsassız həbslərin, təzyiqlərin nəticəsində iflic oldu. Demək istədiyim odur ki, azadlıq Elnur Seyidovun da haqqıdır. Onun işlədiyi filialın göstəriciləri həmişə yüksək olub. Iş materiallarında Elnur Seyidova qarşı heç bir mülki iddia, maddi ziyan yoxdur. Və nəhayət, bu cinayət işi üzrə istintaqı aparan şəxs – MTN-in istintaq idarəsinin rəisinin özü hazırda həbsdədir”.
Qeyd edək ki, Elnur Seyidov da ittihamları qəbul etmir və günahsız olduğunu bildirir.
AXCP sədri Əli Kərimli qaynının ona qarşı təzyiq və qisas məqsədilə həbs olunduğunu bəyan edib. Elnur Seyidovun siyasi motivlərlə həbsdə saxlanıldığı bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatlarının hesabatlarında da öz əksini tapıb.
Aytən