“Müharibəyə gedib şəhid olsaydı, məni belə yandırmazdı”

bina-yangin-19may2015Binəqədidəki bina yanğınında ölən 1 yaş 9 aylıq Ömərin anası məhkəmədə nələr danışdı?

Ötən il mayın 19-da Binəqədidə 16 mərtəbəli yaşayış binasında yanğın zamanı ölənlər arasında bir nəfər də vardı ki, o, özünü yaşadığı mənzilin pəncərəsindən atıb. Söhbət Yaşar Nəcəfzadədən gedir. O, həmin binada kirayə qalırmış. Hərçənd, qaldığı mənzilin sahibi yanğınla bağlı məhkəmə prosesində ifadə verərkən Yaşarın qohumu olduğunu və bu səbəbdən onun mənzilində yaşadığını demişdi.

Bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən dünənki iclasda Yaşarın anası Kifayət Nəcəfova zərərçəkmiş qismində ifadə verib: “Evim yıxılıb, tifağım dağılıb. Daha nə danışım?! O cür savadlı, ağıllı balam əlimdən gedib. Elə vətənpərvər oğul idi ki… Müharibəyə gedib şəhid olsaydı, məni belə yandırmazdı”.

Kifayət Nəcəfova yanğınla əlaqədar həbs olunanlara qarşı heç bir şikayət-tələbinin olmadığını bildirib: “Onsuz da daha mənə olan olub”.

“Bir həftə sonra bildim ki, övladım ölüb”

Dünən dindirilən zərərçəkmişlər arasında hadisə zamanı dünyasını dəyişmiş 1 yaş 9 aylıq Ömər Qənizadənin anası Şahnaz Qəniyeva da vardı. O, hadisə günü baş verənlər barədə bunları deyib: “Səhər yatmışdım, oğlumun səsinə oyandım. Gördüm ki, ev yanır. Uşağı götürüb qapıdan çıxmaq istəyəndə gördüm ki, bütün blok tüstüdür, aşağı düşə bilməyəcəm. Qayıdıb evə girdim. Onda hələ binanın bir tərəfi yanırdı deyə, o tərəfdəki otağı alov bürümüşdü. Yanmayan tərəfdəki otağa keçdim. Uşaq da qucağımda idi. Saat 12-1-ə işləmiş huşumu itirmişəm. Bir də saat 4-ün yarısında gözümü açanda gördüm ki, xəstəxanadayam. Həmin vaxt bacımdan uşağı soruşdum, demədilər ki, ölüb. Dedilər ki, ”şüşənin altındadı”. Bir həftə sonra bildim ki, ölüb”.

Zərərçəkmiş Hilal Rəsulov yanğın vaxtı binanın damına qalxmaq istəyib: “Blokdan dama açılan qapı bağlı idi. Yuxarı çıxanda Yaşarı gördüm. Yanında bir qadın və bir uşaq var idi. Deyəsən, o biri blokun sakinləri olan və hadisə nəticəsində ölən ana-bala idi. Tüstü idi, üzlərini görmürdüm. Yaşarın da üzünü görmədim. Soruşanda özü dedi ki, ”mən Yaşaram”.

“Müalicə olunmasa, ölümlə nəticələnə bilər”

Məhkəmə prosesinin gedişində təqsirləndirilən şəxslərdən biri, binanın üzlənməsində istifadə olunmuş poliuretan üzlükləri qəlibləmiş şirkətin rəhbəri Miryusif Mahmudovun səhhəti pisləşdiyinə görə məhkəməyə Təcili Tibbi Yardım çağırılıb. Ona tibbi yardım göstərilməsi üçün məhkəmə iclasında fasilə elan olunub.

Fasilədən sonra Miryusif Mahmudovun vəkili Ilhamə Həsənova onun Müalicə Müəssisəsinə köçürülməsi barədə vəsatət qaldırıb: “Miryusif Mahmudov 2015-ci il mayın 19-dan həbsdədi. Həbsdə olduğu müddətdə o, müxtəlif xəstəliklərə düçar olub. Xüsusən ürəyi ilə bağlı ciddi problemlər var, tez-tez nəfəs tutulmaları olur. Son günlər vəziyyəti daha da kəskinləşib. Baxmayaraq ki, təcridxanada ambulator qaydada müalicə alır, amma nəticə yoxdur. O, mütləq stasionar qaydada müalicə olunmalıdır. Əks halda, bu, onun ölümü ilə nəticələnə bilər və buna görə müvafiq dövlət orqanları məsuliyyət daşıyır”.

Dövlət ittihamçısı Fərid Nağıyev də təqsirləndirilən şəxsin müalicəsilə bağlı məsələyə etiraz etməyib: “Biz şəxslərin səhhətilə bağlı məsələyə ciddi yanaşırıq. Məhkəmə məqsədəuyğun sayıb, bu məsələyə baxılması üçün Penitensiar Xidmətə müraciət edərsə, bizim etirazımız yoxdur”.

Məhkəmə prosesinə sədrlik edən hakim Əfqan Hacıyev bildirib ki, həbsdə olan şəxslərin saxlanma məsələsi Penitensiar Xidmətin səlahiyyətindədir. Ona görə də məhkəmə şəxsin istintaq təcridxanasından Müalicə Müəssisəsinə köçürülməsi barədə birbaşa qərar qəbul edə bilməz: “Biz sadəcə, tövsiyə edə bilərik. Ona görə də istintaq təcridxanasının rəhbərliyinə bu məsələyə baxılması üçün məktubla müraciət edəcəyik”.

Indiyədək bu məhkəmə prosesində xeyli zərərçəkmiş dindirilib. Amma 40-dan artıq zərərçəkmiş də çağırılmasına baxmayaraq, hələ məhkəməyə gəlməyib. Bu səbəbdən də məhkəmə iyulun 28-nə qədər təxirə salınıb.

***

15 nəfərin ölümüylə nəticələnmiş yanğına görə məhkəmə qarşısına “Global Construction” və “Global Stone” şirkətlərinin təsisçisi Miryusif Mahmudov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, “Global Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, 2012-2013-cü illərdə Binəqədi rayon Icra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, Icra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal Istismar Sahəsinin rəisi olmuş Nizami Orucov, “Dərnəgül Boru” zavodunun polimlərin kimyəvi, fiziki-mexaniki xassələrin təyini laboratoriyasının rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov çıxarılıb. Onlara qarşı CM-nin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələrilə ittiham irəli sürülüb.

“Azadlıq” radiosu