Türkiyə mətbuatında SOCAR-ın Fətullah Gülənlə əlaqələrinə dair materialların ardı-arası kəsilmir
Türkiyədə 15-16 iyul hərbi çevriləşə cəhddən sonra başlayan “Gülən əməliyyatı” ilə bağlı son günlər SOCAR-ın adı tez-tez hallanır. SOCAR-ın Türkiyədə aldığı “Petkim” şirkətində yoxlamalar həyata keçirilib və həbslər olub. Şirkət Fətullah Gülənin təşkilatını maliyyələşdirməkdə ittiham olunur.
Bu gün isə Türkiyə prezidenti Ərdoğanın SOCAR-ın rəhbəri Rövnəq Abdullayevi qəbul etməsi haqda məlumat yayılıb. SOCAR-ın yaydığı məlumatda deyilir ki, görüş Rövnəq Abdullayevin avqustun 2-də Ankarada keçirilən Beynəlxalq İnvestorlarla Yüksək Səviyyəli İqtisadi Dialoq toplantısında iştirakı çərçivəsində baş tutub.

Bundan başqa, SOCAR-ın məlumatına görə, Rövnəq Abdullayev həmçinin, Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrakla da görüşüb. Məlumatda deyilir ki, Albayrakla görüşdə PETKİM-lə bağlı məsələ də müzakirə olunub.
SOCAR-ın məlumatına görə, həm Ərdoğan, həm də Albayrak şirkətin Türkiyədəki fəaliyyətini dəstəklədiklərini bildiriblər.
Rövnəq Abdullayevin Ankarada keçirdiyi bu görüşlər “SOCAR-Türkiyə”nin Fətulla Gülən təşkilatı ilə əlaqələrdə ittiham olunaraq, hədəfə gəlməsi kontekstində ciddi maraq doğurur.
Qeyd edək ki, Türkiyədəki baş tutmayan hərbi çevrilişdən sonra başlanan “Gülən əməliyyatı” çərçivəsində “SOCAR Türkiyə”də iki dəfə əməliyyat keçirilib. Şirkətin rəhbəri Sadəddin Qorqud və 16 nəfər işçisi həbs edilib. Türkiyə mətbuatı yazır ki, baş tutmayan hərbi çevrilişdən sonra Sadəddin Qorqud ölkədən qaçmaq istəyirmiş.
Bundan başqa, Türkiyə mətbuatı vaxtaşırı SOCAR-ın Gülənlə əlaqələri barədə materillar dərc edir. Bir neçə gün əvvəl “Star” qəzeti yazmışdı ki, SOCAR “Gülən camaatı”nın əsas maliyyə qaynaqlarından biri olub.
“Sabah” qəzeti isə 2013-cü ildə ABŞ konqresmenlərinin Azərbaycana səfərini gündəmə gətirib. Qeyd edək ki,
bir neçə il əvvəl ABŞ Konqresinin Etika Ofisinin (OCE) açıqladığı hesabatda bildirilirdi ki, bir qrup konqresmenin 2013-cü ildə energetika məsələlərinə və ABŞ-Azərbaycan münasibətlərinə həsr edilmiş konfransa qatılmaq üçün 2013-cü ildə Bakıya etdikləri səfərin xərclərinin SOCAR tərəfindən Fətullah Gülənin Amerikadakı lobbi təşkilatlarına ayırdığı vəsait hesabına ödənilib.
Bildirilirdi ki, konfransın təşkilatçıları “Turquoise Council of Americans and Eurasians” və “Assembly of the Friends of Azerbaican” adlı qeyri-hökumət təşkilatları olub. Məlum olub ki, SOCAR bu konfransın təşkili üçün Azərbaycanın Dostları Assambleyasına və “Turkuaz”a 750 min dollar ödəyib.
Konqresin etika prinsiplərinə görə isə konqresmenlər xarici korporasiyalardan və hökumətlərdən bu və ya digər formada bahalı hədiyyələr qəbul edə, onların hesabına səfərlərə çıxa və istirahət edə bilməz.
Etika Ofisinin araşdırması nəticəsində üzə çıxıb ki, Fətullah Gülənə bağlı təşkilatlar SOCAR-dan aldığı maliyyə hesabına konqresmenlərin səyahətlərini maliyyələşdiriblər.
“Sabah” qəzetinin bu məsələni də gündəmə gətirməsi Türkiyə hakimiyyətinin SOCAR-la bağlı ciddi narahatlığının olduğunu deməyə əsas verir. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Rövnəq Abdullayev arasında bu məsələlərin müzakirə olunduğu barədə dəqiq bilgi yoxdur. Lakin böyük ehtimalla müzakirələrdə SOCAR-Gülən əlaqələrinə də toxunulub.
azadlıq.info




