Hazırda həbsdə olan Xüsusi Dövlət Mühafizə Xidmətinin “Betta” dəstəsinin keçmiş əməkdaşı, baş leytenant Asif Lətifov ədliyyə naziri Fikrət Məmmədovla baş prokuror Zakir Qaralova müraciət edib.
Bu barədə “Azadlıq”a Asif Lətifovun vəkili Elçin Sadıqov məlumat verib. Vəkilin sözlərinə görə, Asif Lətifovun müraciəti ekspertiza xərclərinin ondan tələb edilməsi ilə bağlıdır: “Cinayət Prossesual Məcəllənin 195-ci maddəsinə görə şəxsin həbs müddətindən 3 il keçdikdən sonra ekspertiza xərcləri ondan tələb edilə bilməz. Amma Asif Lətifovdan tələb edirlər. Ona görə də Asif Lətifov ədliyyə naziri Fikrət Məmmədova və baş prokuror Zakir Qaralova müraciət edib”.
Asif Lətifovun səhhətinə gəlincə, Elçin Sadıqov bildirib ki, baş leytenantın səhhəti normaldır. “Saxlanma şəraitindən də narazılığı yoxdur”, – deyə vəkil bildirib.
Asif Lətifovun anası Gülnaz Lətifova isə redaksiyamıza bildirib ki, oğlu ilə bağlı ölkə başçısına müraciət edib.
Xatırladaq ki, Asif Lətifov 17 il “Betta” dəstəsində xidmət edib. 2011-ci ildə işdən çıxarılıb. Işdən azad edildikdən təqribən bir ay sonra xidmətin rəhbəri Vaqif Axundovun qəbulunda olsa da, müsbət heç nə baş verməyib. 2012-ci ilin yayından, hadisənin üstündən bir il üç ay keçdikdən sonra Asif Lətifov məsələni mətbuat vasitəsilə ictimailəşdirdikdən, xidmət rəhbərliyini tənqidlərə məruz qoyduqdan sonra ona qarşı cinayət işinə start verilib. Öncə ölkə prokurorluğu Asif Lətifova qarşı Cinayət Məcəlləsinin 228-ci (qanunsuz sialh-sursat saxlamaq) və 232-ci (səlahiyyət həddini aşmaq) maddələrilə cinayət işi başlayıb. Daha sonra iş hərbi prokurorluğa verilib. 2013-cü ilin yanvarın 29-da hərbi tribunal Asif Lətivoun 5 il yarım müddətinə azadlqıdan məhrum edilməsi haqda qərar çıxarıb.
Bir sıra nüfuzlu beynəlxalq təşkilatlar Asif Lətifovu vicdan məhbusu kimi tanıyıb.