Çörəklə imtahana çəkilmək

CorekYaxud, 25 faiz bahalaşmanın arxasındakı 100 faizlik təhqir

Susqunluğun, qorxaqlığın, biganəliyin axırı belə də olmalıydı. Xalq dözüm limitini artırdıqca, hökumət talançılıq limitini artırdı. Xalq etirazın dozasını azaltdıqca, hökumət də xalqa qayğının dozasını azaltdı. Nəticədə bir qrup adam milyarderə çevrildi, böyük bir çoxluq isə qəpiyə güllə atmaq “sənət”inə yeyələndi.

Bir müddət “Bakı-Ceyhan-Tbilisi” layihəsinin təbliğatını apardılar, bu layihənin xoşbəxtlik gətirəcəyini sübut etməyə çalışdılar. Uzun illər rəsmi təbliğat gözümüzə boru soxmaqla məşğul oldu. Ardınca idman sahəsindəki uğurları bayraq etdilər, bunu hökumətin uzaqgörən siyasəti kimi cəmiyyətə sıradılar. Amma sonradan məlum oldu ki, idman sahəsi də legionerlərin çiyni üzərində bərqərar olub. Daha sonra mənasız layihələri uğur göstəricisi kimi başımıza çırpmağa başladılar. Avroviziya yarışmasını, olimpiyadadan gətirdiyimiz qızılları hökumətin səmərəli siyasətinin bəhrəsi kimi tirajladılar. Hansıki, bu göstəricilər dünyanın heç bir ölkəsində təbliğat predmetinə çevrilmir, sıradan bir uğur hesab edilir. Vəziyyət ağırlaşdıqca hökumətin saxta uğurları da çoxalmağa başladı. Avropa Oynularını inkişafın zirvəsi kimi göstərdilər. Sanki, bu oyunlar büdcəmizi fantastik dərəcədə çoxaltmış, iqitsadiyyatımızı dirçəltmiş, əhalinin həyat şəraitini yaxşılaşdırmışdı. Sanki, hökumət dünya bazarına yeni brend çıxarmışdı. Amma nəticə göstərdi ki, Avropa Oyunları büdcənin bel sütununu qırdı və ölkəyə misilsiz zərbə vurdu. Bunun ardınca Formula-1 yarışları  gündəmə gəldi və bu yarışın ölkəmizdə keçirilməsinin  analoqsuz töhfələrindən danışmağa başladılar. Amma məlum oldu ki, 100 milyon manat xərclədiyimiz halda, 4 milyon manat gəlirimiz olub.

Bir sözlə, yekun da ayıldıq ki, uzun illər ərzində uğursuzluqları uğur kimi gözümüzə soxublar, qazanan yalnız hökumət komandası olub. Bəli, dövlət və xalq itirdikcə, hökumət komandası qazandı. Indi uğur kimi təqdim etməyə saxta uğursuzluqlar da qalmayıb. Ona görə hökumət sonuncu “uğur”u səhnəyə çıxarıb. Bu da Konstitusiyaya dəyişiklik edib, mütləq monarxiyanın qurulması prosesidir. Xalqa sübut etməyə çalışırlar ki, 23 il ərzində yüz milyardlarla neft pulunun verdiyi imkanlardan düzgün istifadə edə bilməyən hökumət, Konstitusiyanı dəyişməklə yeni inkişaf yoluna  qədəm qoyacaq. Amma yarıtmazlıq, anti-milli mahiyyət o qədər böyükdür ki, vətəndaşı əzmək üçün referendumdan sonrakı mərhələni də gözləyə bilmirlər.

Əvvəlcə suyun qiyməti qalxdı, ardınca işığın, indi də çörəyin. Yazımızın əsas məqsədi də bu məqama diqqət çəkməkdir. Bəli, yuxarıda sadaladığımız “uğur nağılları”nın ardnıca göydən 3 alma düşmədi. Hakimiyyət uzun nağılın sonunda vətəndaşı çörəklə imtahana çəkdi. Bəli, 23 ildir ona görə nağıl danışdılar ki, vətəndaşın diqqətini yayındırıb, dövlətin sərvətini talan etsinlər. Artıq planı həyata keçiriblər və nağıla qulaq asanların mədəsindəki səs-küy bunları narahat eləmir. Açıq şəkildə “ağlın var idi, inanmazdın” mesajı verirlər.

Insanlar həmişə Allaha üz tutanda “bizi çörəklə sınağa çəkmə” duası edirlər. Hakimiyyət isə vətəndaşı sözün həqiqi mənasında çörəklə sınağa çəkir. Bu qədər talançılıqdan, bu qədər yartımazlıqdan sonra da dayanmadılar. Insanları borc bataqlığına salmaq, bütün məhsulların qiymətini 50-60 faiz qaldırmaq, kütləvi ixtisarlara start vermək azmış kimi, indi də çörəyin qiyməti qalxdı. Deməli, bu dəfə bütün xalq sınağa çəkildi. Hansıki, dünya bazarında buğdanın qiyməti 30 faiz aşağı düşüb. Üstəlik, ölkəyə 4-cü, 5-ci sort buğda gətirilir ki, bu da mal-qara yemi üçün nəzərdə tutulur. Sadəcə olaraq yemlik buğdanın qiyməti 40-50 faiz ucuz olduğu üçün  oliqarxlar həmin buğdadan gətirirlər. Başqa bir məqam bundan ibarətdir ki, hökumət ölkədən valyuta çıxmasını istəmir. Ən çox valyuta aparan 50 məhsul siyahısında taxıl birincdir. Ölkədə müəyyən qədər taxıl olduğuna görə məqsədli şəkildə idxal azaldılıb, bu da qiymətlərin artmasına gətirib çıxarır.

Bəli, ölkənin bütün potensialı məqsədli şəkildə əridilib, məqsədli şəkildə dövlətin xarici borcu artırılır və ölkə vətəndaşları zəruri ehtiyacları ödəməkdən məhrumdu. Hökumət real islahatlar aparmamaq üçün istənilən imitasiyaya əl atmağa hazırdı. Çünki, real islahatlar korrupsiyanın, monopoliyanın ləğvi deməkdir, şəffaf seçki deməkdir, müstəqil məhkəmə deməkdir, azad sahibkarlıq deməkdir, şəffaflıq deməkdir və s.  Bu isə hökumətin mahiyyətinə ziddir.

Təbii ki, qarşıdakı mərhələdə vəziyyət daha da çətin olacaq. Heç bir kompleks keçirmədən vətəndaşı çörək imtahanına çəkən hökumət, qarşıda daha dəhşətli “sürpriz”lər edəcək.

Yuxarıda da qeyd etdiyimz kimi hökumət bu addımları xalqın susqunluğundan güc alaraq atır. Hökumət əmin olub ki, xalq çörəyi qulağına yeyir. Haqqı oğurlanmış xalqı 25 faiz çörək artımı ilə “mükafat”landırıb, referenduma çağırırlar. Bu təkcə çörəyin qiymətini 25 faiz artması deyil, bu həm də vətəndaşın 100 faiz təhqir olunmasıdır. Həm çörəklə, həm də təhqirlə sınağa çəkirlər.

İlham