Azərbaycan dilinin başına açılan oyunlardan biri də istifadə etdiyimiz sözlərin hadisələri düzgün təsvir etməyişidir. Azərbaycan dilinin siyasi lüğəti qərəzli şəkildə kasıb tutulubdur ki, insanımızın siyasi savadı əsla olmasın. Məsələn, Türkiyədəki son hadisəni dərk edə bilmək üçün onun adını düzgün qoymalıyıq. Bu hadisəyə qəzəbi və sevinci də izah etmək hadisənin düzgün tərifindən keçir. Sözlər hadisələri düzgün təsvir etmədikdə, hadisələrə baxışlar da məhdud olur.
Ingilislərin belə fransızlardan aldığı “coup d’Etat” (oxunuş: “ku-deta”) hərfən “dövlət zərbəsi” deməkdir. Türklərin bu hadisəyə “darbə” deməsi də bundan irəli gəlir. “D” və “z” fərqi isə ərəbcənin məşhur dilucu “dz” samitinin bizlə türklərdə fərqli istifadəsinə bağlıdır. Onlar “darbə”, biz “zərbə” deyirik.
Bizdəki anılmış “Dövlət çevrilişi” termininin mənbəyi isə rus dilindəki “Qosudarstvennıy perevorot”- dan gəlir. Avtoritar şüur hakimiyyət dəyişikliyinin hamısını dövlət zərbəsi ilə eyniləşdirərək, insanların gözündə ucuzlaşdırır və hakimiyyətin çevrilməsini insanlar üçün mənfi akt olaraq göstərir.
Bəzi insanların son hadisəyə reaksiyasındakı sevinc də bu adlandırmadakı səhvdən irəli gəlir. Əslində heç bir demokrat qan tökülməsini, silahlı hakimiyyətə gəlişi dəstəkləməz, sevinməz. Ancaq, bir hakimiyyət dəyişikliyini, bir çevrilməni dəstəkləyər. Bu normaldır. Çünki, demokratiyada dəyişmə adətdir, qaydadır.
Çevrilmənin, dəyişmənin tək növü isə ordu zərbəsi (Putsch) kimi silahlı bir akt deyil. Bu xalq üsyanı, “saray” və ya elita itaətsizliyi, sivil xalq itaətsizliyi formasında da ola bilir. Xüsusilə seçkinin olmadığı halda və ya Türkiyə kimi seçki olsa da, əhəmiyyətsiz olub süstlüyə, status-kvoya, seçkili sultanlığa xidmət etdiyi halda, çevrilmənin digər növləri sevinc doğurur. Çünki demokrat olmaq, dəyişməyi bir idarə etmə şəkli olaraq mənimsəməkdir.
İnsanlar Ərdoğanın gedərək seçkini əhəmiyyətsizləşdirən bir sistem qurduğunu görür. Müşahidə edir ki, Ərdoğan hakimiyyətini mütləqləşdirir, ailə və ətrafını zənginləşdirir, bütün medianı təsir altına alır, alternativ düşüncənin xalqa çatımı yox olur, sənət adamları, qələm adamları həbs olunur, bacarıqsız müxalifət isə oturmuş sistemin davamına yarayır, korrupsiya yarası sağalmır, təhsil modernləşmir, cəmiyyət gerilərə gedir…, beləliklə dəyişikliyin başqa yollardan gəlməsini gözləyir.
Dəyişiklik nədir? İslahatdır, tərəqqidir, inkişafdır, təkmilləşmədir, yenilikdir. Bunları istəməyən demokrat olmaz. Əgər seçki bunları təmin etmirsə, deməli seçki staqnasiyanın, durğunluğun bir başqa təminatçısıdır. Əlbəttə ki, hərbi zərbə də bunları verə bilməz, ancaq dəyişiklik istəyi elə həddə çatır ki, bu sayaq radikal cəhdlər gözə şans kimi görünür. Hər kəs görür ki, Ərdoğan rəqiblərindən güclüdür. Və eyni şərtlərdə o həmişə seçimi qazanacaqdır. Amma Türkiyə dəyişə biləcəkmi?Çünki bu, sadəcə seçimlə baş tutmur. O halda ümid seçimdən kənar yollara qalır. Seçim hər şeyi həll etmir və böyük dəyişikliklər üçün seçilənlərin öz qələbəsindən necə istifadə edəcəkləri də böyük şərtdir…
Bizim kimi mühafizəkar cəmiyyətlər bir qayda olaraq staqnasiyada oluruq. Modern cəmiyyətlər üçün dəyişiklik, islahat, yenilik bir idarə etmə şəkli ikən, bizdə dəyişiklik hər zaman bir təlatümə ehtiyac duyur. Nə qədər ki, Türkiyə Avropa yolunda idi, dəyişiklik daha asan və sıx idi, nə zaman ki, Türkiyə öz köhnə naturasına döndü, Şərqdəki siyasi staqnasiyanın digər bir modelini də o yaratdı. Mühafizəkar Şərqdə və Türkiyədə dəyişiklik o qədər “qorxulu”dur ki, o yalnız partlayışla olur. Ona görə Makiavelli deyirdi ki, “Bütün Türkiyə bir hakimə sahibdir, digər türklər ona itaət edirlər. Bu hakim səltənətini bir neçə sancaqlara bölüb, ora yerləşdirdiyi idarəçiləri də kefinə görə geri çəkə bilir və dəyişdirir. Məsələn, Fransada tərsinədir, kral çox sayda senyorların arasındadır, onların dərin irsləri vardır və bu səbəbdən, bəzən başqa səbəblə sayılır-sevirlirlər. Bu senyorları imtiyazlarından isə kral məhrum edə bilməz, ya da özünə ziyan olar. Biz bu iki tip idarəçiliyin təbiətinə diqqət etsək, anlarıq ki, türklərin hökumətini ələ keçirmək çətindir, ancaq ələ keçdikdən sonra saxlamaq çox asandır”. Bu qədər itaətsevər bir xalqın idarə edilməsi, seçkidə mandat təkrarlanması, hakimiyyətin sabit qalması çətin deyil. Ancaq, bu gün Türkiyədə iqtidar dəyişdirmək çox çətindir. Olunca da, avtomatik Ərdoğanlaşma, yəni sabitləşmiş hakimiyyət əmələ gəlir. Ona görə dəyişiklik ümidi yalnız partlayışa qalır. Və partlayış, bəzən acımasız da görünsə, kimlərəsə sevindirici gəlir.
Bu hadisədə canını itirən bütün türk insanına görə təəssüf edilməlidir. Amma, Türkiyədə korrupsiya, idarəetmə problemli olduğuna, qarşısı alına bilməyən terrora, cəhalətə söykənən ailə cinayətlərinə, küçə davalarına görə nə qədər insanlar ölür. Bunda hökumətin də məsuliyyəti vardır. Bunların bir səbəbi də bütün avtoritar hakimiyyətlər üçün ümumidir: hakimiyyətin dəyişməz olması, mütərəqqi olmaması, yetərli olmamasıdır.
Bu dəyişiklik arzusuna sahib insanlar yalnız Türkiyə düşmənlərindən ibarət deyil. Həm də Türkiyəni sevən, onu daha irəlidə görmək istəyənlər də vardır.
Darbəyi, “Ordu zərbəsini” qınayanlar haqlıdırlar, amma dəyişiklik arzu edənləri də anlamaq lazımdır.
Azad Akifoğlu