“Qanunun qulağından dartmaq çətinləşib”

xedice-musahibeBakı Ağır Cinayətlər Məhkəməsində yenə Xədicə Ismayılın işinə baxılır

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayılın müraciətinə baxılıb. Jurnalist CM-nin 192-ci (qanunsuz sahibkarlıq) maddəsilə ona verilmiş cəzanın dekriminallaşdırılmasını istəyir.

Çünki Cinayət Məcəlləsinə edilən və iyunun 1-dən qüvvəyə minən dəyişikliklə 192-ci maddənin dispozisiyası konkretləşdirilib.

Əvvəl həmin maddədə “dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərmə”dən bəhs olunurdusa, dəyişiklikdən sonra konkret göstərilib ki, söhbət vergi orqanında qeydə alınmaqdan gedir.

X.Ismayıla CM-nin 192-ci maddəsilə verilən ittihamda yazılıb ki, o, Azərbaycan Xarici Işlər Nazirliyində akkreditasiyadan keçmədən xarici mediada fəaliyyət göstərib.

Əgər qanuna edilmiş dəyişiklik vətəndaşın vəziyyətini yüngülləşdirirsə, bu halda, qanunun geriyə qüvvəsi var və tətbiq olunmalıdır.

X.Ismayılın bu barədə müraciətinə Bakı Ağır Cinayətlər Məhkəməsində bu və digər ittihamlarla onun barəsində hökm çıxarmış, Ramella Allahverdiyevanın sədrliyilə, Tamilla Nəsrullayeva və Novruz Kərimovdan ibarət hakimlər kollegiyası baxıb.

Məhkəməyə yazılı müraciətinin sonunda jurnalist “Ən xoş arzularla” ifadəsini əlavə edib. Ramella Allahverdiyeva dünənki məhkəmə iclasının əvvəlində bu məqama diqqət yetirib: “Yenə də xoş arzularla?”

Hakimin sualına jurnalist belə cavab verib: “Ramella xanım, bizim arzularımız həmişə xoşdur. Təəssüf ki, sizin niyyətləriniz xoş deyil”.

X.Ismayıl müraciətini məhkəmədə bir daha əsaslandırıb:

“Mənə qarşı həm bu, həm də digər ittihamlar onsuz da qanunsuz idi. Sizin imkanınız vardı ki, bu qanunsuz ittihamları təsdiqləməyib, barəmdə bəraət hökmü çıxarasınız. Amma eləmədiniz. Başa düşürəm ki, o vaxt sifariş elə idi. Sonradan dəyişdi və Ali Məhkəmə bunu elədi. 192-ci maddəyə gəlincə, o vaxt qanunun qulağından dartıb, oradakı boşluqdan mənə qarşı istifadə eləmişdiniz. Indi qanunun qulağından dartmaq çətinləşib. Çünki dəyişiklikdən sonra konkretləşdirilib. Xahiş edirəm, qanunun geriyə qüvvəsini tətbiq edəsiniz”.

Ötən il X.Ismayılın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən dövlət ittihamını müdafiə edən Ramazan Hadıyev Füzuli rayonuna prokuror təyin olunub. Dünənki məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror işlə kifayət qədər tanış olmadığını əsas gətirərək, araşdırma aparmaq üçün vaxt istəyib. Bu səbəbdən də məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Xatırladaq ki, X.Ismayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist 2015-ci il sentyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 179-cu (mənimsəmə və ya israf etmə), 192-ci (qanunsuz sahibkarlıq), 213-cü (vergidən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə 7 il 6 ay azadlıqdan məhrum edilib. Bu il mayın 25-də Ali Məhkəmədə mənimsəmə və vəzifədən sui-istifadə ittihamları üzrə jurnalistə bəraət verilib. Yerdə qalan 192-ci maddə üzrə 3 il, 213-cü maddə üzrə 2 il cəza verilib və CM-nin 66-cı maddəsi tətbiq edilməklə, qəti olaraq, 3 il 6 ay cəza təyin olunub. Bu cəza da şərti hesab olunub və jurnalist həbsdən buraxılıb (azadliq.org)