Zamanla Üzeyir bəyi oxusaydıq…

saadet-cahangir-koseSəadət Cahangir

Mətbuatın hər ildönümü günündə ilk xatırladığım insan Üzeyir bəy olur. Şübhəsiz, Həsən bəy Zərdabi günümüzə gəlib çatan 141 illik mənəvi irsin simvollaşmış adıdır. Onun müasirləri ilə ən məhdud şərtlər altında gördüyü işlər hər kəsin bacara bilmədiyi hünər, fədakarlıq və qəhrəmanlıqdır. Yaxınları, dostları, xanımı ilə birlikdə maarifçilik fədailəri komandası yaratmış bir cəngavər idi Həsən bəy o illərdə. Evində məktəb açmışdı qızlar üçün. Cəhalətin aradan qalxması, yoxsul uşaqlarının təhsil alması üçün nələr etməyib bu insanlar! O zaman nədən ilk xatırladığım adın Üzeyir Hacıbəyli olduğunu da açıqlayım. Səbəb sadədir, əslində. Illər uzunu biz mətbuatımızın tarixini əsasən onun məqalələrindən, felyetonlarından, başqa yazılarından oxuyub öyrənmişik. Bəlkə də, yaşadığı tarixin gündəmini daha çox ardıcıl və duzlu şəkildə yazıb günümüzə ötürdüyünə görə, ilk xatirimə gələn o olur. Çevrəmdəki dostlara, yaxınlara, gənclərə təkidlə tövsiyə etdiyim bir şey var – o dövrün ziyalılarını oxumaq lazım. Üzeyir bəyi hökmən oxumaq gərək. Dünyanın heç bir klassik qələmində rast gəlmədiyiniz gözəl şeyləri tapacaqsınız orda. Inanın…

Təbii, xatirimə Üzeyir bəy gəlincə, günümüzlə səsləşən fikirləri, deyimləri, replikaları gəlir həm də. Məsələn,  “Ordan-burdan” felyetonlarının birində tərki-dünya görüşünü ifadə edən “uyma dünyaya ey dili qafil” misrasından sui-istifadə edərək cəhalət yayanlara xitabən yazdıqları: “Bəh-bəh, nə gözəl sözdür və nə ali fikirdir… Bu, hakimlərin və bəzi üləma və ruhanilərin nəzərində hürriyyət istəmək, millət məclisi açdırmaq, kasıb-kusubun qeydinə qalmaq, xalqı maarifləndirmək, hamısı dünyaya uyub qafil olmaqdır. Amma rüşvət almaq, xalqı aldatmaq, camaatın başını qırxıb, cibini soymaq adəti bir işdir ki, yatıb-durmaq, yeyib  içməklə onların arasında heç bir təfavüt yoxdur. Uyma dünyaya, ey dili qafil! Yəni ey camaat, hürriyyət, filan istəməyin, qoyun hakimlər, filanlar sizi həmişəki kimi soysunlar!”

Başqa bir məqaləsində (“Təəssüflər olsun”) belə yazırdı:

“Lənət olsun o günə ki, maarif və mədəniyyət qapıları bizim üzümüzə bağlanıb, bizi cəhalət və vəhşaniyyət vadisində sərgərdan qoydu…

Biz bunu anlamırıq ki, hər bir fərdin rifah və səadətlə

ömür sürüb yaşaması və üzvü olduğu camaatın rifah və səadətinə bağlıdır. Odur ki, heç bir vaxt ümumi camaatın mənafeyini nəzərə almayıb ancaq öz xüsusi mənfəətimizi gözləyirik. Biz öylə güman edirik ki, birimizin səadət və nikbəxtliyi digərimizin zillət və bədbəxtliyindən asılıdır. O səbəbdəndir ki, öz xüsusi mənfəətimizi arayan zaman yoldaşımızın zərər və ziyanını özümüz üçün böyük bir vasitə bilirik. Ola bilsin ki, bu kimi vasitələr ilə biz özümüzə bir şey qazanırıq… Lakin həqiqətdə biz öz-özümüzü böyük bir bədbəxtliyə sövq edirik… Heç bir cəmiyyət olmaz ki, orada ümumi üzvlərin mənafeyi nəzərə alınmadığı halda, işin axırı hər bir üzvdən ötrü möhlik(uğursuz) olmasın”.

O gündən bu günə nə və nə qədər dəyişib, özünüz dəyərləndirin. Amma görünən odur ki, bizim hələ Üzeyir bəyi oxumağa çox ehtiyacımız olacaq. Həm də lap çox. Əslində, həqiqət elə məhz bu nöqtəyə bağlıdır. Biz zamanla Üzeyir bəy kimi qələmləri oxusaq və ibrət alsaydıq, günümüzün mənzərəsi tamam başqa ola bilərdi. Həyatımız da həmçinin…