Azərbaycanda tütünçülüyün inkişafı mümkündümü?

vahid-meherremov1Vahid Məhərrəmov: «Fermerlərə sərf etmədiyi üçün onlar bu sahə ilə məşğul olmaqda maraqlı deyillər»

Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik Şöbəsinin müdiri Imran Cümşüdov tütünçülüyün inkişafı barədə danışarkən deyib ki, tütün əkini sahələri 8 dəfə arta bilər.

Onun sözlərinə görə, fermerlərə hər hektar tütün əkininə görə əlavə 40 manat subsidiya verilir, güzəştli qiymətlərlə (80 faiz) mineral gübrələr və lizinq yolu ilə (40 faiz güzəştlə) müasir texnika, avadanlıqlar, suvarma sistemləri satılır: “Tütünçülüyün inkişaf etdirilməsi üçün ölkədə zəngin ənənə və böyük potensial mövcuddur. Bu da imkan verir ki, növbəti illərdə tütün əkini sahələrini 16 min hektara çatdıra bilək. Iyulun 1-nə olan məlumata görə, respublika üzrə 2,1 min hektar sahədə tütün əkilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 839 hektar çoxdur. Hazırda bu bitkinin aqrotexniki qaydalara uyğun olaraq becərilməsi davam etdirilir”.

Maraqlıdır, tütün əkininin fermer üçün cəlbediciliyi varmı? Əkin sahələrinin artırılması nə qədər səmərəlidir?

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov deyir ki, ölkədə istehsal olunan 3,5 min ton tütünün hamısı ixraca gedir. Ölkədə istehsal olunan tütünün keyfiyyəti aşağı olduğu üçün nisbətən ucuz qiymətə – 3 dollar civarında  satılır: “Fermerlərə sərf etmədiyi üçün onlar bu sahə ilə məşğul olmaqda maraqlı deyillər. Tütün enliyarpaqlı bitki olduğu üçün suvarma suyuna çox ehtiyacı var. Bu bitki təxminən 7 dəfə suvarılmalıdır. Bununla əlaqədar problemlər var. Tütün qida maddələrinə çox tələbkardır. Ölkəyə gətirilən mineral gübrələr baha və keyfiyyətsizdir. Bundan istifadə olunsa da, yaxşı nəticə əldə edilmir. Fermerlərin tütünçülük sahəsilə bağlı bilgisi olmalıdır. Orada yanlışlığa yol verəndə lazımi nəticə əldə olunmur”.

V.Məhərrəmov qeyd edir ki, bu sahə ilə məşğul olmaq üçün fermerlərin kifayət qədər maliyyə resursları və marağı  olmalıdır. Onların istehsal etdikləri məhsula ölkə daxilində tələbat olmalıdır. Azərbaycandakı tütün əsasən ixraca getsə də, ixrac da davamlı deyil.

“Keyfiyyətli və bizdəkindən ucuz tütün istehsal edən olarsa, bizim bazar bağlana bilər. Ona görə də dayanıqlı və davamlı olmadığından, bu sahə riskli hesab edilir”, – deyə ekspert vurğulayıb.

Nigar