Yolumuz hayanadır?

elnuras-kitabteqdimElnur As

elnurastanbeyli@gmail.com

 

BIR: Yaptokratiyanın arada-sırada konstitusiyaya çağdışı, mürtəce mahiyyətli də olsa, dəyişiklik etmək istəməsini təqdirlə qarşılamaq lazımdır. Bunun sayəsində Azərbaycanda konstitusiyanın olduğu yadımıza düşür.

Yenə də belə oldu.

Artıq bilənlər bilir, bilməyənlərinsə əslində bundan sonra da bilməməsində fayda var, onlarınkı odu oturub ələm uçursunlar, cin çıxarsınlar, xoruz döyüşdürsünlər, it boğuşdursunlar, “Kurtlar Vadisi-Pusu”ya baxsınlar, kitab, qəzet oxumasınlar, istənilən qlobal məsələ haqqında “hamısı masonların işidi, Amerikanın oyunlarıdı” deməklə kifayətlənsinlər, öyrənməsinlər, araşdırmasınlar, bilgi sahibi olmadan fikir sahibi olsunlar, hansı bozbaş müğənninin uşağının kimdən olduğu barədə saatlarca baş sındırsınlar, çənə yorsunlar.

Hər halda yenə də yazaq, oxuyanlara qaranlıq heç nə qalmasın – konstitusiyaya məlum anti-demokratik, anti-xalq dəyişikliklər əsasən: 1)prezidentlik müddətini 5 ildən 7 ilə qaldırmağı; 2)prezidentliyə qoyulan yaş senzini (35 yaş) ləğv etməyi; 3)vitse-prezident postunun yaradılmasını və bununla da gərəkdiyi anda prezidentin səlahiyyətlərinin ona keçməsini; 4)bütövlükdə prezident səlahiyyətlərini daha da hüdudsuz dərəcədə artırmağı; 5)mülkiyyət hüququnu faktiki olaraq yox etməyi, ümumilikdə ölkədə ailə hakimiyyətinin konstitusiyalaşdırılmasını nəzərdə tutur.

IKI: 2009-cu ildə konstitusiyadan bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə məhdudiyyət qoyan maddənin ləğvini nəzərdə tutan, bununla da Respublika dəyərlərini faktiki olaraq arxivə göndərən və monarxiyanın önünü açan referendumun keçirilməsi çağdaş tariximizdə qara bir ləkədir.

Bunun üzərindən 7 il keçdikdən sonra Azərbaycanda ailə hakimiyyətini qanuniləşdirmək məqsədi güdən yeni bir referendumun keçirilməsi qapqara bir ləkədir.

ÜÇ: Belə bir referendumun keçiriləcəyi yönündə xəbərlə eyni saatlarda ANS telekanalının bağlanması əsla bir təsadüfə oxşamırdı. Bu referendum xəbərinə ilkin reaksiyaları arxa plana atmaq, özəlliklə sosial şəbəkələrdə müzakirələri daha populyar və təhlükəsiz bir mövzuya istiqamətləndirmək cəhdinə çox bənzəyirdi.

DÖRD: ANS-in qapadılmasından söz düşmüşkən, biz bu “film”i əvvəllər də az izləməmişik. Indiyədək onu dəfələrlə açıblar da, bağlayıblar da. Hər dəfə də açıldıqdan sonra ölkənin real durumu haqqında daha qızıl-qırmızı yalanlar, ölkənin əsl vətənsevərləri, yurdsevərləri, – hansı ki, bu yalan və talan düzəninə qarşıdırlar! – haqqında daha çirkin, daha iyrənc itftiralar istehsal etməklə məşğul olub. Yenə də eyni mənzərəni seyr edəcəyimizə quşqum yoxdur.

Buradan o telekanalın mirşahinlərinə, vahid naxışlarına deyləcək bircə sözüm var: buyurun, çıxıb yenə Azərbaycanda söz, ifadə azadlığının olmasından, bu ölkədə heç bir jurnalistin, media orqanının peşə fəaliyyətinə görə cəzalandırılmadığından, konkret cinayət əməlinə görə cəza çəkdiyindən basıb-bağlayın!

BEŞ: Qayıdaq referendum məsələsinə, daha doğrusu, konstitusiyaya ediləcək mürtəce mahiyyətli siyasi dəyişikliklərə. Ölkədə sərbəst toplaşmaq azadlığı məhv edilib. Azad söz dəfn olunub. Müxalif qurumlar reanimasiyadadır. Vətəndaş cəmiyyəti dağıdılıb. Xalq siyasi proseslərdən tamamilə kənarlaşdırılıb, onun ölkənin taleyüklü məsələlərində iştirakı sıfıra endirilib. Nəhəng bir qorxu imperatorluğu yaradılıb, xof kütlənin iliklərinə qədər işləyib. Repressiya maşını var gücü ilə işləyir. Belə bir şəraitdə sözügedən dəyişikliklərə toplumun yetərli dirəniş göstərəcəyini düşünmək belə, xəyalpərəstliyin pik nöqtəsidir.

Yeganə təsəllimiz budur: istənilən mürtəce, çağdışı, 21-ci əsrin ruhuna aykırı, anti-demokratik addımı atsınlar, buna saxta yollarla hüquqi don geyindirməyə çalışsınlar.

Amma unudulmasın ki, tarix əsla “balıq hafizəli” deyil, tarixin yaddaşı möhkəmdir. Bu utancverici addımların hər biri gec-tez layiqli dəyərini alacaq, içi azadlıq və aydınlıq dolu gələcək nəsillərin tənə və qınağından qaçış mümkün olmayacaqdır.