Yaxud, Bəxtiyar Sadıqovu bəxtiyar edən rəqəmlər
Ölkə sürətlə tənəzzülə doru getsə də, hökumət “sürətli tərəqqi” təbliğatını dayandırmır. Ölkənin hər künc-bucağından böhran boylanır. Hökumət isə künc-bucaqdan boylananın inkişaf, uğur olduğunu sübut etməyə çalışır.
Bugünlərdə “Azərbaycan” qəzetində deputat Bəxtiyar Sadıqovun “Azərbaycan inamla inkişaf edir” başlıqlı məqaləsi dərc edilib. Məqaləyə nəzər salanda insanı təəssüf, məyusluq, ağrı bürüyür. Millətə vəkillik etmək iddiasında olan adamın ölkədəki problemlərdən yox, olmayan inkişafdan danışması faciədir. Bəs, bu adamlar nə vaxt millətin dərdinə şərik olacaq, nə vaxt statistik rəqəmlərdən boylanan tənəzzüldən danışacaqlar? Axı bu qədər daş ürəkli, bu qədər reallıqlara üz çevrimək olmaz.
Bəxtiyar Sadıqov məqaləsində inkişafı belə əsaslandırır: sənaye istehsalı 0,6 faiz, kənd təsərrüfatında artım 3 faizdən çox, bütövlükdə qeyri-neft sənayesi 2,4 faiz artıb. Ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub, ilin 6 ayında 78 min daimi iş yeri açılıb,ÿgömrük orqanlarından daxilolmalar plandan 17 faiz artıqdır, vergi orqanlarında yığım plandan 2 faiz çox olub, ölkə üzrə maaşlar və pensiyalar 10 faiz qaldırılıb, zərurət yarandıqda Prezidentin Ehtiyat Fondundan müxtəlif məsələlərin həlli üçün lazımi vəsait ayrılıb.
Bəli, Bəxtiyar Sadıqov bu kövrək və həqiqətə xidmət etməyən rəqəmləri uğur və inkişaf kimi təqdim edir.
Əgər yuxarıda sadalananlar inkişafın göstəricisidirsə, bəs aşağıda yazdıqlarımız nəyin göstəricisidir?
Azərbaycanın bir aylıq istehlak bazarının həcmi 4,5 milyarddan 2,9 milyard manata düşüb. 1,6 milyard manat və ya 35%-dən çox azalma əmələ gəlib. Xarici investorların ölkəyə yatırdığı vəsait 5 ayda 506 milyon dolar azalıb.ÿÜmumi Daxili Məhsulumuzun 5 aylıq həcmi üzrə azalma 8,4 milyard dollardan çox olub. Bu ilin yanvar-may aylarında əhalinin pul gəlirləri üzrə itkisi 5,5 milyard dolları üstələyib. Ilin əvvəlindən ötən dörd ay ərzində qeyri-neft sektoruna pul-sərmayə qoyuluşu dollarla ifadədə 2,1 milyard və ya 73% azalıb. May ayında Əlavə Dəyər Vergisi(ƏDV) üzrə büdcəyə daxilolmalar yanvar ayının faktiki göstəricisi ilə müqayisədə 33,4%, Mənfəət vergisi üzrə büdcəyə daxilolmalar “yanvar daxilolmaları”na nəzərən 29%, Büdcə gəlirlərinin formalaşmasında 6%-dən çox payı olan gəlir vergisi üzrə büdcəyə daxilolmalar may ayında 1-ci aya nəzərən 48%, “Digər daxilolmalar” kateqoriyası üzrə büdcəyə yığılan pul mayda yanvara nəzərən 83% azalıb. Problemli kreditlərin həcmi 30 faizdən çox artıb. Bu ay dövlət büdcəsinə daxilolmalar 680 milyon manata düşüb. Bu, yanvar ayının faktiki göstəricisindən 49,6% azdır. Dövlətin xarici borcu 25 milyarda yaxınlaşıb. Mövcud qurumların iflic vəziyyətdə olduğunu Ilham Əliyev də etiraf edir və yeni qurumlar yaradılması haqqında sərəncamlar verir. Hesablama Palatasının illik hesabatında bütün sahələrdəki korrupsiya faktları açıq göstərilib. Intiharların sayına görə dünyada ön sıralarda dururuq. Azərbaycan səhiyyəsinin şikəst vəziyyətdə olması, təhsilsizliyin tüğyan etməsi hər gün açıq şəkildə görünür. Kənd təsərrüfatına yararlı sahələrin məmurların işğalında olduğunu prezident də etiraf edir.
Bəxtiyar Sadıqov 10 faizlik maaş artımını xatırladır və bunu uğur kimi qiymətləndirir. Bəs, ərzaq məhsullarının qiymətinin 50 faiz, suyun qiymətinin 36 faiz, işığın qiymətinin 16 faiz qalxması? Maantın 100 faiz dəyər itirməsi nədir? 10 faizlik maaş artımından sonrakı qiymət artımları onu göstərdi ki, əhalinin maaşı 50 faiz azaldılıb.
Azərbaycanlı iş adamları Tükiyədə, Ukrayanda, Gürcüstanda biznes fəaliyyətinə başlayıb, imkanlı şəxslər ölkə iqtisadiyyatına sərmayə yatırmaq istəmir. Ilham Əliyev də etiraf etdi ki, 23 il ərzində hökumət nəinki elm və texnologiyanın inkşafına, hətta fındıqçılığın, baramçılığın inkişafına da töhfə verə bilməyib.
Bəxtiyar Sadıqov kənd təsərrüfatındakı 3 faizlik artımdan danışır. Reallıq isə budur ki, kənd təsərrüfatına və emal bölməsinə kredit qoyuluşu bu il may ayının sonuna qədər 427 milyon manata kimi düşüb. Halbuki, ötən il sentyabr ayının 1-nə olan məlumata görə bu göstərici 949 milyon manat olmuşdu. Azalma 55% və ya 522 milyon manata yaxındır.
Ilin sonunadək dövlət büdcəsindən səhiyyənin maliyyələşdirilməsinə ayrılmış vəsaitlərin 51% (420 milyon), təhsil xərclərinin 26% (470 milyon), sosial müdafiə və sosial təminat xərclərinin 19% (520 milyon), ümumdövlət xidmət xərclərinin 21% (635 milyon), məhkəmə hakimiyyəti, hüquq – mühafizə və prokurorluq orqanlarına ayrılmış xərclərin 22% (270 milyona yaxın) kəsirdə qalacağı gözlənilir.
Son 2 ildə məhkəmələrdə 381000 mülki iş üzrə qərar çıxarılıb ki, bunu da 270000-i kredit borcları ilə bağlıdır.
Bu rəqəmlərin artırmaq da olar. Amma sonda Bəxtiyar Sadıqova xatırlatmaq istəyirik ki, Azərbaycanda minimum əməkhaqqının 68 dollar olduğu halda, düşmən Ermənistanda minimum əməkhaqqı 115 dollardı.
Əgər 68 dollar əməkhaqqı uğur və inkişaf göstəricisidirsə, 115 dollar əməkhaqqı nəyin göstəricisidir?
Əlbəttə, hökumət komandası, o cümlədən Bəxtiyar müəllim çox bəxtiyardı. Amma bu bəxtiyarlıq vətəndaşın bədbəxtliyi fonunda mümkün olub. Bəli, inamlı inkişaf davam edir. Amma bu inkişaf xalqın həyatında yox, hökumətin cibində baş verir.
İlham