Əyyub Kərim: «Görünməyən əl hələlik onu xilas edə bilir»
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova ölkədən getmək üçün “yaşıl işıq” yandırıla bilər. Bu barədə məlumatı “Yeni Müsavat” qəzeti yayıb. Məlumatda iddia olunur ki, onu qarşı tərəfə informasiya “bomba”ları atmamaq öhdəliyi ilə ölkədən buraxmaq istəyirlər.
Iddia edilir ki, buna ilkin razılıq var və yaxınlarda səssizcə sabiq MTN şefini ölkədən yola salacaqlar.ÿ”MTN işi”nin öləzimiş şəkildə, ictimaiyyətdən gizlin aparılmasının səbəblərindən biri də budur.
Qəzet yazır ki, E.Mahmudov bu gün faktiki olaraq təcrid olunmuş vəziyyətdədir. Eldar Mahmudovdan tələb edilən xaricdə susması və şərtlərə əməl etməsidir. Əgər o, əvvəllər qohumları ilə əlaqə saxlayıb, onların xeyir-şər məclislərində iştirak edə bilirdisə, indi bu mümkün deyil. Hətta telefondan istifadə etmək belə qadağan olunub. Razılıq əldə olunacaqsa, şərtlər qəbul ediləcəksə, onunla bağlı səhifə bağlanacaq. Amma belə görünür ki, Eldar Mahmudov ölkədə şərt qəbul edib, ağzını bağlayıb xaricə getmək istəmir.
Əsas ehtiyatlanılan məsələ isə onun hansısa məlumatları xaricə ötürə bilməsidir. MTN şefinin xaricə ötürə biləcəyi faktlar və informasiyaların kifayət qədər ciddi olmasını söyləməyə, bir daha xatırlatmağa ehtiyac varmı?
Təkcə Eldar Mahmudovun 11 il Azərbaycanın xüsusi xidmət orqanına rəhbərlik etməsi onun əlinin altında bir qalaq kompromatların toplanmasını söyləmək imkanı yaradır. Mahmudov illərlə əlinin altına yığılan, toplanan materialları qaranlıqdan çıxarıb üstündəki tozu üfürmək iqtidarındadır.ÿOnu azadlıqda saxlayan, yaxasından tutacaq dəmir əlləri uşaq oyuncağıtək vurub kənara atan da bu fakt – “kompromat anbarı”nın üzərində oturmasıdır.
Məsələyə münasibət bildirən tanınmış hüquqşünas, “Femida 007″ qəzetinin baş redaktoru Əyyub Kərim ”Azadlıq”a bildirib ki, Eldar Mahmudovun ölkədən getməsi kimi informasiyalar bəzən dezinformasiya xarakteri daşıyır. O, müəyyən qüvvələrin belə bir informasiya verməklə onu ictimailəşdirildiyini və Eldar Mahmudovun ölkədən getməsinin mümkünlüyü, bunun həyata keçəcəyi təəssüratı yaratdıqlarını deyir. Hüquqşünasın sözlərinə görə, bu məsələ tamamilə yalan da ola bilər: “Lakin hər bir informasiyanın özündə həqiqətə yaxın məqamlar var. Eldar Mahmudovun vəzifədən çıxarılmasının yaxınlarda bir ili tamam olacaq. Onun indiyədək susması, olanlara reaksiya verməməsi cəmiyyətdə müəyyən suallar yaradır. Onunla bağlı hakimiyyətin aparıcı hissəsinin fikir bildirməməsi faktları da var. Həmçinin, Eldar Mahmudova qarşı olan qüvvələr onun məsuliyyətdən yaxa qurtara bilməməsinə, məsuliyyətə cəlb olunaraq layiqli cəza almasına çalışırlar. Ortada siyasi iradə görünmür. Görünməyən əl hələlik onu xilas edə bilir”.