Yeni ANS kim olacaq?

aqil-meherremovAqil Məhərrəmov

Hami bilir ki, Azərbaycan televiziya məkanı uzun illərdir diktə ilə idarə olunur. Bütün kanallar öz dəst-xəttini hökumətin maraqlarına uyğun müəyyənləşdirir. Televiziyalarda maarifləndirici proqramlar yayımlanmamalı, ancaq  şou və əyləncə təəssüratı yaradan verilişlərə üstünlük verilməlidir. Bu illər ərzində, demək olar ki, bütün kanallar AZTV-ləşmiş, yalnız ANS bir qrup üçün digər kanallardan fərqli qalmışdı. Yəqin ki, bu fərqliliyi də həm ilk müstəqil kanal olmasına, həm də əvvəllər göstərdiyi mövqeyə borclu idi.

İnsanlarda bir ümid var idi ki, bəlkə ANS  nə zamansa düzünü göstərər, bəlkə bir gün çaşıb doğruları lazımı yerlərə çatdırar. Bu bir qrup da az sayda insandan ibarət deyildi amma. Onlar sosial şəbəkələrdən istifadə etməyən, xəbərləri, məlumatları efirdən dinləyən insanlardı.

Bəllidir ki, ölkədə sosial şəbəkələrə güclü meyl ancaq son illərdən başlanıb. Üstünlük də odur ki, televiziya kanallarından fərqli olaraq, sosial şəbəkələrə bir qayda olaraq əmr vermək olmur. İnsanların sosial şəbəkələrə sürətlə qoşulması, həmçinin xəbərləri də oradan alması hökumətə sərf etmir. Bu hökumətin yalanlarının, inkişaf nağıllarının daha tez ifşa olunmasına kömək edir. Sosial şəbəkələrdə insanlar xəbərləri daha çox müxalif şəxslərdən, səhifələrdən əldə edirlər. Bu isə ölkədə kanallar vasitəsi ilə illərdi aparılan “müxalifət yoxdur” fikrini faktiki olaraq sıradan çıxarır.

Bütün bu halları bilən hökumətin son zamanlar ANS-lə bağlı planları başqa idi. Ümumiyyətlə, düşünürəm ki, ANS -in bağlanması hökumətə sərf etmirdi. Niyə? Son zamanlar  kanala sərbəstlik verilmişdi. İnsanların həvəslə izlədiyi, verilişləri baxış sayına görə öndə olan Elgizi, Ulviranı, Xoşqədəmi və başqalarını siyasi ağırlıqlı proqramlara cəlb etmişdilər. Bu şəxsləri sevirik, sevmirik, məsələyə aidiyyatı yoxdur. Əsas odur ki, onların da öz izləyici kütlələri var və bu həmin kütləni manipulyasiya etmək üçün işə yarayır. Bu verilişlərə müxalif mütəxəssisləri də cəlb edirdilər. Hətta geniş müzakirələr edilir, məmurlar (prezident yox, yalnız məmurlar) ən yüksək səviyyədə tənqid edilir, zaman-zaman müxalifətdən də xəbərlər, reportajlar yayımlanırdı. Bu imitasiya görüntüsü, insanları yenidən efir məkanına qaytarmaq, sosial şəbəkələrdən efirə yığmaq cəhdi idi. Məmurları tənqid edirdilər, istədikləri vaxt da müxalifəti, sözün əsl mənasında, yıxıb sürüyürdülər. Yeni imic qazanmış, tənqidçi kimi oturuşmuş ANS-in xüsusi zamanlarda, həmçinin seçkilərdə müxalifəti yerdən-yerə vuran süjetləri insanlarda inandırıcılıq yaradacaqdı. Bir sözlə, “ANS hamını tənqid edir, hamıya balanslı yanaşır” xəttini insanların şüuraltına qəbul etdirirdilər. Bu baxımdan ANS-in bağlanması hökumətə sərf etmirdi.

Qənimət Zahidov yaxşı yazmışdı, hökumət bir ”alo”nun zibilinə düşüb. İndi maraqlısı odur ki, ANS-in rejimə hava və su kimi lazım olan bu missiyasını kim icra edəcək? Mövcud olan kanallar bunu bacararmı? Yoxsa yeni kanal açıb mediaya bomba kimi bir layihə təqdim etməkmi daha uğurlu olar? Sanki bu daha ağlabatandır. İnsanlar arasında dolaşmağa başlayacaq ki, yeni kanal açılıb, doğruları danışır, hamını tənqid edir. Axı insanımız belə hallara acdır. Madam ki, konstitusiyaya ediləcək dəyişikliklər də əl verir ki, kanalda hansısa harınlamış məmur davamlı tənqid edilsin, sonra da ölkə başçısının qərarı ilə işdən azad edilsin və əmlakı müsadirə olunsun… Ağlabatan versiya deyilmi? Həm pul qazanırlar, həm də kanalın reytinqini qaldırırlar.