Əli Kərimli: «Bu Azərbaycandakı iqtidarın kriminal mahiyyətini birbaşa ortaya qoyan hadisədir»
Cəmil Həsənli: «Bu həbs və aparılan istintaq Azərbaycanda siyasi, milli və mənəvi düşüncəsinə görə adamların təqib olunmasının bir hissəsidir»
Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran işi üzrə məhkəmə prosesi başlayıb. Məhkəmə qarşısına AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsəlman Birliyi Hərəkatının rəhbəri Tale Bağırzadə də daxil olmaqla, ümumilikdə 18 nəfər çıxarılıb. T.Bağırzadənin məhkəmədəki çıxışı Milli Şuraya qarşı dövləti cinayətin hazırlandığını, amma bunun baş tutmadığını deməyə əsas verir: “Biz burada 18 nəfərik, onların 17-si Nardaran hadisələrinə görə, Fuad Qəhrəmanlı isə sonradan ”facebook”dakı yazılarına görə tutulub. “Bondotdel”də mənə 3 gün ərzində ağlasığmaz işgəncələr verildi. Biri var, adamı döyələr, toka verələr, bunlar adi şeylərdir. Amma söhbət dəhşətli, ağlasığmaz işgəncələrdən gedir. Tələb edirdilər ki, mən Nardaran hadisələrinin arxasında Milli Şuranın, Əli Kərimlinin, Cəmil Həsənlinin dayandığı barədə ifadə verim. Mən bu işgəncələrə dözəndən sonra məcbur olub Fuad Qəhrəmanlını “facebook” yazılarına görə tutdular. Burada olan insanların hamısı günahsızdır. Fuad Qəhrəmanlının məsələsi isə ümumiyyətlə, absurddu. Fuad Qəhrəmanlı dərhal və qeyd-şərtsiz azadlığa buraxılmalıdır».
Tale Bağırzadənin açıqlamasına AXCP sədri Əli Kərimlinin mövqeyini öyrəndik. Ə. Kərimli bildirdi ki, T.Bağırzadə ciddi bir cinayətin üstünü açıb: «Belə məlum olur ki, hüquq-mühafizə orqanları konkret mənə qarşı cinayət törədiblər. Onlar işgəncə nəticəsində hacı Tale Bağırzadədən mənə aidiyyatı olmayan işlərlə bağlı böhtan xarakterli ifadə almağa cəhd ediblər. Bu yaxşı haldır ki, Tale Bağırzadə mərd və ləyaqətli insan olub, bu işgəncələrə dözüb və mənə böhtan atmayıb. Amma hüquq-mühafizə orqanları buna cəhd etməklə bir tərəfdən mənə düşmən münasibəti ortaya qoyub, digər yandan siyasi hakimiyyətin əlində repressiya aləti olduğunu isbatlayıb. İkincisi, konkret bir vətəndaşa qarşı hüquq-mühafizə orqanlarının əli ilə dövlət səviyyəsində cinayət işlənib. Təəssüf ki, bu, birinci dəfə deyil. İndiyə qədər də bir neçə məhbus istintaq zamanı onlardan işgəncə ilə mənim əleyhimə ifadə almaq isənildiyini açıqlayıb».
Ə.Kərimli bildirdi ki, hakimiyyət başqa vaxtı ölkədə güclü müxalifətin olmadığını bəyan edir. Amma artıq necənci dəfədir ki, müxalifət liderinə qarşı əsassız cinayət işi quraşdırmaqdan ötrü insanlardan işgəncə gücünə ifadə almağa çalışırlar. «Bu, Azərbaycandakı iqtidarın kriminal mahiyyətini birbaşa ortaya qoyan hadisədir. Hacı Taleyə təşəkkür edirəm», – deyə Ə.Kərimli qeyd etdi.
AXCP lideri eyni zamanda bildirdi ki, bu hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək. «Sual yarana bilər ki, mənə qarşı başqalarından işgəncə ilə ifadə alan hüquq-mühafizə orqanları deyilmi? Amma tarix, hüquq üçün bu addımı atacam. Mənə qarşı sifarişli cinayət işi quraşdırmaq cəhdləri ilə bağlı hüquq davası da aparacam. Eyni zamanda ictimaiyyət də bilməlidir ki, Azərbaycan iqtidarı öz rəqibləri ilə hansı namərd üsullarla mübarizə aparır», – deyə Ə.Kərimli vurğuladı.
Milli Şuranın sədri Cəmil Həsənli isə bildirdi ki, F.Qəhrəmanlının bu işə cəlb olunması bir daha sübut edir ki, «Nardaran işi» Milli Şura və AXCP-yə qarşı hazırlanıbmış: «Milli Şura və AXCP-ni Müsəlman Birliyi ilə əlaqələndirib guya terror cəhdi kimi əsaslandırmağa çalışırdılar. İrəli sürülən ittihamların heç bir həqiqətə uyğun deyil. Tale Bağırzadəni və onun adamlarını qurama, saxta ittihamlarla həbs ediblər. Bu həbs və aparılan istintaq Azərbaycanda siyasi, milli və mənəvi düşüncəsinə görə adamların təqib olunmasının bir hissəsidir».
Xəyal