“Buna da şükür”ün sonu

elnuras-kitabteqdimElnur As

elnurastanbeyli@gmail.com

Məşhur bir Sovet lətifəsi var, bilənlər bilir, bilməyənlər üçün yazaq, onlar da bilsinlər: SSRI-yə gələn Nikson Brecnevdən soruşur ki, niyə sovet fəhlələri tətil eləmir? Cavab əvəzinə Brecnev onu zavodlardan birinə aparır və fəhlələrə səslənir:

– Sabahdan maaşınız azaldılacaq (alqışlar). Iş günü uzadılacaq (alqışlar). Hər onuncu fəhlə edam ediləcək (alqışlar).

Yerdən sual:

– Kəndiri özümüz gətirək, yoxsa həmkarlar ittifaqı verəcək?

Bu lətifə indiki Azərbaycan gerçəkliyini tam aydın ifadə edir, vəziyyət hətta ondan da dəhşətlidir. Təkcə ona görə yox ki, əslində Sovet dövrü ilə müqayisədə Azərbaycanda mənən, ruhən dəyişən heç nə yoxdur, hətta varsa, daha pisə doğrudur. Təkcə ona görə də yox ki, bu gün Azərbaycanı idarə edənlər Sovet dövrünün yetirmələri, yaxud mənəvi varisləridir.

Həm də ona görə ki, bizdə böyük çoxluq artıq qollarındakı qandalı, ağızlarındakı qıfılı sevməyə başlayıb. Bir neçə gün əvvəl paytaxtdakı marşrut avtobuslarından birində məndən qabaq oturacaqda əyləşən iki orta yaşlı insan yüksək səslə Türkiyədə baş verən çevrilişə cəhdi müzakirə edirdi, istəmədən qulaq müsafiri oldum. Onlardan biri dedi ki, bu saat dünyanın hər yerində xaos, anarxiyadır, qan su yerinə axır, hər gün hardasa bir bomba partlayır, amma bizdə əmin-amanlıqdır, sabitlikdir, düzdür, aclıq, işsizlik var, ancaq əsas odur, ölüm-itim yoxdur. Digəri də bunun sözlərini təsdiqlədi, dedi, oğlum ailəsi ilə xaricə dincəlməyə getmək istəyirdi, qoymadım, dedim, bu saat ən qulağı dinc elə öz ölkəmizdir, falan-filan.

Sonra birinci kişi yenidən dilləndi, dedi ki, ölkədə haqsızlıq çoxdur, amma onsuz da həmişə belə olub, bundan sonra da belə olacaq, sürünə-sürünə yaşamaq alnımıza yazılıb, ata-babalarımız da belə yaşayıblar, biz də belə yaşayırıq, neyləsək xeyri yoxdur, balalarımız da belə yaşayacaqlar, qismətdən artıq yemək olmaz, bu da bizim taleyimizdir, barışmalıyıq, şükür eləməliyik ki, heç olmasa, başımız salamatdı, buna şükür eləməliyik, və s. və i.a

Bu cür təslimçi zehniyyət, müti təfəkkür indi Azərbaycanda hədsiz geniş yayılıb. Məmləkətin başına gələn-gətirilən bunca haqsızlıqdan, ədalətsizlikdən, bunca zülmdən, zalımlıqdan sonra hələ də “Buna da şükür” düşüncəsi  çoxluğun qəlbinə hakimdirsə, aydınlıq və azadlıq dolu gələcək haqqında xəyal qurmaq belə, adama anlamsız, gülməli gəlir.

Əlbəttə, bu ölkə qiyamətəcən belə idarə edilə bilməz. Əlbəttə, çağdaşlığın, demokratiyanın, özgürlüyün nəfəsi bir gün bu gözəlim vətən torpaqlarında da hiss edilməyə başlayacaq.

Amma həmin o “bir gün” hansı gündür, yaxındır, ya uzaq?

Insanı incidən, narahat edən, darıxdıran, ağrıdan sual budur.

Biz indiki rejimin ayaqda olduğu hər gün yeni  bir yara alır, yeni bir travma alırıq.

Bu rejimin var olduğu hər keçən gün məmləkətin köksünə çəkilən yaralar bir az da irinləyir, bu rejimin öz yanlış, çağdışı idarəetməsini davam etdirdiyi hər keçən gün daha çox qan itirir, modern, mədəni, azad dünyanın bir parçası olmaq imkanlarından daha da uzaqlaşırıq.

Ata-babalarımızın bizə miras qoyduğu mənəvi, ictimai, siyasi bəlalar bizdən də övladlarımıza miras qalır ? ağır olan, acı olan budur.

Baiskar isə heç də yalnız zecimin zoru, zopası, pulu, qəddarlığı deyil. Ən azı onun qədər çoxluğun bu zora, zopaya, zalımlığa rəğmən “Buna da şükür” düşüncəsindən imtina edə, qopa bilməməsidir, öz çəkdikləri məşəqqətləri övladlarına da rəva görməsi, “Buna da şükür” kimi geriçi, aqrar düşüncə ilə onların da eyni məhrumiyyətləri yaşamalarına yaşıl işıq yandırmasıdır.

Dünyaya pırıl-pırıl çocuqlar gətirmək azdır, atalar, analar!

Onlara özgürcə, firavanca, yaltaqlanmadan, oğurlamadan, yalan danışmadan, yalnız və yalnız öz biliklərinə, bacarıqlarına güvənərək rahat yaşaya biləcəkləri çağdaş ölkə də miras qoymaq lazımdır.

Və sizin “Buna da şükür” düşüncənizlə bu əsla mümkün deyil. And olsun uca Şirvinin ruhuna, mümkün deyil!