Çörək, yoxsa seçki?

elnuras-kitabteqdimElnur As

elnurastanbeyli@gmail.com

“Azadlıq” qəzetinin hər sayında çeşidli şikayət məktubları dərc olunur, bu məktubların müəllifləri üzləşdikləri cürbəcür haqsızldıqlardan gileylənir, başlarına gələn-gətirilən müsibətlərdən söz açırlar. Belə şikayət müəlliflərinin giley-güzarının bir nömrəli hədəfi təbii ki,  çinovniklərdir, polis, prokurorluq, məhkəmə orqanlarıdır.  Ölkədə özünü vətəndaşın deyil, vətəndaşı özünün xidmətçisi kimi bir idarəetmə sistemi qurulub, ona görə də buna təəccüblənməmək lazımdır.

Üstəlik, bu məktublarda elə məsələlərdən şikayət edilir ki, adam YAP rejiminin əvəzinə xəcalət çəkir. Bu şikayətləri dünyanın hansısa normal, gəlişmiş ölkəsinin vətəndaşına oxusan, sənə gülər, ağlını itirdiyini zənn edər. Bəs necə! Məsələn, ilin-günün bu vaxtı, təqvim 2015-ci ili göstərərkən heç adamı da hansısa məmurdan şikayətləndiyinə görə polisə aparıb eşşək sudan gələnə qədər döyərlərmi, ya da hökumət əleyhinə internetdə nəsə yazdığına görə cibinə nəşə atıb, üzünə işverən qoyub həbsə atarlarmı? Ilin-günün bu vaxtı, təqvim 21-ci əsri göstərərkən heç adamın mal-mülkünü qanunsuz yolla əlindən alarlarmı, ya da şikəst adamı əlillik dərəcəsi almaq üçün süründürərlərmi? Ilin-günün bu vaxtı adamı işlədib amma əmək haqqını verməmək nədi, ya da obyektinə “haqq” qoyub onu ala bilmədikdə həmin obyektin qapısını möhürləmək nədi?

Ancaq əgər siz üçüncü dünya ölkəsində yaşayırsınızsa, əlbəttə, camaatın belə məsələlərdən şikayətlənməsinə də təbii yanaşmalısınız.

Mənə vətəndaşların şikayət məktublarında təəccüblü görünən yalnız bir məqam var: onlar dərdlərinə dərman etməli olan əlaqədar təşkilatların soyuqluğundan, biganəliyindən elə qəribə, heyrətamiz tonda şikayətlənirlər ki, sanki başqa cür olmalı imiş! Yuxarıda yazdıq, bir daha xatırladaq: bu ölkədə özünü vətəndaşın deyil, vətəndaşı özünün xidmətçisi kimi görən bir idarəetmə anlayışı hakimdir.

O ölkələrdə hakimiyyətlər vətəndaşın səsinə qulaq verirlər ki, həmin ölkələrdə milli iradənin üstünlüyü vardır.

O ölkələrdə hakimiyyətlər vətəndaşı özünün yox, özünü vətəndaşın xidmətçisi kimi görür ki, həmin ölkələrdə azad, ədalətli, şəffaf seçki institutu işləyir, hakimiyyətin mənbəyində xalq dayanır.

Yalnız azad, ədalətli, şəffaf seçki institutunun işlədiyi ölkələrdə iqtidarlar vətəndaşı məmnun etmək, vətəndaşın istəyi ilə davranmaq, vətəndaşın səsini dinləmək məcburiyyətində qalırlar. Çünki bilirlər ki, əks halda növbəti seçkidəcə vətəndaşdan aldığı səsi, etimadı itirməli, hakimiyyətdən əl çəkməli olacaqlar.

Azad, ədalətli seçki institutunun işlədiyi ölkədə hər səsin dəyəri var. Belə ölkədə hər vətəndaşı, onun etimadını, etibarını qazanmaq yarışı gedir. Ki, axırda, səsvermə günü o da səni hakimiyyət sahibi etsin!

Seçkilərin saxtakarlıqla keçdiyi, xalqın seçiminin heç bir anlam ifadə etmədiyi, hakimiyyətin həm “seçilən, həm seçən” qiyafəsinə büründüyü ölkədə gəlinən son nöqtə məhz budur: vətəndaşa qarşı soyuqluq, yadlıq, biganəlik! Sizin səsinizin hakimiyyət üçün heç bir mənası olmadığı üçün sizin onun haqqında nə düşündüyünüz də iqtidar sahiblərinə maraqlı deyil. Onlar onsuz da özləri özlərini seçirlər!

Bax buna görə də başını aşağı salıb bir qismət çörəyini qazanmaqla, ölkəsinin bugünkü və gələcək taleyinin müəyyənləşməsində iştirakdan boyun qaçırıb sadəcə, çörəkpulu dalınca qaçmaqla məşğul olanlar sonra hakimiyyət orqanlarının onlara qarşı haqsız, ədalətsiz, qanunsuz davranışları ilə üzləşəndə günahı ilk növbədə özlərində axtarmağı da bacarmalıdırlar. Dərk və qəbul etməlidirlər ki, çörək arxasınca qaçdıqlarının onda biri qədər də azad, ədalətli seçki arxasınca qaçsaydılar, başlarına bunca zülm, bunca zillət, bunca məşəqqət gəlməyə bilərdi!