Tərtərdə AXCP yetkilisinin evi hər gün daşa basılır

axcpPolisə müraciət olunsa da, heç bir tədbir görülmür

AXCP-nin Tərtər şöbəsinin sədri Etibar Ələkbərovun yaşadığı ev naməlum şəxslər tərəfindən daşa basılır. Bu barədə “Azadlıq”a Etibar Ələkbərovun özü məlumat verib.

Onun sözlərinə görə, artıq 1 həftədir ki, naməlum şəxslər yaşadığı evi daşa basır: “Hər gün səhər saat 9-da və gecə 1-də bu hal təkrarlanır. Evdə bircə dənə salamata pəncərə qalmayıb. O gün bacımın nəvəsi bizdə idi. Uşağın başı yarılıb. Neçə dəfə cəhd etmişik həmin şəxsləri tuta bilməmişik. DIN-nin 102 xidmətinə də müraciət etmişəm, heç bir nəticəsi yoxdur”.

AXCP yetkilisi bildirib ki, qonşuları da bundan narahatdır: “Qonşularımla münasibətim çox yaxşıdır. Hər dəfə evim daşa basılandan sonra onlar da bunu edənləri yaxalamaq üçün mənə dəstək olur. Amma çıxırıq həyətə görürük ki, heç kim yoxdur. Polislər də gəlib bizi dinləyib gediblər. Heç bir tədbir görmürlər”.