SOCAR-ın Türkiyə rəhbəri həbs edildi; “Gülənçi ovu” Azərbaycana keçir YENİLƏNİB

SOCAR Türkiyə”də əməliyyat keçirilib. Əməliyyat nəticəsində “Petkim Petrokimya Holding”in neft-kimya kompleksinin baş direktoru Saadettin Korkut həbs edilib. Həbsdən əvvəl onun evində və iş yerində axtarış aparılıb. Neft şirkətinin Fətullah Gülənlə əlaqəsi olan digər vəzifəli şəxsləri isə işdən çıxarılıb.

Işdən çıxarılanlar arasında PETKIM Institutunun baş katibi Harun Yavaş, SOCAR Türkiyənin Ictimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Ömər Adsız, IT direktoru Fuad Uludağ, Satınalmalar üzrə direktoru Çətin Korkut, SOCAR Power ortağı Ənvər Tanər Baltaçı, Yasar Çoruh ve Tolqa Toprakın adları var.

Azadlıq”a daxil olan məlumatda, adı çəkilənlərdən başqa, daha 40 nəfər şirkət səlahiyyətlisinin işdən azad olunduğu bildirilir.

Türkiyə mətbuatı SOCAR-ı təkzib edir

SOCAR-Türkiyə” şirkəti yayılan məlumata münasibət bildirib. Report-un xəbərinə görə, şirkət rəhbərinin işdən getməsinin Türkiyədə Gülənçilərə qarşı əməliyyatla əlaqəsi yoxdur. Şirkətdə işdən çıxarılmalar isə adi kadr dəyişikliyidir.

Həmçinin bəlli olub ki, SOCAR-Türkiyə şirkətinə (PETKIM) yeni baş direktor təyin edilib. Bu, SOCAR-ın Yunanıstandakı törəməsinin (“SOCAR Greece”) rəhbəri Anar Məmmədovdur. Anar Məmmədov hər iki şirkətə rəhbərlik edəcək.

Anar Məmmədov

Türkiyə mətbuatı isə yazır ki, PETKIM-in baş direktoru Saadettin Korkut Izmirdəki evində iyulun 27-i axşam saatlarında həbs edilib. Həbsindən əvvəl o, işçilərinə mesaj yazaraq istefa verdiyini bildirib. Az sonra Terrorla Mübarizə Şöbəsinin əməkdaşları onun evinə gəlib. Evdə əməliyyat aparıldığı dəqiqələrdə Korkutun PETKIM binasındakı iş otağında da axtarış aparılıb. Korkutun evindən və iş otağından bəzi yazılı və elektron məlumatların, mühüm sənədlərin götürüldüyü deyilir. Korkut Izmir Təhlükəsizlik Idarəsinin Terrorla Mübarizə Şöbəsinə gətirilib və orada dindirilir.

Türkiyə mətbuatının xəbərinə görə, PETKIM-lə əlaqəli qurumlarda 200 nəfər Fətullah Gülənlə bağlantısının olması səbəbindən işdən uzaqlaşdırılıb. Saadettin Korkutun “Gülən hərəkatı” ilə əlaqələrə görə həbs edildiyi deyilir.

Azadlıq” bir neçə gün əvvəl “SOCAR Türkiyə”də əməliyyat keçiriləcəyi barədə məlumat yaymışdı.

Əldə etdiyimiz məlumata görə, əməliyyatlar Azərbaycana da sıçraya bilər. Hələ bir neçə il əvvəl “nurçu qalmaqalı” ilə yadda qalan hakimiyyətdaxili toqquşmalar zamanı SOCAR-ın bəzi rəhbər şəxslərinin Fətullah Gülənlə əlaqələri barədə məlumatlar yayılmışdı. Həmin məlumatlarda o da qeyd edilirdi ki, Türkiyə prezidenti Rəcəb Tayyia Ərdoğan Azərbaycanın dövlət başçısı YAP iqtidarındakı “gülənçilərlə” bağlı siyahı təqdim edib. Həmin siyahıda SOCAR-ın rəhbər şəxslərinin də adı var.

SOCAR-dan Türkiyə hakimiyyətinə şirnikləndirici təkliflər

SOCAR Türkiyə”də əməliyyatlar barədə məlumatdan sonra SOCAR-ın Sərmayələr Idarəsinin rəisi, “SOCAR Turkey Enerji” və “Petkim Holding”in Idarə Heyətinin sədri Vaqif Əliyev maraqlı açıqlamalar verib. Report-un məlumatına görə Vaqif Əliyev bildirib ki, “Petkim Holding”i daha dinamik hala gətirməyi hədəfləyən başdan ayağa yenidənqurulma çərçivəsində fərqli departamentrlərdə çalışan 27 işçinin əmək müqaviləsinin bütün hüquqi haqları ödənilməklə dayandırılıb.

O qeyd edib ki, yenidən təşkilolunma çərçivəsində “SOCAR Turkey”in müxtəlif departamentlərində çalışan 4 işçi də vəzifəsindən ayrılıb.

SOCAR Turkey” və bağlı olduğu digər şirkətlərdə yenidən təşkillatlanma müddəti yeni sərmayələri də əhatə edəcək şəkildə davam edəcək. Hadisələri həqiqətə uyğun olmayan məlumatlarla təqdim etmək, tərəfdaşlarımızla birlikdə işçilərimizə də zərər verir. Bütün enercimizlə Türkiyənin yanında olmaq üçün buradayıq və sərmayələrimizi fasiləsiz davam etdirdiyimizi bildirmək istəyirik”, – deyə Vaqif Əliyev bəyan edib.

