Güləsən, ağlayasan?

elnuras-kitabteqdimElnur As

elnurastanbeyli@gmail.com

Bunların Azərbaycanı çağın gerisinə atmaq, onu nəyin bahasına olursa olsun, modern, mədəni, demokratik, gəlişmiş dünyadan uzaqlaşdıraraq, keçmişə yuvarlamaqdan, mağara dövrünə qaytarmaqdan başqa düşüncələrinin olmadığını yazmaqdan əlimiz, syöləməkdən dilimiz qabar olmuşdu. Amma yenə də buna şübhə edənlər, quşqu duyanlar vardı, rejimin mürtəce addımlarına müxtəlif komplo teoriləri, geostrateji zəvzəkliklərlə anlatmağa, əsaslandırmağa çalışanlar tapılırdı.

Və buyurun, görün, dünən YAP-ın icra katibi Əli Əhmədov prezidentlik üçün Konstitusiyada nəzərdə tutulan aşağı yaş məhdudiyyətinin götürülməsini necə izah etmək istəyib: “Yadıma qədim tarixdən Makedoniyalı Isgəndər, orta əsrlərdən Şah Ismayıl Xətai, yeni tarixdən Napoleon düşür. Hər üçü çox gənc yaşlarında dövlətin başında durub, misilsiz xariqələr göstərib. Şah Ismayıl Xətai 14 yaşında, Makedoniyalı Isgəndər 20 yaşında, Napoleon da ondan azacıq artıq yaşda dövlət başına keçiblər. Bəşəriyyətin tarixini onlarsız təsəvvür etmək, sadəcə, mümkün deyildir”.

Adam bilmir neyləsin: gülsün, yoxsa ağlasın!

98 il öncə Türk və müsəlman Şərqinin ilk demokratik respublikasını qurmuş bu gözəlim məmləkətin bu gün – 21-ci əsrdə gəldiyi nöqtəyə, düşdüyü vəziyyətə baxın!

Əhmədovun dedikləri heç də yalnız rejimin keçirməyə hazırlaşdığı referendum şousu ilə Azərbaycanın aydınlıq və azadlıq dolu gələcəyinə dair son ümidlərini də dəfn etməyə hesablanmış dəyişikləri əsaslandırmaq üçün çarəsiz, əlacsız qalmasından, doğru-düzgün, ağlabatan arqument tapa bilməməsindən, ona görə də absurda baş vurmasından irəli gəlmir.

Onun dedikləri həm də mövcud rejimin 1993-cü ildən bu yana Azərbaycanı çağın daha da gerisinə atmağa, mütərəqqi dünyadan daha da uzaqlaşdırmağa, beləcə, bir ailənin, bir klanın əbədi hakimiyyətini təmin etməyə yönəlmiş plan və proqramının parlaq görsənişidir. Hər şey lap əvvəldən – taa 1993-cü ilin yayından düşündükləri, hədəflədikləri kimi gedir!

Təzadın pik nöqtəsini görürsünüzmü: istədikləri vaxt istədikləri cür dəyişdirdikləri o Konstitusiyada bugünkü Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu yazılır, amma eyni Konstitusiyaya etməyə hazırlaşdıqları mürtəce dəyişiklikləri Səfəvi şahı ilə əsaslandırırlar!

Məncə, ərinməsinlər, vaxt itirməsinlər, yeni referendum tamaşası qurmuşkən Xalq Cümhuriyyətinin varisi məsələsinə də əl atsınlar, onu da dəyişdirsinlər. Bugünkü Azərbaycanı Səfəvilərin varisi elan etsinlər, lap keçmişə qayıdıb Mannanın, Midiyanın, Atropatenanın varisi elan etsinlər.

Bu, o qədər odun-alovun içində, ətrafı dörd yandan düşmənlərin sardığı, toplumun isə savadsızlıq, cəhalət girdabında çapaladığı bir vaxtda Xalq Cümhuriyyətini qurmuş qəhrəman insanların ruhunun daha çox inciməməsi, qəbirlərində sümüklərinin daha çox sızlamaması demək olardı. Axı onlar bugünkündən qat-qat fərqli bir Azərbaycanın davasını aparırdılar. Elə bir Azərbaycanın ki, orada hakimiyyətlərin mənbəyində xalq dayansın, kimsənin iradəsi hüququn üzərinə çıxa bilməsin, insanlara geniş haqq və özgürlüklər tanınsın, bu gözəlim məmləkət mütərəqqi dünya ailəsinin bir üzvünə çevrilsin.

Nə yazırdı Rəsulzadə? “Azadlıq, cahanşumul bir fikirdir. Bir tək əsir insan, bir tək əsir millət qaldıqca, dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz!” yazırdı.

Belə bir düşüncənin sahibi olan insanların min bir fədakarlıqla, min bir əzabla qurduğu, az qala yoxdan var etdiyi Respublikanın təqvim 2016-cı ili göstərərkən, gəlib çıxdığı nöqtə adamın içini parçalayır, qəlbini sökür, varlığını didir.

Doğrudan da, neyləyəsən, canım-gözüm: güləsən, ağlayasan?!..