Ölkə başçısının «yanvar müşavirəsi»ndə dedikləri özünü doğrultmadı
Ölkə başçısı Ilham Əliyevin bu ilin yanvar ayında keçirdiyi müşavirədə rayonlara dotasiya ayrılmayacağının anonsunu vermişdi. “Hər bir rayonun iqtisadi və sənaye potensialı güclənməlidir. Buna imkanlar var. Ancaq bizim əksər rayonlarımız dotasiya ilə yaşayır. Əvvəlki illərdə biz buna, necə deyərlər, göz yuma bilərdik.
Böyük gəlirlərimiz var idi və bu dotasiyaları biz verirdik. Ancaq nə üçün bizim rayonlarımız dotasiya ilə işləməlidirlər? Bizim rayonlarımızın orta hesabla əhalisi o qədər də böyük deyil. Onlar özləri iqtisadi cəhətdən daha səmərəli işləsələr, bütün xərclərini bağlaya bilərlər”, – deyə Ilham Əliyev müşavirədə bildirmişdi.
Bu günlərdə redaksiyamıza məlum olub ki, bu məsələ təxirə salınıb. Yəni, Ilham Əliyevin məlum fikirlərinə rəğmən hansısa səbəbdən rayonların dotasiyadan məhrum edilməsi məqsədəuyğun sayılmayıb.
“Azadlıq” hələ o zaman yazmışdı ki, Ilham Əliyevin bu niyyəti baş tutmaya bilər. Çünki icra başçılarının yerlərdəki vəziyyətlə bağlı raportlarla tanışlıqdan sonra bəlli olub ki, rayonlardakı iri ticarət obyektləri, müəssisələr, restoran və şadlıq sarayları, xidmət sahələri yüksək vəzifəli məmurlara məxsusdur. Icra başçıları raportlarında qeyd ediblər ki, məmurlara məxsus obyektlərdən vergi və digər rüsumları yığmaq mümkün deyil. Bu baxımdan da dotasiyasız vəziyyət çətin olacaq.



