Bu dəqiqələrdə Ermənistan Milli Təhlükəsizlik Xidməti bəyanat yayıb.
Bəyanatda deyilir: “Zəbt olunmuş polis alayının azad edilməsi üçün iyulun 30-dan 31-dək davam edən antiterror əməliyyatı başa çatıb. Ermənistan güc strukturlarının xüsusi dəstələri özlərinin koordinasiyalı hərəkətləri ilə qiyamçıları məcbur ediblər ki, silahları yerə qoyub, hakimiyyət orqanlarına təslim olsunlar. 20 qiyamçı həbs olunub”.
***
Mitinq iştirakçıları qiyamçıların tərksilaha razılıq verdikləri barədə deyilənləri təsdiq edən deputat Tiqran Xzmalyanı fitə basıblar.
Bu arada təxminən yarım saat əvvəl zəbt olunmuş polis alayının yanında atışma olduğu barədə xəbər yayılıb.
***
Ermənistan parlamentinin üzvü Tiqran Xzmalyan nümayişçilər qarşısında çıxış edərək, qiyamçıların tərksilah olmağa razılaşdıqlarını təsdiqləyib.
Onun sözlərinə görə, prosesdə general Balasanyan və jurnalistlər iştirak edəcək.
***
Yerevanda polis binasını ələ keçirmiş qiyamçılar silahları yerə qoymağa razılıq veriblər.
Bu barədə qiyamçılardan biri-Varujan Avetisyan məlumat verib.
Məlumata əsasən, silahlar yerli vaxtla saat 20.00-da yerə qoyulmalı idi.
V.Avetisyan onu da bildirib ki, Sarkisyan rejiminə qarşı mübarizəni bundan sonra da davam etdirəcəklər: “Biz mübarizəmizi hərbi əsirlər kimi davam etdirəcəyik. Biz siyasi məhbus yox, “hərbi əsirlər” adlanacağıq”.
Bu arada o da məlum olub ki, zəbt olunmuş polis alayının ərazisi bu gün snayperlər tərəfindən atəşə tutulub, pilotsuz uçuş aparatı isə qiyamçıların başına bomba yağdırıb.
***
Ermənistanın Sisyan rayonunda yüzlərlə adam etiraz aksiyasına çıxıb.
Aksiya iştirakçıları beynəlxalq avtomobil yolunu bağlayaraq barrikadalar qurublar.
***
Yerevanda “Sasna tsrer” qrupunun üzvü Seto Nazaryan yaralanıb. O, sinəsindən güllə yarası alıb.
Məlumata görə, Seto Yerevana Barselonadan qiyamçılara qoşulmaq üçün gəlib.
Artıq onun əməliyyat olunmaq üçün xəstəxanaya aparıldığı bildirilir.
Bu arada qiyamçıların lideri Pavel Manukyanı xərəkdə məhkəməyə gətiriblər. Məhkəmə cəmi 5 dəqiqə çəkib və P.Manukyan barəsində 2 aylıq həbs qərarı verib.
Polisin yaydığı məlumatda isə bildirilir ki, qiyamçılardan iki nəfəri təslim olub.
***
Yerevanda faktiki olaraq fövqəladə vəziyyət hökm sürür. Küçələrdə əli avtomatlı polislər növbə çəkir. Bütün maşınlar, piyadalar yoxlanılır. Ən ciddi yoxlamalar metronun giriş-çıxışlarında müşahidə olunur.
Ələ keçirilmiş polis binasının (Post Patrul Xidməti) ətrafında vəziyyət gərgin olaraq qalır. Hərçənd, ərazidə zirehli texnikaların və polislərin sayı da azaldılıb. Erməni mənbələri məlumat yayır ki, yerli vaxtla saat 12 radələrindən etibarən PPX ərazisində ardıcıl partlayışlar baş verir. Lakin bunun səbəbi barədə məlumat yoxdur.
https://www.youtube.com/watch?v=srFhhzu5Z3c

Bu arada Ermənistan polisi dünən polis əməkdaşının ölümünə səbəb olmuş güllənin uçuş trayektoriyasını dərc edib. Polis təsdiqləyir ki, güllə snayperlə PPX binasının damından atılıb.






