natiqedilov

“…İndi isə xarici xəbərlərə keçirik”

natiqedilovNatiq Güləhmədoğlu

Söz vaxtına çəkər, 2011-ci ilin yay ayları idi. Siyasi sifarişlə məhkum edilən Fuad Qəhrəmanlı (AXCP sədrinin müavini) ilə uca dağların zirvəsində bir ortabab iş adamıyla həmsöhbət olmuşduq. Onu bizə ziyalı kimi təqdim eləmişdilər.

Həmin ziyalı millətimizə xas gözəl xasiyyətdən – məsləhət vermək, yol göstərmək, ağıllı və müdrikcəsinə çıxışlar etməkdən məhrum deyildi. Bunun üçün də, ölkənin ən böyük müxalifət partiyasının funksionerini (Fuad Qəhrəmanlını) və ölkənin ən ciddi, oxunaqlı qəzetinin müxbirini (bəndənizi) çənəsinin altına salıb, dünyanın politik-ekonomik, mənəvi vəziyyəti barədə geniş məruzələr elədi. Biz onu birtəhər çəkib, 20 faizi yağı tapdağı altında olan ölkəmizin sərhədlərindən içəri güclə saldıq. Dedik, ey dili-qafil, ətraflı məruzən çox gözəldi, bəs evimizin içi barədə – bu yaralı Araz, dəli Kür, coşan Xəzər, bərəkətli Muğan, yağı tapdağında qalan yurd yerləri, insan haqları, mücadilə, tafya-klan, irtica barədə fikrin nədi?

Ziyalımız kəsədən vurdu: “Əşşi, bizdə müxalifət var ki?”

Biz bu cavabı elə bir şəraitdə eşidirdik ki, həmin vaxt, Ictimai Palatanın saxta parlament seçkilərinə görə başladığı aksiyalar davam edirdi. Təkcə “2 aprel mitinqi”nə görə 16 müxalifətçi türmədəydi, o cümlədən Fuad Qəhrəmanlı da cinayət məsuliyyətinə cəlb edilmişdi, amma barəsində həbs-qətimkan tədbiri yox idi.

Fuad Qəhrəmanlı təmkinli davrandı. Ziyalının qarşısında belə bir sual qoydu:

– Nəyə əsasən deyirsən ki, müxalifət yoxdur?

– Olsa, görərik də. Müxalifət olar Türkiyədəki kimi. Hər gün mitinq edirlər, sözlərini deyirlər, hökuməti divara dirəyirlər.

– Türkiyədəki işlərdən hardan xəbər tutursan?

– Televizordan.

– Bax, məsələ də burdadır. Türkiyədə müxalifəti ona görə görürsən ki, orada onu göstərirlər. Bizdə isə göstərmirlər. Ancaq bu o deməkdirmi ki, televizorun göstərmədiyi şey həyatda yoxdur? Ona qalsa, bizim televiziya deyir ki, Azərbaycanda rüşvətxorluq, özbaşınalıq, işsizlik də yoxdur. Inanırsan buna?

Müdrik ziyalımız insafən, Fuadın dəlilləri ilə razılaşdı, cığallıq eləmədi. Biz ona, xoşbəxtlikdən yanımda olan kompüterdə “2 aprel” mitinqini göstərdik. Kişi insanların Bakı küçələrində polisin amansız müdaxiləsinə rəğmən aksiya keçirib, rejim əleyhinə şüarlar səsləndirməsindən xeyli mütəəssir oldu. Bizə söz də verdi ki, günü sabah “data-kart” alacaq və prosesləri internetdən, saytlardan izləməklə ayıq-sayıq vətəndaş mövqeyi tutacaq.

Mən indi xəbərsizəm, o ziyalı hazırda hansı mövqedə, ölkədaxili siyasətlə bağlı hansı fikirdədir. Bu heç maraqlı da deyil. Bu xatirəni sadəcə, “xarici siyasət” mövzusuna sevgili yurddaşlarımızın həssaslıq və ifrat diqqət göstərməsinə nümunə kimi yazdım.

Türkiyə hadisələri (terror aktları, çevriliş cəhdi), Avropada hansısa terakt və ümumən ölkəmizin sərhədlərindən xaricdə nəsə bir alababat qəza baş verəndə mən maksimum çalışıram “facebook”a girməyim. Ona görə ki, risk böyükdü, adam “beynəlxalq şərhçilərin”, “xarici siyasət üzrə ekspertlərin”in tapdağı altında qala bilər.

Yəqin, az-çox müzakirə imkanı olan hər yerdə (çayxanalarda, məscidlərdə, yasxanalarda) belə “xarici mövzular” hakim olur. Dəqiqin siz bilərsiz, iş belə gətirib ki, mən cəmiyyətimizlə əsasən sosial şəbəkələr vasitəsilə kontakt qururam.

Insanlarımızın xarici siyasət barədə gen-bol danışmasının təbii səbəbinin birini lap başda göstərdik. “Aşıq gördüyün çağırar” deyiblər, camaatı çox qınamayaq. Televiziyaların xəbər bloku 85 faiz xarici siyasət xəbərləridirsə və alternativ mənbələri insan tanımırsa, belə də olmalıdır. Bu, azbilənlər üçün bir bəraətverici aqrument, bəs bütün günü internetdə yatanların “xarici siyasət eksperti”nə çevrilməsini hansı dəftərə yazaq?

Özü də bilirsinizmi qəribə nədir? Bu “ekspertlərin” çoxunu danışdır, AzTV-yə güləcək. Nəyinə güləcək? Orasına ki, AzTV qulağının dibində, məsələn, Bayıldakı sosial-siyasi problemləri görməzdən gəlib, uzaq Almaniyanın, Yaponiyanın hansı fəlakətlərə düçar olmasından saatlarla süjetlər verməsinə…

Fəqət, gəlin, bu fenomenə də (insanların öz tənqid hədəflərinə bənzəməsinə) pozitiv tərəfdən baxaq. Azərbaycan insanlarının kütləvi surətdə xarici siyasətdən yazıb-pozması, analizlər etməsi, mühakimə yürütməsi Ilham Əliyevin ölkədə reallaşdırmaq istədiyi bir məkrli plana qarşıdır. O və əyanları uzun illərdir əlləşib-vuruşurlar ki, insanlar siyasətin nə olduğunu unutsun, bu barədə heç kim danışmasın. Danışmağa, müzakirəyə isə onların təqdim elədiyi mövzular budur: manıslar və idman.

Ölkəmizdə totalitar bir mühit var. Daxili siyasətlə məşğul olmaq, ondan danışmaq təhlükəli işə çevrilibsə, insanların belə bir ehtiyaclarını xarici siyasətlə konpensasiya etməsini də başa düşmək lazımdır. Bu, bizə o ümidi verir ki, insanlarımız siyasi hazırlığını itirmir, bir gün demokratiya rüzgarları məmləkətdə əsəndə siyasi savadı, mühakimə qabiliyyəti olan insanların praktiki faydasını götürəcəyik.

Xarici siyasətə qurşananları bu qeydlərimiz bir az toxdadacaq, söz yox. Ancaq sizi and verirəm inandıqlarınıza, arada heç olmasa, Azərbaycana da boylanın. Hərə bir az əmək qoysa, ölkədə də demokratiya tez bərqərar olar. Onda daha danışmaq, müzakirə üçün Irana-Turana da ehtiyac qalmaz. Qorxusuz-hürküsüz özümüzdən söz aça bilərik.