Başımızda çatlayan “qanunilik”…

saadet-cahangir-koseSəadət Cahangir

Tarixin saatı 2016-cı ili göstərir, amma “qanun” sözünü hələ də “qan” və “un” sözünün birləşməsi kimi anlayanlar var. Görünür, bu adamların düşüncəsi diktə edir ki, qanun ancaq hakimiyyətdə qalmaq üçün vasitədir. Yəni əlinə bir kərə səlahiyyət düşdüsə, vəssalam, o kitabı qoy qarşına, işinə gəldiyi kimi yoz, gəlməyəni poz getsin. Necə olsa, səlahiyyət sənin əlindədir. Həm də bir halda ki, qanunu şah deyil, şahı qanun sayırsansa. Siz son 23 ildə konstitusiyanın insanlarımızın mənafeyinə daha faydalı bir məsələ üçün gündəmə gəldiyini gördünüz? Yox, əlbəttə ki. Biz alışqanıq ki, bu ölkədə ana qanunun dəyişiklik məsələsi gündəmə yalnız bir halda gələ bilər – hökumətin, prezidentin daha artıq səlahiyyət əldə etməsi məqsədi ilə. Xatırlayırsınız, ilk belə addımı hazırkı hökumət 2008-ci ildə atdı. O zaman parlament Azərbaycan Respublikası Konstitusiyasından 101-ci maddənin 5-ci bəndini çıxardı. Həmin bəndə əsasən, bir ölkə vətəndaşı dövlət başçısı postuna ardıcıl olaraq iki dəfədən artıq seçilə bilməzdi. Bir il sonra da referendum keçirib istədiklərini həyata keçirdilər. Indi də iş eyni ssenari ilə gedir. Amma budəfəki plan daha təminatlı səlahiyyətlər qazanmaq istəyindən doğur, deyəsən. Yeni dəyişikliklər prezidentin 5 illik müddətə deyil, 7 illik müddətə seçilməsini nəzərdə tutur. Bu nə hakimiyyət hirsi, nə əbədilik ehtirası, nə “getmərəm” hikkəsidir, ilahi? Allah xatirinə, bu düşüncə ilə hara qədər getmək, hara qədər dirənmək, hara qədər güc göstərmək istəyirsiniz?..

Hər kəs bilir, əlbəttə, bütün bu oyunların başında hakimiyyətin ömrünü daha çox uzatmaq niyyəti dayanır. Amma heç olmasa, buna hüquq donu geyindirib, bizə qanun şəklində sırımağa qalxmayın, adamın ürəyi bulanır, vallah. Qanun naminə hakimiyyətdən sərt formada istifadə etmək başqa şeydir. axı. Tarixdə bunun bir sıra parlaq örnəkləri var. Məsələn, qüdrətli Osmanlı padşahı Sultan Süleymanın “Qanuni” ləqəbi alması bu məsələyə ən yaxşı nümunə ola bilər. Babalarından ötürülən “əbədi dövlət” (hər vasitə ilə dövlətin yaşaması) vəsiyyətini unutmayan Qanuninin zamanında Osmanlı hüquq tarixinin ən çox və ardıcıl qanunları qəbul edilib. Amma ölkəni nə qədər sərt əllə idarə etsə də, onun zamanında, həqiqətən, qanunlar hər kəsə eyni yanaşma əsasında, heç kəsə fərq qoyulmadan tətbiq olunurdu. Bu səbəbdən, Qanuninin dönəmi ölkə xəzinəsinin ən çox dolduğu, insanların ən yaxşı yaşadığı dövr sayılır. Yeri gəlmişkən, Sultan Süleyman, eyni zamanda, Osmanlı tarixinin ən uzun hökmdarlıq edən sultanı olub – düz 46 il. Müqayisəni Osmanlı sultanları ilə səbəbsiz yerə aparmıram, biləsiniz. Çünki on illərdir siz də bu dünyəvi dövləti sultanlıq, krallıq, monarxiya kimi idarə edirsiniz, zatən. Heç olmasa, ədalətli və qanuni şəkildə etsəydiniz…

Xülasə, ssenari 8 il əvvəlki kimi gedir. Bilirik ki, ölkədə qanun kitabı, sadəcə, rəflərə qoyulub, gözdən pərdə asmaq rolunu oynayır. Istədikləri zaman qanunun başına istədikləri oyunu açırlar, onsuz da. Çanaq da bundan on illərdir zülm çəkən ölkə insanının başında çatlayır. Indi də görünən o ki, bir azdan məlum referendumun dəqiq vaxtı da elan olunacaq. Ölkə insanını qarşıda məsuliyyətli bir sınaq gözləyir. Bu 7 illik müddətlə bağlı dəyişikliklərin baş tutması monarxiya üsulu idarəçiliyin daha da sərtləşməsinə, uzanmasına və vərəsəlik qaydalarına yol açacaq, şübhəsiz. Ancaq bütün bu eybəcər oyunları pozmaq da ölkə insanının əlindədir. Bizim cəmimizin əlində. Biz qat-qat çoxuq, oyunu niyə pozmayaq ki?..