«Rusiyanı olimpiadaya buraxmayın»

olimpiada«Rusiyanı olimpiadaya buraxmayın». Belə bir çağırışla «The Washington Post» qəzeti baş məqaləsində çıxış edib. Məqalədə vurğulanır ki, 2014-üc il Soçi olimpiadasında rusiyalı atletlərdən heç birində dopinq tapılmayıb və onlar bütün iştirakçılardan çox – 33 medal qazanıblar. «Sən demə, reallıq başqaymış. Gizli bir sistem rusiyalıların dopinqdən istifadəsini ört-basdır edib. Üstəlik, bu mexanizmi Rusiya 2011 və 2015-ci illər yarışmalarında da sürdürüb. Bu barədə Ümumdünya Antidopinq Agentliyinin açıqladığı hesabatda deyilir… Bu sistematik aldatmaya görə Beynəlxalq Olimpiya Komitəsi Rusiyanı 2016-cı il Rio Olimpiya Oyunlarına buraxmamalıdır», – məqalədə oxuyuruq.

Hesabatda Soçi olimpiadasında atletlərin sidik analizlərinin Federal Təhlükəsizlik Xidməti (FSB) əməkdaşlarının nəzarəti altında dəyişdirilməsindən söz açılır.

«Rusiyanı Olimpiyaya buraxmamaq təklifi sərt səslənə bilər, amma Rusiya hökumətinin illər boyu dopinqlə bağlı hamını aldatması da elə beləcə səslənir. 2014-cü ilin sonunda 8 min sidik analizi məhv edilib ki, qadağan olunmuş maddələr aşkarlanmasın. Soçini Rusiyanın dirçəlişi kimi təqdim edən prezident Vladimir Putin, əslində, qaydaları pozan bir aparatın rəhbəridir. Vaxtilə KGB zabiti, daha sonra FSB direktoru olmuş cənab Putin qaydalara söykənən beynəlxalq düzənə az sayqı göstərir… Dünya da ona sərt cavab verməlidir: Bu qəbuledilməzdir».