Hava, su, od, torpaq və… ədalət!

elnuras-kitabteqdimElnur As

elnurastanbeyli@gmail.com

ANS-in lisenziyasını ləğv etdilər, onun tamamilə bağlandığı yazılır, söylənir.

Tamamilə bağlanıb ya yox, bunu zaman göstərəcək. Biz bu “film”i əvvəllər də izləmişik, belə çox bağlanıb açılmalar görmüşük. Odur ki, qəti söz demək çətindir. Mənə isə ümumiyyətlə, maraqlı deyil. Hardasa 10 ilə yaxındır ANS də daxil olmaqla heç bir rejim telekanalını izləmirəm, övladlarıma da izlətmirəm, səbəblərini sadalamağa gərək yoxdur, hər kəs bilir, bu bir özünəhörmət məsələsidir.

***

Digər tərəfdən: mənim dünyagörüşümə görə, ANS-in hansı səbəblə olur olsun, qapadılmasının söz azadlığı ilə əlaqəsi yoxdur. Çünki mənim dünyagörüşümə görə, yalan, yaltaqlıq, iftira söz azadlığına daxil deyil.

Dünən bu rejim telekanalının bağlandığı xəbəri gələndə sosial şəbəkədə bir çox gənc dostlar belə bir mülahizəni müdafiə etməyə başladılar ki, əsl günahkar xalqdır, guya ANS əvvəlki illərdə bağlananda xalq onun arxasında dayansaydı, o da indiki vəziyyətə düşməzdi.

Mən bu gənc dostları qınamıram, onlar aktiv ictimai-siyasi proseslərə yeni qoşulublar, 10-15 il öncə ilə bağlı ya bilgisiz ola, ya da bilib unutmuş ola bilərlər.

Odur ki, ANS-in Azərbaycanın demokratik gələcəyi adına bütün həlledici situasiyalarda oynadığı zərərli rolu bir kənara qoyub, Vahid Naxışın səfalət xalqın qapısının ağzını kəsdirdiyi bir vaxtda çıxıb “devalvasiya iqtisadiyyata xeyir gətirən bir şeydir” sərsəmləməsini unudub, ölkə həbsxanaları ağzınacan müxalif fikirli insanlarla doldurulmuşkən Mirşahinin efirdən “Azərbaycanda söz azadlığı var, olmasaydı, mən burda danışa bilərdimmi?” hayqırışına boş verib, sadəcə aşağıdakıları mütləq yazmaq gərəyi hesab edirəm.

BIR: ANS 2006-cı ildə bağlananda cəmiyyət hər şeyə rəğmən buna necə reaksiya vermişdi, ANS də həmin reaksiyanı necə cəmiyyətin təpəsinə vurmuşdu, bilənlər bilir, o hadisənin şahidləri də hələ ölməyiblər. Məsələn, Zamin Hacı hardasa iki həftə əvvəl, onun yayımı dayandırılanda sosial şəbəkədə bu haqda maraqlı bir qeyd paylaşmışdı: “2006-cı ildə ANS bağlananda yığışdıq getdik ofisə. Baxmayaraq mənim artıq bunlardan zəhləm gedirdi. Ancaq söz azadlığı-zad… Getdik, bir salona yığdılar hamını. Açıq görünürdü, camaatın həyətdə toplanmasını istəmirlər. Salonda Vahid, Mirşahin-filan çıxış elədilər, dedilər, bu bağlanma söz azadlığına dəxli olmayan hadisədir, bizi müdafiə eləməyiniz də lazım deyil, çıxın gedin”.

IKI: Qardaşlar, yoldaşlar, sirdaşlar, qəlbidaşlar! Niyə unudursunuz ki, havayı pendir tələdə olur. Makaron, saat biznesini bunlara qara qaşlarına, qara gözlərinə aşiq olduqları üçünmü vermişdilər? ANS medalın görünən üzüdür. Onun görünməyən üzünü – “Dadlılar”ı, IMF saatlarını nə tez yaddan çıxarırsınız?

ÜÇ: Və ən vacib məqam olsa, – yeri gəldi, gəlmədi, xalqı əsas baiskar, günahkar kimi qələmə verməkdən əl çəkmək lazımdır. Xalqda təpər olsa, zatən ölkə bu günkü vəziyyətə gəlməzdi, gətirilməzdi. Yaxşı, “xalq zəifdi”, “xalq susqundu” deyə neyləyək, gedək hamımız yalan, yaltaqlıq xorunamı qoşulaq, oliqarxların qoynuna girək, korrupsiya pullarındanmı bəslənək? Xalq taleyi ilə barışıb, aqibəti ilə razılaşıb deyə neyləyək, həqiqəti söyləməkdən, doğruları hayqırmaqdan, tənqid etməkdən, zülmə, zalımlığa səs çıxarmaqdan vazmı keçək?!

***

Və sonda.

Əminəm ki, ölkədə hüquqi-demokratik dövlət qurulmuş olsaydı, ANS indiki gərəkçə ilə əsla və əsla qapadılmazdı.

Indi görürsünüzmü, ədalət düzəninin qurulması hər kəs üçün nə qədər vacib, nə qədər həyati məsələdir, hava, su, od, torpaq qədər önəmlidir?! O düzən yaradılsaydı, bu gün başınıza bunlar gələrdimi, cənab vahid naxışlar, mirşahin ağayevlər?!

Kimsə unutmasın: ədalətsizliyə qarşı çıxmağa cəsarəti çatmayanlar, bu da mümkün deyilsə, barı ədalətsizliyin bərqərar olmasında, güclənməsində, möhkəmlənməsində iştirak etməkdən imtina etməyənlər həmin ədalətsizliyin ilk qurbanına çevrilirlər.

Bir növ öz qazdıqları quyua düşmüş olurlar.

Tarix buna dair örnəklərlə doludur, yeni örnəklər yaratmağa da davam edir.

Nə gizlədim, bu mənə ancaq və ancaq zövq verir.