SOCAR rəsmisinin bu açıqlaması Türkiyə hakimiyyətinə “sizinləyik” mesajı da sayıla bilər. Vaqif Əliyevin sözlərindən aydın şəkildə sezilir ki, SOCAR Türkiyə hakimiyyətini iri layihələrlə şirnikləndirməyə çalışır. Həmçinin üstörtülü şəkildə Gülənlə əlaqədə şübhəli bilinən digər əməkdaşların da işdən çıxarıldığını bəyan edir.

Rövnəq Abdullayevin Türkiyədəki biznesinə təhlükə yarana bilər

Ekspertlər isə hesab edir ki, məsələ dərinləşəcəyi təqdirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin Türkiyədəki biznesi də təhlükə altına düşə bilər. Məlumat üçün deyək ki, Rövnəq Abdullayev oğlu Rəşad Abdullayev vasitəsilə qardaş ölkədə biznes imperiyası qurub.

Bundan başqa, Rəşad Abdullayev SOCAR-la əlaqəli bir neçəə rəhbərlik edir: Məsələn, The Alpha Roger Procect (www.alpharoger.com.tr) daşınmaz əmlakla məşğuldur. Rəşad Abdullayevin sahiblik etdiyi digər müəssisələr tikinti, dəniz və hava daşımaları, insan resurslarının idarə olunması, konsultasiya, neft məhsullarının satışı ilə məşğul olur.

Bundan başqa, Rəşad Abdullayev Türkiyədə nəşr olunan “Quality” dərgisinə müsahibəsində bildirib ki, Türkiyənin Bodrum şəhərində “B-LONG” istirahət mərkəzi və restoranın sahibidir.

Həmin müsahibədə o, gələcək planlarından da danışaraq Istanbulda və digər şəhərlərdə otellər açmaq niyyətində olduğunu dilə gətirib.

Diaspora təşkilatları niyə 13 gündən sonra dilə gəldi?

Bu arada Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ölkədə baş vermiş dövlət çevrilişinə cəhd ilə bağlı birgə bəyanat imzalayıb. Lent.az-ın Diaspora ilə Iş üzrə Dövlət Komitəsinin saytına istinadən xəbərinə görə, bəyanatda Türkiyə Konstitusiyasına zidd olaraq ölkədə hakimiyyəti güc yolu ilə dəyişdirmək, demokratiyanın təməl prinsiplərini tapdalayaraq dövləti zorla ələ keçirmək cəhdləri qətiyyətlə pislənilir: “Yaşananlar bölgədə önəmli mövqeyə sahib olan Türkiyə Cümhuriyyətinə, Atatürk ideyalarına, Konstitusiyaya və demokratiyanın fundamental dəyərlərinə zərər vurmaq istəyindən başqa bir şey deyil. Türkiyədə yaşayan azərbaycanlılar hər zaman olduğu kimi, bu çətin günlərdə də Türkiyə xalqının və dövlətinin yanındadır”.

Azərbaycan diaspor təşkilatları Türkiyənin demokratik və dünyəvi dövlət kimi bundan sonra da qarşıya çıxan bütün maneələri uğurla dəf edəcəyinə inamlarını ifadə ediblər: “Türkiyənin çevrilişlərə və qiyamlara deyil, demokratiyaya ehtiyacı var. Keçmişdə baş verən çevrilişlərin hansı nəticələrə gətirdiyini Türk xalqı yaxşı xatırlayır”.

Diaspor təşkilatları Türkiyədə yaşayan bütün azərbaycanlıların Türk xalqının və dövlətinin demokratiya uğrunda mübarizəsini dəstəklədiyini bildirərək, həmvətənlərimizi dövlət çevrilişi cəhdinə etiraz məqsədilə keçirilən aksiyalarda fəal iştirak etməyə çağırıb. “Bu xain təşəbbüsün qarşısının alınması zamanı canlarından keçmiş qardaşlarımıza Allahdan rəhmət diləyir, onların yaxınlarına və bütün Türk xalqına başsağlığı veririk. Türkiyə tarixin daha bir ağır sınağından üzüağ çıxmışdır. Tarix növbəti dəfə böyük Türk xalqının öz dövlətinə və Vətəninə nə qədər sadiq olduğunun şahidi oldu”.

Bəyanat Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası, Istanbul Türkiyə Azərbaycan Dərnəyi (IsTAD), Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyi, Eskişehir Azərbaycan Dərnəyi, Ankara Türkiyə Azərbaycan Dərnəyi (TAD), Kahramanmaraş Azərbaycan Kültür və Həmrəylik Dərnəyi və digər diaspor təşkilatları adından yayılıb.

Diaspora təşktlatlarının “SOCAR Türkiyə”dəki əməliyyatlardan sonra hərəkətə keçməsi onlara tapşırığın “yuxarılar”dan gəldiyini ehtimal etməyə əsas verir. Görünür, Azərbaycan hakimiyyəti baş verənlərdən ciddi narahatdır və bununla Türkiyə hakimiyyətinin yanında olduğunu nümayiş etdirməklə özünü sığortalamağa çalışır.