…Biryolluq sərhədləri bağlayın
Rəsmi rəqəmlər də təsdiqləyir ki, ölkə bütövlükdə borc bataqlığına çevrilib. Hər gün kredit borcu olanlar, vergi borcu olanlar, dövlətin xarici borcu, dövlət idarələrinin xarici borcu haqqında xəbərlər eşidirik.
Vəziyyət o həddə çatdı ki, kredit borcu olanların, borcu olanlara zamin duranların ölkədən çıxışına qadağa qoyuldu. Sonra vergi borcu olanların ölkədən çıxışı yasaqlandı. Indi də bəyan ediblər ki, vergi borcu 10 mini keçənlər ölkədən buraxılmayacaq.
Ötən yazılarımızda Azərbaycanın vergi sistemindəki iflic vəziyyət haqqında məlumat vermişdik. Rəsmən etiraf etmişdilər ki, uzun illər ərzində 6000-dən çox müğənni büdcəyə qəpik-quruş ödəyib, 400-dən artıq hüquqi və fiziki şəxsin 1.6 milyard vergi borcu var və s. Yəni rəsmən etiraf edilir ki, ölkədə sadə vətəndaş da, iş adamı da borc içindədir. Etiraf edirlər ki, ərzaq mağazası da, bank da müflis olur. Etiraf edirlər ki, hökumət bu fəlakətli vəziyyət qarşısında acizdir.
Amma toxunmaq istədiyimiz əsas məqam ölkədən çıxışa qoyulan qadağayla bağlıdır. Məsələ burasındadır ki, ölkədə borcu olmayan çox az adam var. 2.5 milyon vətəndaşın banklara 18 milyard manatdan çox borcu var. Minlərlə vətəndaşın vergi borcu mövcuddur. Belə çıxır ki, ölkədən çox az adam çıxa biləcək. Tez-tez deyirlər ki, Azərbaycan özü boyda həbsxanadır. Indi bu deyim sözün həqiqi mənasında özünü doğruldur.
Belə aydın olur ki, qarşıdakı mərhələdə milyonlarla vətəndaşın ölkədən çıxışına qadağa qoyulacaq. Çünki, problemli kreditlərin həcmi, vergi borcları artır. Bu təkcə borcu olanların ölkədə girov saxlanması deyil, həm də müalicəyə ehtiyacı olanların, əməliyyat keçirmək məcburiyyətində qalanların, xaricdə işləri yarımçıq qalanların ağır sınağa çəkilməsidir.
Həm də bu adamlar öz keflərindən, harınlıqlarından borclu qalmayıblar. Hökumətin yaratdığı cəhənnəm, bir qrup adamın ölkəni talan etməsi belə bir vəziyyət yaradıb. Hökumət öz yarıtmazlığının cəzasını xalqa kəsir. Hökumət özü xalqın borcunu niyə qaytarmır? Ölkədən çıxarılan 95 milyard dollar borc deyilmi?
Bir halda ki, borcu olanlar ölkədən buraxılmır və bu da əhalinin əksəriyyəti deməkdir, o zaman rəsmən sərhədləri bağlamaq lazımdır. Hökumət elan etsin ki, ölkə vətəndaşları borc içindədir və biz də buna görə sərhəddi bağlayırıq. Dünya da bilsin ki, Azərbaycan “xalq həbsxanası”dır.
Bəli, zəngin, potensiallı bir ölkəni elə vəziyyətə saldılar ki, milyonlarla insan borc içində üzür. Nəfslərinə sərhəd çəkə bilmirlər, vətəndaşa sərhəd cızırlar. Milyardları ölkədən asanlıqla buraxmağın nəticəsidir ki, bu gün vətəndaşı ölkədə saxlamaq məcburiyyəti qarşısında qalıblar.
Samir