Və indi… sən hardasan?

zumrud-yagmur-yeniZümrüd Yağmur

yagmurzumrud@gmail.com

Türkiyədə baş vermiş son olaylarda aldığı güllə yarasından sonra ayağı kəsilmiş 27 yaşlı bir qızın müsahibəsini dinlədim. “Ərdoğanı sevmirəm, siyasətini də dəstəkləmirəm. Mən oraya dövlətim üçün getdim və bir ayağım da dövlətimə qurban olsun”.

Ey dövlətinin təməlləri sarsılmaqda olan, respublika dəyələrini məhv edib ölkədə monarxiya yaratmaq istəyənlərin qarşısında susan xalqım, bax, vətəndaşlıq belə olur.

“Nə edək, lider yoxdur” deyib qorxusunun kölgəsinə sığınanlar, illərdir başına açılan min oyuna rəğmən susub “müxalifət zəifdir” bəhanəsinin küllüyündə eşələnənlər, ideallarına deyil, dünya malına, adi və gündəlik yaşama sarılanlar, özünü bir şey zənn edənlər, qadınlığı yaxşı geyinməkdə, kişilyi eyş-işrətdə bilənlər…, alın, bu da sizə lider İnsanın ideallarından böyük lider ola bilərmi?

Bir vətəndaş üçün milli şüur və dövlətçilık anlayışından böyük lider ola bilərmi? İllərdir Azərbaycan xalqı başına açılan yüz oyuna rəğmən “lider yoxdur” bəhanəsinin küllüyündə eşələnməklə məşğuldur.

İllərdir “müxalifət zəifdir” deyib öz biganəliyinə haqq qazandırmaq istəyən xalqım, axı sən tarixin heç bir dönəmində səhnədə olmamısan, öz rolunu oynamamısan. İranla Rusiya bu ölkəni böləndə harda idin? Xanlıqlar arasındakı didişmə nəticəsində Rusiya qoşunları buraya çağırılanda sən nə işlə məşğuldun? Qonşu olduğun beş ölkə arasında bölünüb doğrananda sən yoxsa lider axtarışındaydın? Və indi… sən hardasan?

Bir ölkədə bu qədər ədalətsizlik baş verirsə, bütün ölkə müxalif olmalıdır. Müxaifət bir partiya və ya təşkilat olmamalıdır. Müxalifət zəifdirsə, demək sən ədalətsizliyə, haqsızlığa və zülmə müxalif deyilsən.

Müxalifət zəifdirsə, demək sən ona donorluq etmirsən, sıralarına qoşulmursan, canına can, qanına qan qatmırsan.

Məgər Türkiyədə Ərdoğanı sevdiklərindən, Kılıçdaroğlunu dəstəklədiklərindən, Baxçalıya inandıqlarından çıxdı o insanlar küçəyə?! Yox! Ey bəhanələrinin küllüyündə eşələnib, yalanlarının arxasına sığınıb, qorxusunun kölgəsində gününü gün edən xalqım, kimsəyə görə deyil, öz dövlətinə, gələcəyinə görə çıxdı. Vətəndaş kimi dövlətsiz qalıb, yetimə çevrilməmək üçün ölümü gözə aldı. Çünki hesab etdi ki, dövlətçiliyi təhlükədədir…

Ya bəlkə güneyli soydaşlarımızı bir xatırlayaq? Necə gündür Təbrizdə, Urmiyədə etirazlar keçirilir, həbslər baş alıb gedir. Kimsə də deyə bilməz ki, Azərbaycanın qüzeyindəki həbsxanalar İran rejimininkilərlə eynidir. Ordakı zülm burda yoxdur, amma baxın, dövləti olmadığı halda milli kimliyinə xələl gətirəcək hər şeyə qarşı dayanır, iki yüz ildən artıq bir zaman kəsiyində dəfələrlə qan gölündə boğulmağa məhkum edilir, lakin yenə də qalxıb “haray, haray mən türkəm” deyib fars şövinizminin önündə dik durur. Xatırladım ki, lideri, müxalifət partiyası-filan da yoxdur!

İndi Azərbaycanda monarxiyanın addım səsləri eşidilir. Referendum keçiriləcək.

Xalq da təbii, o səsverməyə getməyəcək. Yenə “onsiz da istədiklərini edəcəklər” düşüncəsi ilə biganəliklərinə haqq verib gündəlik həyatlarını sürdürəcəklər.

Yaxşı, sənin dövlətində sənin iznin olmadan istədiklərini edirlərsə, bu nə demək olur?

Öz evini qoruya bilməyən, qorxusundan başını qaldırmayıb onu düşmənə təslim edən birinin halını göz önünə gətir və halına qiymət ver, ey mənim “ermənilər toyuqdur” deyə-deyə o “toyuğa” torpaq “hədiyyə” edən xalqım…

Ömründə bir dəfə qəzet oxumayan, bir dəfə mitinqə qatılmayan, amma “kimin arxasınca gedək?” deyənlər, bəlkə o qədər fövqəl və yenə fövləqsiz ki, sizə başqa bir planetdən nəsə elə fövqəl bir lider, müxalifət gətirək?

Ömründə bir dəfə haqsızlığı qarşı durmayan qalxıb utanmazcasına gileylənir ki, əşi, bizim xalq hər şeyə dözür, vecsizdir.

Bir tində əl öpüb yaltaqlanan, yaddaşını çox sürətlə təmizləyib, başqa bir döngədə yaltaqlığı lənətləyir, verdiyi rüşvətin acısı canından çıxmayan “bizdə rüşvət hər zaman olub, biz düzələn deyilik” deyib başını müdrik-müdrik yelləyir. Və bütün bunların fonunda da özünü inandırır ki, bizdən bir şey çıxmaz. Əslində, bu ölkədə “bizdən bir şey çıxmaz” yalanından böyük yalan yoxdur. Çünki hər xalqdan nəsə çıxır…