Absurddan da o yana

elnuras-kitabteqdimElnur As

elnurastanbeyli@gmail.com

Azərbaycanlılar üçün uşaq bir ailənin “olmazsa olmaz”ıdır.

Bizdə əksər ailələr valideynlərin övladlarına “biz də nəvə oynatmaq istəyirik” basqısı üzərində qurulur.

Bizim ölkədə bir-birini dəlilər kimi sevən istənilən cütlük ailə qurduqdan sonra uşaq üstündə çox asanlıqla dağıla, bir-birinə düşmən kəsilə bilər.

Bütün bu sadaladıqlarımız nə qədər doğrudu, nə qədər yanlış, ayrı dartışmanın mövzusudur.

Mənim tanıdığım kifayət qədər gənc ailə var ki, illər uzunu övlad sahibi olmaq üçün hər cür maddi çətinliyin altına girir, pullarını həkimlərdən tutmuş mollalara, falçılara qədər hər yerə xərcləyirlər ki, evlərindən körpə qığıltısı eşidilsin.

Bu da öz yerində.

Niyyətim əsla və əsla bizim ailə, övlad haqqında daşlaşmış, mentallaşmış baxışlarımızı, görüşlərimizi müzakirəyə açmaq deyil, hərçənd belə bir müzakirəyə də kifayət qədər ciddi ehtiyac var.

Niyyətim yuxarıda yazdıqlarımız fonunda ictimai baxımdan, yaşadığımız ölkənin bu günü və gələcəyi açısından taleyüklü bəzi suallara cavab aramaqdır.

Məsələn, övlad sahibi olmağı bu qədər arzulayarkən, övlad sahibi olmaq üçün hər cəfaya can-dildən qatlaşarkən, ailə qurduqdan sonra sadəcə və sadəcə, övlad sahibi olacağı günün xəyalı ilə yaşayarkən, övladlarına gözəl bir ata, ana olacaqlarının hesablamalarını apararkən nə qədər azərbaycanlı onların azad, firavan, hüzurlu bir ölkədə böyüməsi barədə də düşünür?

Nə qədər azərbaycanlı düşünür ki, onun övladı niyə rüşvətin tüğyan etdiyi ölkədə doğulmalıdır? Hətta rüşvətlə ilk tanışlıq elə doğum evindəncə başlamalıdır?

Nə qədər azərbaycanlı düşünür ki, onun övladı da gələcəkdə o özü çəkdiyi məhrumiyyətləri, məşəqqətləri çəkməli, bir qarın çörək uğrunda çapalayıb-durmalı, adi məişət qayğılarının öhdəsindən gəlmək üçün ya kölə kimi, qul kimi çalışmalı, ya da kiminsə cibinə girməli, qul haqqı yeməlidir?

Nə qədər azərbaycanlı düşünür ki, onun dünyaya gətirdiyi övlad gələcəkdə heç bir haqq və hüququn sahibi olmamalı, həyatda birilərinin ailə, tayfa hakimiyyətinin xidmətçisi olmaqdan qeyri işə yaramamalı, sadəcə, başını aşağı salıb qarnını necə doyurmaq barədə fikirləşməlidir?

Valideynlik məsuliyyəti sadəcə, doğub-törəməklə sınırlı deyil. Dünyaya pırıl-pırıl cocuqlar gətirmək işin ən sadə, bioloji tərəfidir.

Valideynlik – bundan qat-qat artıq dərəcədə mənəvi məsuliyyətdir.

Valideynlik – dünyaya gətirdiyin övladlara mal-mülk miras qoymaqdan ziyadə onların qayğısızca, rifah içində böyüyəcəyi, böyüyüb arzularına rahatca qovuşa biləcəyi, kimsənin mərhəmətinə ehtiyac duymadan, kimsənin minnətini götürmədən, kimsənin qapısında qul olmadan, kimsədən mədət ummadan, yalnız və yalnız öz biliyi, bacarığı sayəsində özünə normal həyat, karyera qura biləcəyi ölkə miras qoymaqdır.

Valideynlik – övladına elə bir ölkə miras qoymaq, ən azı elə bir ölkə miras qoymağa çalışmaqdır ki, orada bir ovuc insan hər şeyin mütləqi-hakimi olmasın, o bir ovuc insandan kənarda hər kəs rəiyyət funksiyasını yerinə yetirməsin.

Valideynlik – bu gün mütləq əksəriyyətin “evdə balalarım var” deyib məmləkətdə baş verən bunca haqsızlığa, ədalətsizliyə susması, bunca zülmlə, zalımlıqla barışması da demək deyil, əksinə, valideynlik məhz “evdə balalarımız olduğu üçün” haqqını tələb etmək, hüququnu istəməkdir. Ki, o balalar böyüdükdə bizdən fərqli olaraq, onların qismətləri, nəsibləri köləlik, mütilik, hüquqsuzluq olmasın.

Və kim nə deyir desin, mənim ağlım hələ də heç cür kəsmir: övlad sevgisi bu qədər güclü olan, övlad sahibi olmağa “olmazsa olmaz” kimi baxan bir toplumda ölkənin taleyinə bir belə laqeydlik, biganəlik, başımıza gələnlər-gətirilənlər qarşısında bunca susqunluq hardandır? Övlada varlıq səbəbi, yaşam səbəbi kimi baxmaq nədi, ona qaranlığa qərq edilmiş ölkə miras qoymaq nədi? Biri mənə bu absurdu, bu ikiləşməni  izah edə bilərmi?!