Son illərdə Türkiyədə çox ağır, mürəkkəb, əndişələr yaradan, amma tarixi əhəmiyyətli bir proses baş verib. Elə ən çox narahat olduğumuz dünyəvilik və cümhuriyyətçilik baxımından…
Türkiyədə dünyəviliyin Atatürk islahatlarından sonra asanlıqla oturuşacağını düşünmək yanlış idi. Şeyxülislamın sultanı öldürtdürüb yerinə başqasını əyləşdirdiyi bir islam xilafəti olub bu ölkə. Bu islahatlardan az qala 100 il keçmiş Əziz Nesinin olduğu mehmanxananı yandırırdılar.
Layiqlik möhtəşəm və unikal olub burada, amma həmişə təhlükədə olub. Həmişə onu silahla qoruyublar…
Ən qorxulusu o idi ki, Türkiyədə dindarların siyasi qanadı Atatürkdən bu yana arxada, gizlində təşkilatlanır və böyüyürdülər. Sağ-sol bir-birini didib zəiflədikcə onlar zərbəsiz, zədəsiz güclənirdilər (üstəlik, pullanırdılar). Bundan əvvəl də hakimiyyətə cəhd etdilər, gəldilər də, hətta hərbi çevrilişlə getdilər də, amma tamam üzdə deyildilər, tam açılmamışdılar. Yeraltı olaraq qalırdılar. Fəqət, Ərdoğanla tamamilə leqallaşdılar, açıldılar, siyasi partiyaya çevrildilər, paralel və perpendikulyar durub didişdilər, öz güclərinin kulminasiyasını yaşadılar. Bax bu, tarixi əhəmiyyəti olan bir proses idi.
Bir də özləri də istəmədən, elə özlərinin timsalında göstərdilər ki, dinin siyasətdən uzaqda durması nə qədər vacib imiş. Ərdoğan öz ziyanlı xətti ilə Atatürkün nə qədər haqlı olduğunu çox-çox sonralar sübut etmiş oldu.
Ona görə də Türkiyə və onun gələcəyi barədə düşünərkən bu prosesi nəzərə almaq lazımdır…
Bilirəm ki, son hadisələrin ardınca qardaş ölkə ilə bağlı rahatsızlığımız artıb, düşüncələrimiz gərgindir. Bir çoxları bu ölkənin taleyindən o qədər bədbin olub ki, “heyf Türkiyədən!” deməyə məcbur olur, təəssüfünü söyləyir. Oxumaq, gəzmək üçün Türkiyəyə getməməyə çağırış edənlər var hətta.
O da məlumdur ki, böyük bir kəsim Ərdoğanı sevmir bizim ölkədə. Onun dünyəvi və demokratik Türkiyəni Şərqin avtoritar islam dövlətlərinin birinə çevirəcəyi qədər bədbin olanlar var. Çoxları AKP liderini özünü qanunlardan üstün tutan, despot siyasətçi kimi qəbul edir.
Lakin bunlardan da sərt olan bir amil var. Ərdoğan həm də Azərbaycanda saxta seçkiləri, saxta seçkilərlə hakimiyyətdə qalan korrupsioner bir hakimiyyəti dəstəkləyən biridir. “Həqiqi demokrat”, “Azərbaycanı qardaş ölkə sayan” bir lider yönətimi atasından alan Ilham Əliyevin saxta seçki qələbələrini ilk təbrik edən adama çevrilib. Azərbaycan xalqının indiki hakimiyyətdən nələr çəkdiyini bütün dünya bilir, ölkə sərvətlərinin talan edilməsi, insan haqlarının pozulması bütün dünyanın gündəminə düşdü, Ərdoğan isə bu haqda susur, ölkəmizdəki avtoritar rejimin dostu və dəstəkçisi kimi çıxış etməkdə davam edir.
Bu halda öz ölkəsini düşünən azərbaycanlı Ərdoğanı sevə bilməz, elə bu da Ərdoğan yönətimi ilə Türkiyənin sabahı barədə düşüncələri bədbinləşdirən amilə çevrilir.
Lakin biz Türkiyəyə və onun gələcəyinə yalnız Ərdoğana olan münasibətimizin yaratdığı ovqatdan baxa bilmərik. Ərdoğan yönətimi müvəqqətidir və son qanlı hadisələr də Ərdoğanın eniş nöqtəsidir. Ölkəni çevriliş astanasına gətirdi – bu da böyük ləkə kimi onun üzərində qalacaq. Indiki hadisələrin istisi keçən kimi, bu rəy Türkiyə gündəmini tutacaq. Ikincisi, Ərdoğan artıq “belə edirsən ki, səni silahla devirmək istəyirlər” tənəsi ilə üz-üzədir və bu da onun bütün dəlillərini məhv edir. Onun durumunu ağırlaşdıran əsas məsələ odur ki, hərbi çevriliş edənlərin TRT-dən xalqa müraciətində deyilən səbəblərin çoxu doğru idi. Hərbi çevriliş baş tutmadı, amma düşüncə çevrilişi baş tutacaq…
Siyasi lider olaraq Ərdoğanın obrazı artıq ləkəli, zədəli və qanlıdır. Üstəlik, yuxarıda haqqında danışdığımız proses gedib – leqallaşmış siyasi islam özünün necə yanlış bir təzahür olduğunu göstərib. Indi dünyəvi siyasi qüvvələrin toparlanması ilə Türkiyə cümhuriyyətçiliyi və demokratiyası yeni və vacib mərhələyə qədəm qoymaq şansı əldə edəcək.