Dua edən və çalışan əllər

saadet-cahangir-koseSəadət Cahangir

Taleyimizi dəyişən anlar var. Bu, bəzən bir təsadüf, bəzən bir addım, bəzən bir görüş, bəzən də bir yardımçı əl sayəsində baş verə bilər. Amma o, sadəcə, həyatımıza toxunan kiçik bir məqamdır. Yolu irəli getmək öz əlimizdə. Çalışmaqla, qeyrət göstərməklə, çətinliklərə dayanmaqla gedə biləcəksənsə, üfüqlər açıqdır. Qorxaraq, çəkinərək, tərəddüd içində duruxa-duruxa baxacaqsansa, heç boşuna yorma özünü. Həyatını cidd-cəhdlə dəyişmək istəyən hər kəsin qarşısına mütləq mənada belə məqamlar çıxır. O anı yaxalayan və bir daha buraxmayan adamlardır, bəlkə də dünyanın ən şanslı adamları. Məsələn, dünya şöhrətli alman rəssamı Albrext Dürerin həyatına yön verən maraqlı bir məqam var – qardaşı ilə birlikdə “bəxtini sınadığı” kağız parçasından çıxan adı…

Həmin o Albrext Dürer 15-ci əsrin məşhur rəssamları arasında yer alan bir çox bənzərsiz əsərlərin müəllifidir. Almaniyanın Nürnberq şəhərində 18 uşaqlı ailədə doğulan rəssamın həyat hekayəsi yaradıcılığı üçün böyük material vermişdi. Iyirmi nəfərlik ailəyə baxmaq üçün gün ərzində 18 saat işləyən bir atanın oğlu idi Albrext. Istedadı kiçik yaşlarından üzə çıxmışdı. Qardaşı Albert də onun qədər sənətə maraqlı bir gəncdi. Hər ikisinin böyük arzusu şəhərin sənət akademiyasında oxumaqdı. Amma necə? Ailənin durumu bəlli. Gündəlik güzəranı güclə qarşılayan ata necə oxudacaqdı onları həmin akademiyada? Bir gün bəxtlərini kağız parçasında sınamağa qərar verdilər. Qutuya atılan kağızdan kimin adı çıxsa, o, oxumağa gedəcək, ikinci qardaş mədəndə çalışaraq onun təhsil xərclərini ödəyəcəkdi. Sonra da akademiyanı bitirən qardaş rəsmlərini sataraq, mədəndə çalışanı oxudacaqdı. Qutudan Albrextin adı çıxdı. Qardaşı mədəndə çalışıb onu oxutdu. Hələ akademiyada oxuyarkən istedadı ilə tanınmağa və pul qazanmağa başlayan Albrext  təhsilin başa vuran kimi qardaşına “bu qədər fədakarlıq etdin, indi mən səni oxudacağam” dedi. Amma Albertin oxumağa əvvəlki marağı qalmamışdı anlaşılan. “Yox, qardaşım, mənim üçün artıq çox gec. Dörd il mədəndə çalışmaq əllərimi nə hala qoyub! Hər barmağım ən azı bir dəfə əzilib, qırılıb. Son zamanlar da sağ əlimdə dözülməz revmatizm ağrıları başlayıb. Bir stəkanı belə zorla tuturam. Barmaqlarım fırça tutacaq zərifliyini çoxdan itirib. Mənim üçün artıq çox gec” deyir. Bu cavabdan təsirlənən rəssam qardaş qrafika üslubunda məşhur “Əllər” əsərini işləyir. Rəsmdə mədəndə çalışan qardaşın çatlaq, döyənəkli və cadar-cadar əlləri incə detalına qədər təsvir olunub. Əllərin göyə doğru yönələn mistik havasından təsirlənən insanlar sonra həmin əsərə “Dua edən əllər” adı veriblər. Sonralar Albrext çox məşhur bir sənətçi oldu və taleyini dəyişən o əlləri heç bir zaman unutmadı. “Dua edən əllər” isə düz 6 əsrdir dünyanı dolaşaraq, insanlara pozitiv impuls verən sənət əsəri olaraq qalır…

Mətləbi öz həyatımızın üzərinə gətirmək istəyirəm. Sizcə, kağız parçasında Albertin adı çıxsa, necə olacaqdı? O da qardaşı qədər istedadlı olduğuna görə, yəqin ki, dünyanın məşhurları sırasına düşmək onun qismətinə yazılacaqdı. Amma o, mövcud şərtlər altında böyük xəyallarından vaz keçdi və mədənçi olaraq qaldı. Albrext isə öz uğurlarını təkcə qardaşının dualı əlləri sayəsində deyil, həm də öz istedadlı və çalışqan əllərinin zəhməti ilə qazandı. Bu uzun illər boyunca Azərbaycan insanının həyatından nə qədər belə gözəl məqamlar keçib. Sadəcə, biz hər dəfə o anları əldən qaçırmışıq gedib. Həyatımızda yaxşılığa doğru heç nə dəyişməyib, şansları qaçırmaqda da davam edirik…