Təkcə məmur torpaqları yox, ölkə xalqa qaytarılmalıdır

ilham-mushavireHökumət imitasiyadan real işə keçməlidir

Nazirlər Kabinetinin sonuncu iclasında ölkə başçısı Ilham Əliyev məmurların zəbt etdiyi torpaq sahələrindən danışdı və bu adamların adının bəlli olduğunu bildirdi. Bəlkə də Ilham Əliyev bu etirafın hakimiyyətin ifşasına xidmət edəcəyini, geniş müzakirə mövzsuna çevriləcəyini bilsəydi, ümumiyyətlə, bu mövzuya toxunmazdı. Sonradan məlum oldu ki, ölkədə əkin üçün yararlı sahələrin 1.4 milyon hektarı 800 min adama, 1.2 milyon hektarı isə 20 min adam məxsudur. Təkcə bu müqayisə torpaq bölgüsünün nə qədər “ədalət”li olduğunu, kənd təsərrüfatının nə qədər “effektli” inkişaf etdirildiyini aydın göstərir.

Məmurların torpaq işğalçılığı gündəmi zəbt etdikdən sonra hökumət yeni imitasiyaya start verib. Bu məsələnin araşdırılması üçün komitə yaradılıb və qısa müddətdə zəbt olunmuş torpaqlarla bağlı qərar veriləcəyi bildirilib.

Təbii ki, bütün cəhdlər kimi bu cəhdin də nəticəsi olmayacaq və bir neçə torpaq sahəsinin istifadə verilməsilə yekunlaşacaq. Yuxarıda da qeyd etdiyimiz kimi, hökumət bu addımı məcburiyyətdən atdı və müzakirələrə son qoymaq üçün görüntü yaradır.

Məsələ burasındadır ki, bu ölkədə xalqın əlindən alınan, məmurların nəzarətinə keçən təkcə torpaq sahəsi deyil. Hökumət həqiqətən də vəziyyəti düzəltmək, şəffaflığı təmin etmək istəyirsə, başqa sahələrdəki işğalçılığa da son qoysun.

Bu ölkədə dəniz də çoxdandır ki, xalqa məxsus deyil. Iri məmurlar dəniz kənarlarını hasarlayıb, dənizə girişi pullu ediblər. Vətəndaş Allahın bəxş etdiyi dənizə tamaşa etməkdən də məhrumdur.

Bu ölkənin səhiyyəsi də xalqa məxsus deyil. Dərmanlar məmurların monopliyasında, klinikalar məmurların tabeçiliyindədir. Dövlət xəstəxanaları da vətəndaşa ödənişli əsaslarla fəaliyət göstərir. Xəstəyə pulsuz verilməli olan dərmanlar apteklərdə 10 dəfə baha qiymətə satılır.

Bu ölkədə gömrük-keçid məntəqələri də bəlli adamların tabeliyindədir və vətəndaş süründürməçiliyin, korrupsiyanın qurbanına çevrilir.

Bu ölkədə məhkəmələr də dövlətə və xalqa xidmətdən imtina edib. Qanun şahlıqdan çıxıb, şah qanun rolunu oynamağa başlayıb. Insanların taleyi sifarişli hökmlərdən, puldan asılı olub.

Bu ölkənin hüquq mühafizə orqanları cinayətkarlar arasında fərq qoya bilir. Iri korrupsionerlər səlahiyyət sahibinə çevrilib, cinayəti sübuta yetirilmiş vəzifəlilər azadlıqda gəzir.

Bu ölkənin gəzməli-görməli guşələri məmurların əsarətindədir, bütün rayonlarda gözəgəlimli yerlər zəbt olunub, məmurların iqamətgahına çevrilib.

Bəli, təkcə məmurların zəbt etdiyi torpaqların izinə düşməklə problemi həll etmək olmaz. Bütün sahələr xalqdan ayrılıb, xalq öz ölkəsində qərib kimi yaşayır və bu neqativ ənənələrin başında duranlar Ilham Əliyevin ətrafıdır.

Ona görə də hökumət problemin həllinə nail olmaq üçün ölkəboyu “zəbtetmə” əməliyyatını dayandırmalıdır.

Nəhayət, bu imitasiyadan, “gözdən pərdə asmaq” siyasətindən əl çəkmək lazımdır. Bəzəkli qurumlar yaratmaq, vətəndaşı ələ salmaqdan başqa bir şey deyil.

Samir