Özünüz niyə qənaət etmirsiz?

ilham-mushavireİlham Əliyevin çağırışı yalnız sadə vətəndaşa şamil olunur

Azərbaycanın iqtisadiyyatı neftdən asılı vəziyyətdə olduğuna görə neftin qiymətinin kəskin ucuzlaşması ölkəni ağır böhranla üz-üzə qoydu. Vəziyyət o həddə çatdı ki, ölkə başçısı Ilham Əliyev valyuta ehtiyatlarının azaldığını, qarşıda bizi ağır günlər gözlədiyini etiraf etdi. Hətta ölkə başçısı israrla bildirdi ki, israfçılığa son qoymaq, hər qəpiyin qədrini bilmək, qənaət rejiminə keçmək lazımdır. Bundan sonra bu istiqamətdə təbliğat genişləndi, lazımsız layihələrin icrasının dayandırılacağı bildirildi.

Amma Ilham Əliyevin çağırışından bir müddət ötsə də nə qənaət gözə dəyir, nə də israfçılıq azalıb. Hökumətin qənaəti yalnız sadə vətəndaşa məhrumiyyət yaşatmaqdan ibarət olub. Bütün məhsulların qiyməti qalxıb və vətəndaş qida rasionuna qənaət edib. Suyun qiyməti qalxıb, vətəndaş suya qənaət edib. Işığın qiyməti qalxıb, vətəndaş işığa qənaət edib. Indi də çörəyin qiyməti qalxıb, vətəndaş da çörək yeməyi azaldacaq. Hətta son bir ildə nigaha gurənlərin sayında kəskin azalma baş verib. Adamlar ailə həyatı qurmağa da qənaət ediblər. Bəli, külfəti artırmaqdan, xərci çoxaltmaqdan imtina edirlər. Ümumiyyətlə, statistik rəqəmlər də göstərir ki, əhalinin alıcılıq qabiliyyəti azalıb. Adamlar sabah vəziyyətin daha ağır olacağını bildikləri üçün az yeməyə, az xərcləməyə üstünlük verirlər.

Amma hökumətin fəaliyətində hər şey əksinədir. Bir tərəfdən qənaətdən danışırlar, o biri tərəfdən israfçılıq fontan vurur. ARDNŞ Londonda ziyafət verir, Konqresmenlərə bahalı hədiyyələr bağışlayır, Avropa çempionatına sponsorluq edir, dəbdəbəli bina tikdirir və s.

Bu biri tərəfədən deputatlara yeni “Mersedes” markalı maşınlar verilir, 6000 manat məzuniyyət xərci ödənilir.  Ardınca 100 milyon manat xərcləyib Formula-1 yarışı keçrirlər, ölkə xaricində xeyriyyə tədbirləri davam edir.

Son olaraq isə Vergilər Nazirliyi üçün 150 milyon manatlıq bina tikmək qərarına gəldilər. Bəli, bütün vergi növləri üzrə kəskin azalma müşahidə olunur, yüzlərlə vergi borcu olan hüquqi və fiziki şəxs var, vergi ödəyiciləri sıradan çıxır və belə bir vaxtda hökumət 150 milyon manatı havaya sovurur. Amma komada yaşayan şəhid ailəsinin, qəzalı vəziyyətdə olan binada məskunlaşmış məcburi köçkünlərin problemini həll etmək üçün 1 milyon manat pul ayırmaq istəmirlər.

Göründüyü kimi Ilham Əliyevin “qənaət proqramı”na heç kim əməl etmir. Təkcə Hesablama Palatasının illik hesabatına nəzər salsaq, istisnasız olaraq bütün sahələrdə yeyinti olduğunu, lazımsız xərclərin meydan suladığını görərik.

Deməli, hökumətin qənaət rejiminin komandanın “həyat və yaradıcılığı”na aidiyyatı yoxdur. Hökumət komandasının xidməti maşınları yenilənir, istirahətləri üçün pul ayrılır, şəxsi maraqlar naminə tədbirlər həyata keçirilir, ehtiyac olmadığı halda bütün dövlət strukturlarına yeni bianalar tikilir və s.

Vergilər Nazirliyinin yeni binası isə bir daha təsdiq etdi ki, heç bir qənaətdən söhbət gedə bilməz. Əksinə, hökumət mənasız xərclərin yerini qiymətləri qaldırmaqla vətəndaşın cibindən çıxarmaq istəyir. “Azərsu”, “Azərenerji”, “ARDNŞ”  pulları havaya sovurmalı, xarici borc yükünü artırmalı, vətəndaş da bunların “şot”unu ödəməlidir.

Bir sözlə, Əliyevin qənat rejimi harın məmurlara şamil edilmir. Hökumət komandasına pulları sağa-sola xərcləmək üçün “yaşıl işıq” yandırılıb. Bəli, xalqdan mandat almayan bir hökumət üçün “qənaət” anlayışı, xalqın haqqını kəsməkdən ibarətdir.

Samir